Mənim ümidimin rəngi qaradır... - Şeirlər. Bəhram BİLALOĞLU

 

 

Mənim ümidimin rəngi qaradır -

Ağ da olmadı ki eşqə bələsin.

Vəsfimə sığınan ümidlərdi ki -

Boyu da çatmadı, göydən ələsin.

 

Zülmətin qaranlıq sabahlarına-

Od vuran alovlu sevgilər yağdı.

Gözümə görünən qara ümidlər -

Mən hardan biləydim, rəngləri ağdı.

 

Təbəssüm üzümə qonandan bəri -

Qırışlar alnıma heç yaraşmadı.

Ömrümün yoludur incə qırışlar -

Açılmır sirr kimi, ürək daşıdı.

 

 

***

Qəlbində Allahın möhürün gördüm -

Çatmısan imana, təqvadasan sən.

Peyğəmbər nəslinə ehtiram etdin -

Çatdırdı ehtiram, əqvadasan sən.

 

Şəffaf şüşə kimi, qarşımda idin -

Baxırdım o zaman bəsirətimlə.

Hərdən duyğuların, tir-tir əsirdi -

Yazırdım ey insan, bəsirətimlə.

 

Neçə gözəlliyi tərənnüm edən -

Zamana sığmayan, arzunu duydum.

İçimdə yaşadım, mən də anbaan -

Yaşanan anların fərzini duydum.

 

Bir karvan yolunda gedirdik birgə -

Baxışlar dünyaya fərqlidi fərqli.

Gözlərin baxdığı məkan biz idik -

Baxan o gözlər də yad sandı əqli.

 

 

***

Göy üzünün yeddi qatı -

Hər bir qatın öz üzü var.

Qatlandıqca o qatların -

Yerə baxan göz izi var.

 

Məskən salıb mələkləri -

Qaranlıqlar içrə gəlir.

Təhvil-təslim etmək üçün -

Yerin üstə, çöhrə gəlir.

 

Düşməz tərsə əksin gedər -

Fırlanar düz xətti seçər.

Fələk sayar saydığını -

Bəhram eşqin suyun içər.

 

Axar göyün yaşı göydən -

Silər Tanrı onu yerdən.

Acısını çəkər, bilməz -

Çəkən yerə, yağar hərdən.

 

***

Enmə özgədən özünə -

Yıxılan özün olarsan.

Kökü üstündə dayanan -

Yadlara bir ün olarsan.

 

Nöqtədir durduğun bu yer -

Daha hamı burda durur.

Bənzəmə hər ötənlərə -

Qonaq özü yurdda durur.

 

Mənzilinə yetişmisən -

Son dönüşün, izi qalıb.

Geri baxma, ay insafsız -

Unutmusan, gözü qalıb.

 

 

***

Gecəni yarıya böl -

Yarısında yatım mən.

Şirin yuxum qayıtsın -

Yarısını atım mən.

 

O bir gecə sehrini -

Qatım səhər, axşama.

Büküm qoyum cibimə -

Saxlayım bir şux cana.

 

Gündüzləri boyayım -

Suyu səpim torpağa.

İçimdən çıxan mələk -

Qarışsın sehrə, ağa.

 

Bölünsün tən yarıya -

Yuxumdakı yuxular.

Eşq ətrinə bürünsün -

İçimdəki axınlar.

 

 

***

Sinəm körpü olsun, sən də keçəni -

Boylan o körpüdən, qəlbimə sarı.

Köçür ağ vərəqə, çək e şəklini -

Qalmasın zülmətdə, zülmətin yarı.

 

Yuyuram hər səhər ibadətimlə -

Dərgaha üz tutur, haqqa çatıram.

Yolunda qüssəni, dərdi tökərək -

Dünyanı yad sanır, varın atıram.

 

Neçə ayrılıqlar burda başlayır -

Oxunur ürəyin naləsi, ahı.

Sevgiyə yer verən, qədrin bilməyən -

Yıxılır nifrətə, tapır günahı.

 

Pulsuz kitablardır, insanlar qəlbi -

Oxuyun,əzməyin heç bir vərəqin.

İlahi yazdığı kitablardı ki -

Pozulmaz əbədi, göz görər yəqin.

 

 

***

Gəzdiyim bu məkan tanışdır mənə -

İlləri həsr edib, yenə dönmüşəm.

Mərtəbə-mərtəbə, dırmaşan gələn -

Könüllü olanla, dinə dönmüşəm.

 

Yolunu izləyən yolundan çıxan -

Neçə adamları dəfn eyləmişəm.

Ruhumu sevəni, dinləyənləri -

Ömürlük həyata kəbn eyləmişəm.

 

Çoxu anlamadan düz gedib asi -

Sənsə bilərəkdən, səhvi etmisən.

Baxmadan fırlanıb gözlər əksinə -

Gözlərin önündə vəsfi etmisən.

 

Ayrılıb yolların ayrıcı səndə -

Açmısan hər kəsə qəlbin dəftərin.

Hıçqırıq verəndə düşünmüsən ki -

O yox e, bu imiş nikbin dəftərin.

 

 

***

Eşqin minbərində -

Azan səsiyəm -

Səsi duymayana -

Yadam, asiyəm.

 

Allahdan gəlmişəm -

Qayıdışım var.

Dünyanı sevmirəm -

Olur, mənə dar.

 

Axtarma eşqimi -

Məkanı mənəm.

Yolunda yaşayan -

Çarəsiz sənəm.

 

Eşqin minbərində -

Göyərçinə bax -

Baxır insanlara -

Çəkir dərin ah.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!