Hər şey hədərmiş -
bu gün də, bu həftə də,
bu şerin sonluğuna
bir azdan qoyacağım nöqtə də.
Bu siqarın tüstüsü,
bu qapının cəftəsi,
bu divarın güzgüsü, bu çiçəyin ətri də;
o çərtdiyin qələmin,
o yortduğun dəftərin
əyri-üyrü cizgisi, qara-qura xətti də -
hər şey,
hər şey hədərmiş...
Ən qısa şeir də,
ən uzun nəsr də,
ən yorucu şəhər də,
ən üzücü fəsil də bitərmiş.
Yetərmiş -
gec-tez sona yetərmiş
min birinci gecə də,
min ikinci küçə də;
yorulduğun o döngə,
burulduğun bu tin də,
oturduğun o kətil, yatdığın bu mitil də...
Heç bir fərqi yoxmuş
gecin, ya tezin;
heç bir sirri yoxmuş
gedər-gəlməzin -
gedənlər
bir daha gəlməzmiş geri,
gələnlər gedərmiş...
hər şey hədərmiş.
Sevgi dedikləri
bir qara həvəsmiş, bir qara qanmış;
Ömür dedikləri
bir quru nəfəsmiş, bir quru canmış -
o da buracanmış, bura qədərmiş...
hər şey hədərmiş.
İtərmiş
hər şeyin mənası,
Kədərmiş
əvvəli, sonrası.
Günü günə calasan da
gün çatmayan ötən günlər,
əl çatmayan,
ün yetməyən
bütün aylar, bütün illər
unudulub gedərmiş...
hər şey hədərmiş.
Hər şey alın yazısı,
hər şey qədərmiş -
keçdiyin yol
seçdiyin yol deyilmiş;
seçdiyin yol
keçdiyindən betərmiş -
hər şey,
hər şey hədərmiş...
***
Hədər olmayan
yalnız bircə sözdü, bircə sətirdi -
o da nə yazılmış, oxunmuş nə də;
Qalan hər şey hədərdi -
son nöqtənin önündəki bu misra,
bu misranın sonundakı nöqtə də!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!