Sükutun harayı
Nəvələrim Mehdi və
Zahidə üçün
Ay ömrümün bağçasının gülləri,
Bacarsanız bağışlayın məni siz.
Ay ağzımın şirin-şəkər dilləri,
İndi qəmim qəlbdə olub bir dəniz.
Guya qələm söz bağında uyuyub,
Hay-küyünüz zəncir vurub qoluna.
İlham pərim iş-gücündən soyuyub,
Sədd çəkmisiz guya onun yoluna.
Mürgü basıb sözlərimi, guya siz
Söz çeşməmin "tutmusunuz" gözünü.
Nə siz varsız indi, nə şən səsiniz,
Ürək yenə susub, demir sözünü.
- Uçuldumu içində söz sarayı,
Ürək, buna nə ad verək bəs indi?
- Şahə qalxıb sükutun lal harayı,
Hünərimi alıbdır bu səs indi...
Bağışlayın, balalarım, siz Allah,
Bağışlayın mən qocanı, amandır.
Demə, mənim özümdəymiş bu günah,
Günah yumaq, həqiqətən, yamandır.
Ana
Hərdən zülmətində sənsizliyin mən
Yolumu, izimi azmışam, ana.
Hərdən də xəyalən öz məzarımı
Səninlə yanaşı qazmışam, ana.
Qəlbimin həmdəmi olub qəm-kədər,
Sənsiz hər anımı sanmışam hədər.
Qələmi əlimə alıb bir təhər,
Tək səni düşünüb yazmışam, ana.
Kimsə incimədi bircə sözündən,
Nur axdı həmişə o Ay üzündən,
Sən adlı çeşmənin nəmli gözündən
Bir damla yaş kimi sızmışam, ana.
Ömür səhra imiş
Ömür - səhra, illər - dəvə karvanı,
Son mənzilə çatmağa nə qalıbdır?
Od ələnən yollar məni - sarvanı
İlan olub neçə dəfə çalıbdır.
Yola saldım neçə qışı, yazı mən,
Sandım dəli dağ çayları çağladı.
Heç çalmadım şirin dilli sazı mən,
Çaldıqlarım ürəyimi dağladı.
Gecələrim göylərə boy vermədi,
Şaxta, boran qucağıdır gündüzüm.
Ürək arzu bəhrəsini dərmədi,
Sevincimin ocağıdır gündüzüm.
Eh, sonuncu "dəvələr" də keçəcək,
Çalınacaq səhra-ömrün "son zəngi".
Təşnə olub sutək başa çəkəcək
Əcəl - ömür səhrasının pələngi.
"Olum" varsa, "ölüm" də var, deməli,
Nəyə gərək sürünmək ta kölgətək?
Yaxşı işlər - insanlığın təməli,
Yaysın burdan öz ətrini gül-çiçək.
Sevgim
Mənim sevgim uca dağlar qarıdır,
Yüz al günəş doğsa, yenə əriməz.
Onu harda istəyirsən "dəfn elə",
Qızıl kimi saflığı var, çürüməz.
Həsrətinin əlləriylə boğulub,
Dəyirmantək sanma suyu soğulub,
Mənim kimi o, ərköyün doğulub, -
İnciyərsə, hıçqırığı kiriməz.
Öz içinə sığınıbdır əzəldən,
Özü bilir nə çəkib sən gözəldən,
Deyil yalan toy-tamaşa düzəldən,
Hay-həşiri düz-dünyanı bürüməz.
Əzabının səhrasında itsə də,
Ömrü, günü bu zülmətdə bitsə də,
Yüzü ona cənnəti vəd etsə də,
Səni qoyub başqa səmtə yeriməz.
Üz-gözündə ağararsa sənin dan,
Eşq zirvəndən çəkilərsə çən-duman,
Qartal olar Mehdi Zahid o zaman,
Teymur kimi ayağını sürüməz.
Şəki
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!