Sən adlı zamandayam mən
Hardasan?
Ruhumda səksəkələr var,
Yenə də can evim mənə dar gəlir.
Sormasam gözümdə dünya qaralar,
Fəqət, soruşmaq da mənə ar gəlir.
Nifrin yağdırıram bu susqunluğa,
Dağ dinsin, daş dinsin, bitsin bu sükut.
Nə ki, qayğılar var - qoy bir kənara,
Nə vacib işlərin varsa da unut...
İnan bugünəcən inanmadığın
Qiyamət gününün dönəcəyinə.
Bir göz qırpımında Ayın, Günəşin,
Ən parlaq ulduzun sönəcəyinə.
Hardasan?
Hardayam?
Haralardayıq?
Bircə meh əsimi cavabın gəlsin.
Dirilik suyutək çəkim başıma,
Ömrümə-günümə savabın gəlsin.
Səndən soraq verib, xəbər gətirən
Min məna gəzirəm hər sarı simdə.
Biləydim, biləydim kimdə itirib,
Kimdə arayırsan sən məni, kimdə?
Hardasan,
Ruhumda səksəkələr var,
Hardasan? Sən mənə səs ver, nəfəs ver!
Dəli qasırğaya, oda, alova,
Tufana dönməyə yeni həvəs ver.
Al yenə əlimdən olan ağlımı,
Al yenə əlimdən azadlığımı;
Mənə özün boyda yeni qəfəs ver.
Bilim ki, ürəyin mənlə döyünür,
Bilim zülmün altda, amandayam mən.
Nə yerim yerdədi, nə göyüm göydə,
Yenə də sən adlı zamandayam mən.
Qaçqın
Qaçıram ən yaxın xatirələrdən,
Yaddaşım izləyir hər addımımı.
Qorxuram sevdiyim sözlə üzləşəm,
Sevdiyim adamlar çəkə adımı.
Xatirə boylanır cığırdan-izdən,
Dolub xatirəylə ev-eşik tamam.
Adlaya bilmirəm,
Xatirələrlə
Yaman minalanıb yollarım, yaman...
Biləydin nə qədər təhlükəlidir
İndi dörd yanıma göz gəzdirməyim.
Qaçıram bir zaman sevdiklərimdən,
İlahi, puç olub gedir əməyim.
Kiminsə qoyduğu sonuncu hədd yox,
Kimsə istəyəsi elə sənəd yox!..
Qaçıram,
Önümdə sərhəd yox, sədd yox,
Qaçıram ən yaxın xatirələrdən.
Qaçıram,
Axırı nə ola-ola…
Mən öz qıfılıma düşməz açaram.
Heç kəsə qıymaram, mən keçən yollar
O yerə çıxır ki, ordan qaçağam.
***
Biz iki davakar uşaq kimiyik,
Heç nə könlümüzcə deyil dünyada.
Hər qədəmbaşında bizə dar gəlir
Dünya dediyimiz bu qərib ada.
Heç nə könlümüzcə deyil dünyada,
Mən səndən gileyli, sən məndən incik.
- Birinci sən küsdün...
- Sən atdın ilkin...
Bizi yolda qoydu bu birincilik.
Tale yollarıdı, gedir irəli,
Gərək inciməyək bir-birimizdən
Dünyanın biz görən kəsirlərini
Düzəltmək gəlmirsə əllərimizdən.
***
Siz bizə balaca bir ada verin,
Lap elə ufacıq, bir oda verin;
Yenə böyüyəcək, yenə artacaq,
Dövlət olacayıq,
Xalq olacayıq.
Yepyeni bir bəhər, bar olacayıq.
Yenə də gözünüz bizdə qalacaq,
Yenə də, yenə də var olacayıq.
Çünki üstümüzdə Allah nəzəri,
Tanrı sevgisi var ilkdən, əzəldən.
Cənnətlər bəsləyən ürək kimiyik,
Halallıq süsləyən çörək kimiyik.
Üstə gül qoxulu ayə yazılan
Ağappaq, bəmbəyaz vərəq kimiyik.
Siz bizə balaca bir ada verin,
Lap elə ufacıq bir oda verin.
Sonra səbrinizi basıb gözləyin,
Yenidən, yenidən sınayın bizi.
Görün ki, daş üstə göyərib bitən,
Nə ki, istəyi var halallıq ötən,
İrfanla, insafla kamala yetən
Sevimli bir yurddu yenə bu Vətən.
Balaca, balaca bir ada verin,
Ufacıq, yosmacıq bir oda verin;
Biz onun uğrunda tarana gedək,
Onu ölkə edək, onu yurd edək.
Haqqı tanımağı niyət eləyin...
Görün ki, Tanrıdan gələnlərik biz,
Yurdu yurd eyləyən ərənlərik biz...
Yenə qarşımızda səcdəyə durub,
Və dönüb yenidən bitət eləyin!..
Üzünü görüncə mən bu dünyanın
Ərk yerim çox idi ərk eyləyincə,
Utandım səhvimi dərk eyləyincə.
Mən ki, bu dünyanı tərk eyləyincə
Gedib o dünyanı görüb qayıtdım.
Düzüydü, səhviydi - bu yolu getdim,
Qəlbimi düzlüyə su yolu etdim.
Qərib durna yolu, qu yolu etdim,
Gedib o dünyanı görüb qayıtdım.
Çəkdim hesabını hər ötən anın,
Gördüm uduzmuşam... daha nə danım...
Üzünü görüncə mən bu dünyanın
Gedib o dünyanı görüb qayıtdım.
Geriyə dönməyib neyləyəcəkdim?
Qayıtdım, bir özgə yolum yoxuydu.
Kimi öz yolundan eyləyəcəkdim?-
Yağışım, leysanım, dolum yoxuydu...
Uddum bu nahaqqı, ölümüm haqdı,
Gözümdə təəssüf şimşəyi çaxdı...
Yumruq vurmaq üçün çevrilib baxdım,
Qələmə dönmüşdü, qolum yoxuydu...
Nədən qorxuramsa
Nədən qorxuramsa - yol yoldaşımdı,
Nədən çəkinirəm - məndə yaşayır.
Məsələn, nəfəsim, məsələn, canım -
Hərəsi bir məzhəb, dində yaşayır.
Birinə doğmayam, mininə yadam,
Bir doğma imzayam, bir qərib adam.
Tanrı elə çaşıb, bilmir ki, adam
Kimdə unudulub, kimdə yaşayır...
Bu qatar o qatar deyil
Baba Vəziroğlunun
eyniadlı hekayəsini oxuyarkən
Bu qatar o qatar olaydı, ey kaş,
Götürüb gələydi ötən anları.
Yenidən-yenidən, bir də yenidən
Dönəydi könlümün həyəcanları.
Gəlirmi?
Gəlirmi? - sual budur, bu,
Fikirlər min yana paralanıbdı.
Vaqonlar elə bil relslərin üstə
Təsbeh dənəsitək sıralanıbdı.
Necə də qorxuram indi, ilahi,
Adımı unudub o kəs indicə
"Bu qatar o qatar deyil, ay adam"
Söyləyib yanımdan rahatca keçə…
Güzgü
Baxdığın güzgünü saldın, qırıldı,
Təəssüf oxudum üzündə sənin.
Nə yaman dayandın halsız, pərişan? -
Belə bilməz idim dözümdə səni.
O sınıq güzgünün bir parasını
Özünlə götürdün bilmirəm nəsə.
Arada gördüm ki, xəlvətə salıb
O sınıq güzgüylə güzgülənirsən.
…Mələyə döndərdi, yenə mələyə
Gözümdə o sığal, o düzgü səni.
Yüz yerdən,
Min yerdən sınsa da, yenə
Bütöv göstərirdi o güzgü səni.
Sən gəlincə
Oldu yol soruşan, kibrit istəyən,
Səni gözləyincə gör ki, neylədim.
Zənbili güc ilə çəkib aparan
Bir qoca qarıya kömək eylədim.
Çəkildim metronun bir kənarına,
Könlə toxunmadım, qəlbə dəymədim.
Səndən bir nişanə aparan qızın
Şəklini gözümdə bir az əylədim.
Çəkdim xəyalımda dağı arana,
Ötən duyğularım oyandı, gülüm.
Bir uşaq əlindən düşən oyuncaq
Toxunub qoluma dayandı, gülüm.
Hər kəs öz könlüncə təşəkkür etdi,
Hər kəsin bir özgə cavabı oldu.
Qəm etmə, görüşə gecikməyinin
Elə özünün də savabı oldu…
Mən bilmirəm ki...
Belə zalımlığın üstə adamı
Kəsərlər, doğrarlar, qəsd eyləyərlər.
Yığıb hər duyğudan bir tikəsini
Xonça bağlayarlar, dəst eyləyərlər.
Başından alarlar əqli-sərini,
Üstünə tökərlər ölüm şərini,
Sonra da diz çöküb, qədəmlərini
Öpərlər, öpərlər, məst eyləyərlər.
Gedirəm, qar-yağış, çən bilmirəm ki…
Enir saçlarıma dən, bilmirəm ki…
Bəlkə yanıb yazdım, mən bilmirəm ki
Belə zalımlıqla bəs neyləyərlər?!
Mənim istəyimcə
İlahi, şahid dur Sən tərəfimdən,
Nahaqdan başlayıb sınağı yarın.
Elə əlac göstər, elə nəzər qıl
Məni öldürməsin qınağı yarın.
Ömür hər məqamda bir cür şirindi,
Nəzər qılmamışıq vaxtın dərsinə.
Mən İsa peyğəmbər kimiyəm indi,
O bir dar ağacı... Ya da tərsinə!
İlahi, hər dərdi bilən təbibsən,
Mənim istəyimcə bir həbin olsun.
O qız öz dərdini öz adı ilə
Ağlaya bilməyir, öldür Sən məni,
Öldür, ağlamağa səbəbi olsun...
Olmayıb sevgidə vəfasızlığım,
Allahım, Sən mənə dözüm yazarsan.
Mənim könlümcədi mənim yazdığım,
Məndən yaxşısını özün yazarsan.
Sənsən
"Gözlərim yollara çəkdi şəklini",
Gələn də sən idin, gedən də sən, sən...
Ruhumda taxt qurub, "hardasan?" - deyə
Mənə giley-güzar edən də sənsən.
Əl telə pərdədi, tel ələ pərdə,
Salmısan Kərəmin düşdüyü dərdə,
Di məni qoy ölüm öldüyüm yerdə,
Sağ yer qalıbdısa bədəndə - sənsən.
Var olsun bu gözəl növrağın barı,
Dərədə dumanı, zirvədə qarı…
Baş alıb gedirəm Tanrıya sarı -
Atdığım mübarək qədəmdə sənsən.
Gəl aç bu qapını
Mən ki, bir qıfıllı qapı kimiyəm,
Təkcə sən bilirsən dilimi mənim.
Morzo əlifbası kimi ovcuna
Yığıbsan ayımı, ilimi mənim.
Hər əlin açarı ruhuma düşməz,
Qəsrdi, qaladı bu çağım indi.
Ay səni... yenə də fikrə getmisən,
Gəl aç bu müşgülü, qoçağım, indi...
Gəl aç bu qapını, yaxşılıq eylə,
Köməyə bir gözəl əli gərəkdi...
Ağıl dəryasında batan dünyamı
Xilas eləməyə dəli gərəkdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!