Tanrım, məni xatırla... - Şeirlər. Kəmalə ABİYEVA

 

Ağrı

 

Nə vaxtdır ağrılar didir qəlbimi,

onsuz da sağalmır yaralı canım.

O dərdli Urmunun suları kimi

quruyur mənim də damarda qanım...

 

İllərdi Borçalım gözü yaşlıdı,

Dərbənd həsrətində bəndə düşmüşəm.

İllərdi elə bil başım daşlıdı,

elə bil çarəsiz dərdə düşmüşəm...

 

Torpaqtək doğrayın elə məni də,

 elə paramparça yaşayım mən də.

Ağrıyla, acıyla sürünüm bir az,

yaralı canımı daşıyım mən də.

 

Göyçəyə, Vediyə çata bilməyən

ayağımı kəsin, əlimi kəsin.

Ərdəbil, Xoy deyib haray salmayan,

illərdi o susan dilimi kəsin.

 

Bir az ovutmaqçün həsrət torpağı,

Bir əlimi atın Dərəçiçəyə.

Bəlkə o dərədə dinə ağrısı

Bir gün o yerlərdə dönər çiçəyə

 

O taylı-bu taylı Vətən sözləri

varlığımı çəkir çarmıxa hələ.

Babək qalasına həsrət gözlərim

ovulub tökülsün Araza elə.

 

Səpilsin torpağın yaralarına

dözüm heykəlinə dönən ürəyim.

Atın dörd bir yana paralarımı.

bəlkə bir azacıq toxdaya bilim.

 

 

Məktəb illəri

 

Geyimimiz, hüququmuz bir idi,

Şagird idi hamımızın adı da.

Elə bil ki, boyumuz da eyniydi

Aman Allah, nə xoşbəxtdik biz onda!

 

Bir müəllim töhmətiydi dərdimiz,

Bu töhmətdən için-için yanardıq.

Hələ onda bilmirdik ki, bunu biz

Bir gün necə həsrət ilə anarıq.

 

Bu dünyada qara rəngdə bizimçün

Təkcə yazı lövhəsiydi elə bil,

Al-əlvandı ötən günlər, saatlar,

Yamyaşıldı ömrümüzə gələn il.

 

Yazılanı bir silgiylə pozmaq da

Bizim üçün nə asandı, nə asan.

Xəbərsizdik ömrümüzə biz hələ

Tanrı yazan pozulmayan yazıdan.

 

Hərdən dərsə gecikəndə bilməzdik,

Gecikməyin əzabları necədir.

Hansı dərsi danışsaydıq o saat,

Bilərdik ki, qiymətimiz neçədir.

 

Bu dünyanın bütün varı, dövləti,

Bizim üçün bir çantaya sığırdı.

Eyni yolu qət etsək də hər səhər,

Bu yollardan, sanki sevinc yağırdı.

 

Bir məktəbin binasıydı yuvamız,

Neçə evdən bir ünvana gələrdik.

Bu binanı ən möhtəşəm, ən gözəl

Saraylardan doğma, üstün bilərdik

 

Hələ onda bu dünyanın şərindən,

Yalanından xəbərimiz yox idi.

Hələ onda kədərimiz bir damcı

Hələ onda sevincimiz çox idi.

 

Hələ dünya bizim üçün nağıldı,

Min arzuyla alışardıq, yanardıq.

Özümüzü biz hamıdan ağıllı,

Özümüzü nə bəxtəvər sanardıq.

 

Geyimimiz, hüququmuz bir idi,

Şagird idi hamımızın adı da.

Elə bil ki, boyumuz da eyniydi,

Aman Allah, nə xoşbəxtdik biz onda.

Məktəb illəri

Ömrümün ən şirin,

ən təmiz günləri.

Məktəb illəri,

Hər anı bir ömrə bərabər

Qayğısız günlərim.

 

 

Bilirsənmi

 

Kim ağrıdar yerim kimi...

 

Bəhruz Niftəliyev

 

Bilirsənmi mənim kimi

            sevmək necə olur, necə?..

İçin-için sevirsən.

Sakitcə. Ölüncə.

Kimsəni şərik edə bilmirsən.

Qula dönürsən.

Gedə bilmədiyin yer olursan.

Gedə bilsəm... Getsəm...

            boşalacaq yerim. Boş qalacaq.

Yerimə kimi qoysan olmayacaq...

Bilirsənmi, Ruhum ağrıyır, gecəyə qarışır,

qaranlığa dolaşır...

aydan imdad diləyir, cismimi də sürükləyir,

darıxır əllərim, gözlərim.

Darıxır deyə bilmədiyim

eşitmək istəmədiyin sözlərim.

çırpır özünü ürəyimin divarlarına.

əks sədası dolur qulaqlarıma.

Uğuldayır kafam,

elə bil minaya düşmüşəm kontuziyalıyam.

Adımı da, kimliyimi də unuduram.

Bilirsənmi, bu necə əzabdı, necə ağırdır?

Yaralı ruhum necə ağrıyır,

bilirsənmi yaralar necə ağlayır...

Sevməkdən...

Ötəsimi var? Hə, bir də ayrılıq var.

Bilirsənmi, necə olur

            geri dönüşü olmayan ayrılıqlar?

Onsuz gedəsiyəm mən geri dönmədən,

Amma sən məni itirmədən,

            mən səni itirmədən...

Heyf... bilməyəcəm kim oxşayacaq

            sevgimi sənin kimi.

Kimi oxşayacaqsan mənim kimi...

Bir də... bir də blirsənmi

            "kim ağrıdar yerim kimi"...

 

Tanrım, məni xatırla

 

Məni xatırla hərdən, Tanrım, bir sor necəsən,

Ürək bu sözə acdı... həyatımsa möhtacdı...

Sevginin günahı var, sevməyinsə cəzası

Bilmədim...

Nə qədər sevdim olmadı,

bir azca sevincə yetmədi.

Məhv oldum dəyərsizliyində.

Qurbana döndüm

özümü qurban verdiyimin sevgisizliyində.

Doğradı uf demədən...

Məni xatırla hərdən,

Tanrım, məni xatırla.

Bəlkə mən ən xoş bəxtəm,

            bəlkə də ən bəd bəxtəm.

Bəlkə fəsil kimiyəm,

Qışam, yayam, ya yazam bəlkə elə payızam?

Tanrım,

Bir bax necəyəm? Kiməm nəyəm nəçiyəm?

Bəlkə bir kimsəsizəm, ya ay-ulduzsuz gecə?

Bəlkə izsiz bir küçə? Ya qapısı bağlı bir ev...

Məni xatırla, Tanrım, nolar bir azca da sev.

Məni xatırla hərdən, mən də bilim necəsən...

 

 

Şəhid anası

 

Başını köksümə qoymaq istərəm,

qorxuram, incidəm, incidəm səni.

Duyub qəlbimdəki giley-güzarı

bağışlamayasan qorxuram məni.

 

Başımı köksünə qoymaq istərəm,

qorxuram kiçilim, xırdalanım mən.

Duyub qəlbindəki ağrılarını

özüm öz gözümdən düşə bilərəm.

 

Təsəlli etməyə söz də tapmıram,

dilimdən asılır sözüm utanır.

Baxışım hər yanı dolansa belə

üzünə baxmağa gözüm utanır.

 

Ayların, illərin, ömrün paralı,

 mən o paraları tikə bilmərəm.

Övlad həsrətinə hörülmüsən sən,

səni bu həsrətdən sökə bilmərəm.

 

Önündə yalandan nə söyləyim ki?

bilirəm sağalmaz bala yarası.

Bircə həqiqət var - məğrur duruşun

yaşadır bu yurdu şəhid anası.

 

Boynubükük olsan bircə an əgər,

bu doğma torpaq da boynunu bükər.

Gözündən bir damla yaş düşsə belə

Qarabağ özü də göz yaşı tökər.

 

Ruhu rahat olmaz igidlərimin

sızlasa ürəyin şəhid anası.

Torpağa can verən şəhidlərimin

sızlayar yenə də vətən yarası.

 

Bu torpaq hamıya ana deyil ki,

namərdin, qorxağın vətəni olmur.

Hər qadın sənin tək igid böyütmür,

hər ana bətnindən şəhid doğulmur.

 

Ağlama gözünün yaşını sil sən

Sənin göz yaşında Vətən boğular.

Ay müqəddəs qadın sənin bətnindən

oğul doğulmayıb Vətən doğulub.

 

 

İşıq

 

Sənin küçəndən keçərdim, darıxardım,

pəncərənə baxardım.

İşığın yananda sevinərdim işığın yanır deyə

həm də kədərlənərdim mənsiz yanan işığa.

Sənin küçəndən keçərdim, darıxardım,

pəncərənə baxardım

İşığın yanmayanda sevinərdim -

mənsiz yanmır deyə,

həm də kədərlənərdim yanmayan işığa.

 

 

Unutmadın

 

Heç bildinmi səndən sonra nələr oldu,

nəyin vardısa unutdun məndə qaldı.

Bircə unutmadın xoşbəxtliyimi,

təkcə onu özün ilə apardın...

 

 

Soruşmayın

 

Soruşmayın halımı, soruşmayın necəyəm,

Daha bir az fərqliyəm əvvəlkitək deyiləm.

bir az gecə kimiyəm, bir az gündüz kimiyəm.

ömrümü tüstülədən sönməyən köz kimiyəm.

Baxışları didərgin yurdsuz bir göz kimiyəm.

 

Daha hər şey fərqlidi, əvvəlkitək deyil ki...

Dəniz də həmin deyil, dərdlidi elə bil ki.

Göylər də həmin deyil, buludlar da həminki

Mən də bir az başqayam,

            mən də bir az fərqliyəm.

 

Soruşmayın halımı, soruşmayın necəyəm

Ürəyimə gömülən söz kimiyəm bir az da.

Bəlkələr ovutmayan, təsəllisi olmayan,

ümidi tapılmayan döz kimiyəm bir az da.

 

 

Birdəfəlik get

 

Niyə birdəfəlik getmədin ki sən?

Gah gecəmə gəldin, gah gündüzümə.

Hərdən saçlarıma toxundu əlin,

hərdən gözlərimə, hərdən üzümə.

 

Niyə birdəfəlik getmədin ki, sən,

niyə əl çəkmədin yanaqlarımdan.

Mən imdad dilədim nə qədər sözdən

adın ayrılmadı dodaqlarımdan...

 

Bir az buludlara yığışıb qaldın,

Bir az küləklərə qarışıb qaldın.

Səni nəfəs kimi çəkdim içimə,

elə ürəyimə sıxışıb qaldın.

 

Ağrılı günləri ovutmaq üçün

Hərdən ümid oldun, hərdən təsəlli.

Səni birdəfəlik unutmaq üçün

Hərdən ümid oldum, hərdən təsəlli.

 

Niyə birdəfəlik getmədin ki, sən?

hər anın, saatın yolunu kəsdin.

Ən gözəl günləri apardın, nədən,

qalan günlərimə qənim kəsildin.

 

Niyə birdəfəlik getmirsən ki, sən?

Səndən qalan nə var daşımaq olmur.

Anladın sonunda gedə bilmirsən,

bilirsən yarıcan yaşamaq olmur.

 

 

Kaş

 

Gecələr cəsus kimi

Yuxumun dalınca gəzirəm.

Adlayıb ayları, illəri,

Oyadıb uyuyan xatirələri

Kimlərlə görüşür, nələr bölüşür bilirəm.

Hərdən ağlayıram, hərdən gülürəm,

Gah xoşbəxt, gah da ki bədbəxt oluram...

səhərə kimi onunla dolanıram.

Hər səhər bir arzuyla ayrılıram ondan

kaş

bir azca mənə bənzəyəydi,

yuxum da məni izləyəydi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!