Eşq də bir tövbədir... - Ay Bəniz Əliyarın şeirləri

 

Qarışqa yuvası

 

Dolub qarışqaya evim-otağım,

Bahar çoxdan gəlib, siz gecikmisiz.

Kim sizə bir belə ixtiyar verib,

Evimin içində yuva tikmisiz?

 

Bu nə haray-həşir, eyib deyilmi?

Yenə çağrılmamış qonaq olmusuz.

Qanad çıxarmısız kəpənək kimi,

Bəlkə gəlin gedir bir qarışqa-qız?

 

Bəlkə sevgi kimi yoxdu yeriniz,

Beləmi bildirir hicran özünü?

Yenə at oynadır sürüləriniz,

Pəncərəm uzunu, pərdəm uzunu.

 

Yatmışam sizi də verib yuxuya,

Bu gecə ovcuma dolmusuz nədən?

Bir eşqi-pünhanı sevmişəm deyə,

Əlim bala batıb bəlkə bilmədən?

 

Zəlzələ həyəcanı

 

Zəlzələ oldu burda,

sanki göy guruldadı,

mən yerimdən dik atdım.

Qaçdım otağa sarı,

oğlumu qucaqladım,

qızlarımı oyatdım.

 

Gecə 12:00-du.

Qaranlıqdı çöl-bayır,

qorxu vardı, təbii.

Yoldaşım ora-bura

vurnuxurdu durmadan,

Niyə? Neyçün? Nə bilim...

 

Pəncərələr açıqdı,

amma elə görünür,

hava çatmırdı ona.

İtimizin hürüşü,

qarışmışdı həyətdə

pişik miyoltusuna.

 

Çöl qapısını açdıq,

uşaqları götürüb,

çıxdıq eşiyə sarı.

İt cumdu üstümüzə,

oğlum da qanadlandı

bala pişiyə sarı.

Bəla da belə gəlir...

Heç ummadığın vaxtda.

Sanki yer cana doyub,

qaçırdı ayaq altdan.

 

Bəzən bir sısqa ümid yaşamağa bəhanə,

O anda insan oğlu nə düşünür, görəsən?

Qızlarım yuxuludur, bilmirlər zəlzələ nə?

Sarılıb gözləyirəm balaca oğluma mən.

 

Yarpız ətri

 

Adam dağdan dərib,

Yarpız gətirib,

Dolub otağıma yarpızın ətri.

Bu sovqat dünyamı önümə sərib,

Ruhum darıxıbmış dağlardan ötrü.

 

Adam dağdan gəlib, aranda azıb,

Asan keçə bilmir dağlı huyundan.

Deyir, özüm yığıb yumuşam hazır,

Yuyulub dağdöşü bulaq suyunda.

 

Yarpız nəmənədir? Düşünər çoxu,

Ona bir bulağın öpüşü dəyib.

Otaqdan hər yerə yayılıb qoxu,

Bu otaq bir belə ətir görməyib.

 

Suyu üstündədir, hələ də bum-buz,

Nəyim var, bu hissdə köklənib, dinib.

Sanki çiçək açıb ruhumda yarpız,

Sanki barmaqlarım yarpıza dönüb.

 

Yarpız da yarpızdır, var min şəfası,

Bütün sevənlərə ülfətin qılır.

Sığmır səbətinə dağın havası,

Bir yarpız ətirli şeir yazdırır.

 

Eşq də bir tövbədir

 

Eşq şirin bir tövbə, eşq dərin bir ah,

Eşq sevən ürəkdə yanan çıraqdır.

Bu çıraq yanarsa Tanrıya pənah,

Bu çıraq sönərsə son olacaqdır.

 

Nə qədər güclüyəm, nə qədər asi,

Ürək odlayıram, ürək qırmıram.

Görəsən bu dünya yolun harası?

Ha yana getsəm də, haqqa varmıram.

 

Bəlkə cənnətliyəm, səhv düşüb yerim?

Burası cəhənnəm, qala bilmirəm.

Düşüb dizlərimə titrəyişlərim,

Əlimi üzümdən ala bilmirəm.

 

Eşq də bir tövbədir,

düşünürəm mən,

Məhəbbət olmasa dünya olarmı?

Eşq tövbə deyilsə, bəs nədir görən?

Suçdusa, onun da tövbəsi varmı?

 

Səni düşünürəm

 

Bəzən yanlış bir söz qəlbə dağ olar,

Yanılsam, deyirsən, axı... ağ olar.

Özünü nə qədər aldatmaq olar?

Səni düşünürəm, səni, yenə də...

 

Boşdu, boş bağrımın başı, sökülür,

Doluya qoyuram, daşır, tökülür.

Nəyim var, nəyim yox, qeybə çəkilir,

Səni düşünürəm, səni, yenə də...

 

Ümidin gözü yox, yumam, qapadam...

Gözlərim yenə də qalıb qapıda...

Mən bir fağır adam, mən bir saf adam,

Səni düşünürəm, səni, yenə də...

 

Daha o deyilsən! Deyilsən! Niyə?!

Könüldən bənd olmaz sınıq körpüyə.

Səni bağışlamaq çətindir deyə,

Səni düşünürəm, bu qədər bəsit...

 

***

Bir gül qopardım,

qırılan ümidlərimə hörəm,

Dağ döşünün ətrini verəcəkdi,

vermədi, vermədi.

Bir çimir yuxu yatdım,

şirin röyalar görəm,

Qaçdılar, məndən qaçdılar,

görmədim, görmədim.

 

Bir gül qopardım, oyuncağım oldu,

Bir gül qopardım, sevgim.

Bir gül qopardım, sancağım oldu,

Bir gül qopardım, evim...

Güllər mənə ev oldu, dam oldu,

Güllər belə adam oğlu adam oldu.

 

Bir gül qopardım, nəhayətimdə,

dedilər, adı şəhadətdi,

Şəhid oldum bir uca dağ başında,

hardasa anam ağlayır, anam.

Bir gülləlik ömrüm vardı, o da bitdi,

Bir də gəlsəm bu dünyaya,

Bir də,

bu güllü-çiçəkli torpağıma qurbanam.

 

***

Eşq mövsümünün çiçəkləri

tökülməyə başlayanda,

şəhərimiz qar kimi bəm-bəyaz

bir yuxuya dalırdı.

Hər şeyə rəğmən,

yuxusunda gülümsəyən

şip-şirin bir körpə kimi

dünyaya gülümsəyəcəkdi

xəyallarımız.

Qəfil bir səsə oyanırmış kimi

göy üzü gözlənilmədən çaxan şimşəyə

bir başqa qonaqpərvərlik edirdi yenə.

Bir azdan damları döyəcləyəcəkdi yağışlar.

Oğlumuzun köynəyinin boynunu qoxlayarkən,

onun körpə qoxusundan aldığımız ləzzətlə

uyuyacaqdı bu gecə də.

Hər şeyə rəğmən,

çaxan şimşəklərə,

yağacaq yağışlara inad,

könlümüzün bir olmaq istəyi

bizi bir şeirə

pərvanə etməyi bacaracaqdı.

 

***

Yenidən doğulmaq kimidi bütün sevgilər,

Beşiyin xəyallardır, laylan qoxusu.

İlk yıxılanda dizinin qanamasıdı uşaqlığı.

İlk öpüşəndə xəyalqırıqlığıdı gəncliyi,

Ağlayanda hıçqırığıdı qarşılıqsızlığı.

Gözlərini yumarsan peşmanlığa,

Kim var, kim yox, deyə...

Gözlərini açarsan,

Hər kəs bir başqa artıq.

Yenidən doğulmaq kimidi bütün sevgilər,

Yenidən doğulmaq üçün

ölümə getməkdi şair taleyi.

 

***

İndi Ağrıların şəhərindəyəm,

pəncərəmdə qəm pərdəsi,

üstümdə qüssə örtüyü...

Çəpik çalır qaranlıqlar,

nənəmin ölə bilməyən ruhu

yuxularımda gəlib,

ətəyimdə tapşırır canını...

İndi Ağrıların şəhərindəyəm,

Tanrının bir addımlığında...

Daş olmaq var imiş taleyimizdə,

ağlayan ürəyə gülərək baxmaq,

əzilən görəndə susmaq var imiş...

 

***

Bir ovuc torpaqdan yaransaq belə,

Sonucda daş olmaq qismətdə varmış.

Quru budaq kimi budanan ələ,

Solan ümidlərlə baxmaq olarmış.

 

Altında bir ömür çuxası yatan,

Bu daş taleyimiz nə verdi bizə?

Hələ azmış kimi, əl susdurmadan

Qara daşlar atdıq qismətimizə.

 

Tənhalıq yolunda daşdı ayaqlar,

Gedirsən, gedirsən varmır mənzilə.

Daş oldu öpüşsüz qalan dodaqlar,

Daş oldu o isti əllərin belə.

 

İntizar yad kimi, sevgi yad kimi,

Artıq dəbdən düşüb həsrətdə yanmaq.

Zülmətdən ucalan cansız büt kimi,

Daşı sevmək imiş sənə toxunmaq.

 

***

Heç özüm-özümlə yola getmədim,

Özümdən yan keçdi yolların çoxu.

Məni kim sevərdi, məəttəl idim,

Mən özüm-özümü sevmədim axı.

 

Məni kim sevərdi,

kim sevdi görən?

Xatirə yaddaşım toz basmış həsir.

Bu "mən"i özümdə heç sevmədim mən,

Bu "mən" özünün də sevənin gəzir.

 

Hardasa qayğısız uşaq kimiydim,

Hardasa qarımış, qartımış kimi.

Hissləri təzə-tər, gözü nəm idim,

Tikən olacaqdı uçuq qəlbimi...

 

Nə eşqdən qorxurdum, nə də qınaqdan,

Ağlaya bilirdim, gülə bilirdim.

Bir əlim yağdaydı, biri yamaqda,

Həyatı, bax elə, belə bilirdim.

 

***

Bir əski tablodan boylanan kimiyəm,

Üstüm toz, başım toz, saçlarım pırtlaşıq.

Haraylar hey məni, çağırar hey məni,

Hardasa bir ürək, hardasa bir işıq.

 

Rənglərim bulanıb, işığım azalıb,

Baxanlar gözünü bərəldər baxanda.

Bilmirlər, az qalıb,

Bilirəm, az qalıb,

Üzümə bir işıq düşəcək yaxında.

 

Fikirli ötürlər seyrimə dalanlar,

Rənglərim üzlərə irişə bilmirlər.

Ayıla bilmirəm,

yuxuda olanlar

Bir əski tablodan gərnəşə bilmirlər.

 

Tabloyam, bir ovuc rəng olsa içərəm,

İşığım oyanar, üst-başım rənglənər.

Yenidən doğmaqçün hər şeydən keçərəm,

Hər şeydən keçərəm.

Hər şeydən?! Daha nə?!

 

Bir əski tablodan boylanan kimiyəm,

Üstüm toz, başım toz, saçlarım pırtlaşıq.

Haraylar hey məni, çağırar hey məni,

Hardasa bir ürək, hardasa bir işıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!