Yeriyən gözəllik
Səsin rahatlıq,
sözün məlhəm,
sükutun oyanışdı
sənin.
Ətri bihuş edən,
duruşu zövq verən,
baxışı sövq edən
qızılgülsən.
Payızın yazı andırır,
duyanı
odun, atəşin yandırır.
Sən yeriyən gözəlliksən.
Görənin susan yeri,
tanıyanın səcdəgahısan.
Dənizsən,
dalğasan,
ləpəsən,
qayasan.
İnsan adında yaradansan,
Qadın!!!
Yaşamağa dəyərmi
Mehlər döyüb üz-gözümü telintək.
Ala gözlüm, tumar qalıb saçında?
Ayrılığın günü ayla ölçülür.
Əllərim də o illərin acında.
O günlərin hərəsi bir ömürdü.
Sənli anı bircə-bircə varaqla.
Sığalına həsrət qalan, inciyən
Gizlinləri xatirəylə soraqla.
Ver əlini, əl oxusun yaddaşı,
Barmaqların kodu heç vaxt dəyişmir.
Səp baxışı baxışımın üstünə.
Pıçıltını özgə kimsə eşitmir.
Hər şey sonda xatirəyə dönəcək.
Xoşu çoxsa, yaşamağa dəyərmiş.
Yuxular
Gecəmizə səssiz gəlib danışan
Yuxuların söylədiyin görən yox.
Səs-küyünə ayılıram min kərə
Diksinməyin acısını bilən yox.
Yuxularım rahatlığın qənimi,
Göz yumulur, beyin yenə işində.
Bir gecədə neçə doxsan saniyə
Gedib-gəlib, çələng hörür, peşində.
Mən gecələr yuxuların yolçusu.
Bilən bilir, bu yolçuluq ağırdı.
Oyanıram daş daşımış adamtək.
Kim deyir ki, yuxu rahat, fağırdı.
Yuxuladın,
Qonaq gələn yuxular
Bildiklərin eyləsək sübhədək.
Hara qaçım yuxuların əlindən?
Onlar qoşun, mən gecədə təkəm, tək.
Ölüm quyusu
Qardaş Türkiyədə baş verən zəlzələdə şəhid olanların xatirəsinə
Sükutun danışan yeri,
nitqin tutulma məqamı
və qaranlıq...
Möcüzə gözləyənlər
anın kadrını çəkirlər kirpikləriylə.
Bir-birini buraxmır əllər.
Üstünə düşən dirək
səsindən diksinməsin deyə
içinə qışqırır körpələr.
Dağıntılar altından sağ çıxan,
yoxluğa boylanıb
şükür edə bilmir Allaha.
Xarabalıq
və sonu görünməyən məzarlıq...
Bina bilmir, adam bilmir,
sorur hər şeyi ölüm quyusu.
Atasız-anasız uşaqlar qaldı,
uşaqlarsız ata-analar.
Yox oldu bağlar.
Uçqunlar altından axtarıb çıxarırlar
torpağa basdırılacaq ailələri
insanlığın fəryadı altında.
Baxışlar donur dəhşətdən.
Dünənin xatirəsi boğulur
divarlar arasında.
Can verir xəyallar yerin altında.
Niyə zəlzələlər gecələr olur sualının cavabı
susqunluq.
Varlığın ən sürətli yoxluğudu zəlzələ.
Təbiətin faciə mənzərəsi,
olanların yoxluq səhnəsi...
Yaradanın yaratdığına,
ya yaratmadığına qəzəbimi zəlzələ?!
Nifrətin püskürməsimi?
Anın faciəsidir zəlzələ,
ölümün kütləviliyi.
Sığortalanmayan həyatın yoxluğu,
müharibəsiz ölüm maşını,
dağıntının xəlvət anıdı zəlzələ.
Göz qırpımında...
Çatı minlərlə ürəkdən keçən
torpağın infarktıdı zəlzələ.
Sən indi hardasan,
hardasan, yavrum
Zəlzələdə qazıntılar altından tapılmayan körpə qızına atasının dilindən
De görüm, hardasan, hardasan yavrum?
Söylə yer altında, ya göydəmisən?
Səsin eşidilmir. Səndən xəbər yox,
Torpaqmı, səmamı apardı səni?!
O gecə üzündən öpsəydim sənin...
Çəməni, çiçəyi öpərdim... İndi
Torpağı öpürəm, daşı öpürəm.
İçimə süzülən yaşı öpürəm.
Yorğanın hardadı, yatağın harda?
O körpə qolların üşüyür indi.
Gözlərin yolumu gözləyir indi.
Bəlkə də, baxırsan, görürsən məni,
Özünə açdığın kiçik oyuqdan.
Qısılıb donursan, yəqin soyuqdan.
Sənsizlik yükünü qaldırmaq çətin,
Olanı olmaza aldırmaq çətin.
Daha səsin gəlmir, sorağın da yox,
İndi haralarda axtarım səni?
Ölüm quyusundan, dərd quyusundan?
Mənim Günəşimsən yerin altında.
Şimaldan, cənubdan doğa bilərsən...
Təzadlı fikirlər gəzir başımda.
Bəlkə də, Tanrının öz yanındasan.
Mənim gözlərimsə, dağıntı altda.
Müharibə haqqında
düşüncələr
Müharibə...
Sənin süzgəcin o qədər sıx ki
ordan ağrısız keçmək çətin.
Səni arzulayanlar:
zalımlar,
müharibəni törədənlər,
silah satanlar,
ölümdən qazananlar -
insanlığın düşmənləridi.
Müharibə
dünyanın düzənini dəyişir,
sevincləri udur.
İnsanlara güllədi müharibə.
Kiminin başından dəyir,
kiminin ürəyindən,
kiminin qolundan,
qıçından...
Hamının həyatını güllələyir müharibə.
Arzular, xəyallar, xatirələr deşik-deşik.
Yaddaşlara qan damır,
gümanlara ağrılar.
Müharibənin hər hərfindən ölüm sallanır
anbaan.
Yarıcanlıların geridə qalan
əza məzarlığıdı müharibə.
Yığıb adam düzəldirlər torpaq muzeydə.
Körpə gülüşünün oğrusudu müharibə.
Sabahın abort həkimi.
Ümidlərin dəmir qayçısıdı müharibə.
Yüz illərin qəbiristanlığını
bir ayda yapandı müharibə.
İnsanların qatili,
bəşərin faciəsidi müharibə.
Dostum şəhid mayor
Vitali Salamova
Vətəndən uzaqda, yurddan uzaqda
Dərdlərin içindən dərd böyüyürdü.
Baxıb bu yolların ağrılarına,
Arxanca gələnlər mərd böyüyürdü.
Hamının qəlbində torpaq sevgisi,
Hamının diləyi qovuşmaq idi.
Bizim heyfimizi daşlardan çıxan
Düşməni torpaqdan tez qovmaq idi.
Səbrin də tükənən, səbrin də dözən,
Bir dözüm həddi var... Günün vədəsi.
Zaman bu zamandı, müqəddəs zaman:
Birliyin, Zəfərin döyüş hədəsi.
Vətən sorağıyla gəzib dolaşan
Ruhunuz qovuşdu istəyə, kama.
Eşidib Qələbə sədalarını
Bizdən tez çatdınız doğma Ağdama.
Uyu, Vətən oğlu! Sən rahat uyu!
Sevinc özü gəlib nurlu Simaya.
Hər şey məcrasına düşür təzədən,
O ağ buludlar da dönür səmaya.
Doğma sədaları eşitdikcə sən
Üzünə təbəssüm qonacaq yenə.
Fərrux, Qaramandan duyulan səsin
Xaçın, Qabartıyla coşacaq yenə.
2020-ci ilin payızı
Sən ayrı bir payızsan.
Mərmisi istilik gətirən,
addımı səngər bitirən,
bizi yurda yetirən...
Gecəsi elan sevincli,
gündüzü Vətən səs-küylü...
ağrının yükün əridən,
günü addımtək yeridən,
dərdi atəşlə kiridən
payız.
Sən 30 ilin həsrət yazısan,
Qələbə sevdalısan.
İlin zəfər fəslisən,
sən Şuşa nəfəslisən.
Dəhşət adlı həsrət
Hər daşdan bir həsrət boylanır,
hər yarı sökük divardan bir xatirə.
Hər mərmi çalasından bir arzu.
Qırılmış ağacın yox kölgəsindən
uşaqlığım özünü asıb.
Kimsəsizlik bayquş olub ulayır
sökük evlər boyu.
Üzünü sapsarı kol-kos basmış
yolların halı yox
baş qaldırıb "Mən də yoxam!" - deməyə.
Burda nə varsa, ya ölüdü,
ya da ona tərəf sürünür...
Canlandırdıqlarım
od tutub gözümə tökülür.
Dərdin üstündə
"Dəhşət!" yazısı.
***
Nə bir vaxt elədik görüşə bilək,
Nə bir məqam oldu nələrsə deyək.
Sevinən, sevilən güman uzandı,
Zamanla məqamın tən arasında.
Səkilər, küçələr, yollar uzandı,
Uzandı səninlə mən arasında.
Çatası nə varsa külək apardı,
Boşluğu doldurmaq ümidə qaldı.
İçində diləklər yatan, dolaşan,
Sözləri bilmədik harada saldı.
Məkanlar dəyişir əhvallar təki,
Qarışıq günlərlə ötür ilimiz.
Xəbərlər gizlənir zaman içində
Boğulur arada qoşa sirrimiz.
İstəyin yolları barışan olur.
Arzular təpəni dağ edər sabah.
Qaldır qapaq adlı o pərdələri.
Baxışlar uzanır əllərdən qabaq.
Bir ömür dolaşır
içində sənin
Bir ömür dolaşır içində sənin,
Arzular didərgin, xəyal yarımçıq.
Bir ömür dolaşır içində sənin
Olana qapalı, görənə açıq.
Bu necə taledi, bu necə həyat?
Üzdə təbəssüm var, gözlərdə kədər.
Səndə xoşbəxtliyə həsəd çəkənlər
Bilirmi deyirsən: çəkdiyim hədər?
Düşmüsən taleyin cığırına sən.
Bəs bunun adını kimdi yol qoyan?
Kimlər pıçıldadı təsəlli deyib:
"Kimdir ki, ömründə sevincdən doyan?!"
Bir baxış süzülür gözündən sənin,
Bir baxış boylanır saf ürəyindən.
Kimə misqal düşər, kimə bir qucaq
Təbəssüm mələyin xoş diləyindən.
Səni özün təki varmı tanıyan?
Sözdən naxış düzən, sözü anlayan?
Sən özün-özünə gül alan qadın -
Sevincə həsrətli, sevinc paylayan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!