Əli Şirin Şükürlü - Ədəbi suprematizm: 0 = 1

şeir-esse

 

- Niyə öldürmürsən məni? Sən ki qatilimsən mənim.

- Ölünü necə öldürüm, sən ki çoxdan ölmüsən.

 

Pilləkənin yanında tələsik ayrıldı onunla       

dümağ libasa bürünmüş pirani qoca - ağappaq

saqqalı vardı. Əlini əlindən üzüb əvvəlcə ağ çiçəyə   

döndü bir gül kolunun üstündə, sonra kəpənək

uçuşuyla qeybə çəkildi.

 

Oyanıb çarpayının qırağında oturdu Vahid (1).

Sanki yuxudan yox, gerçəklikdən oyanmışdı O (Vahid).

Yuxu indi gördükləri idi elə bil.   

Düşüncədən məhrum idi, yox idi O, var ola-ola,

həm də var idi axı deyəsən yox ola-ola.

Gözü pəncərəyə sataşdı; hər iki tərəfində gerçəklik.

 

Yuxu - pəncərə şüşəsi, gah bu, gah o üzündəsən:

bir tərəfi divar sərhədlər, bir tərəfi sonsuzluq.

Pəncərə önündəki gül kolu bu məyusluğuyla

nə düşünür görəsən    

varlıqla yoxluğun itən sərhəddində?

 

1

 

0 = 1. Sevir bu bərabərliyin fəlsəfəsini, riyazi

qaydanın harda pozulduğunun fərqinə varmaz:

bir ədədinin sıfır üstlü qüvvəti vahid: 10 = 1;

bir ədədinin bir üstlü qüvvəti də: 11 = 1.

bu iki bərabərlikdən 10 = 11, bu uyğunluqdansa

0 = 1 alınar. Yoxluq varlığa, varlıq yoxluğa dönər.

Varlıqla yoxluğun itər sərhəddi.

 

0

 

Yoxluq da varlıqdı elə, 

nəyinsə dəyişilmiş forması olsa da belə.

Məsələn, sıfır. Sıfır dərəcəli temperatur - 

yoxluqdan deyil, varlıqdan xəbər verər,

elə mənfi dərəcəli də;

üşüdər adamı, elə üşüdər, hiss edərsən

şaxtalı havanı vücudunda,

hiss edərsən varlığını yoxluqda, yoxluğu varlığında.

Varlıqla yoxluğun itər sərhəddi,

var olar hər şey yoxluqdan o yanda belə.       

 

Sıfır - varlıqla yoxluğun görüş nöqtəsi -

iki sonsuzluğun vida nöqtəsi; üzü aşağı mənfi,

üzü yuxarı müsbət sonsuzluq - üst-üstə düşərlər

simmetrik olduqlarından - varlıqla yoxluğun

itər sərhəddi.

 

1

 

Zavalı ilk nəğməsiylə gələn qu quşunun

ölümü nəğməylə başlayıb, nəğməsi ölümlə

bitər. İlk nəğməsi elə son nəğməsi olar -

doğumla ölümün itər sərhəddi.

 

Görərsən dərin bir zəkadan doğan elmi kəşf

ölüm kabusuna, ölümçün yaranan silah

ləyaqət rəmzinə dönər -

olumla ölümün itər sərhəddi.

 

Zir-zibil vurğunu milçəklər şirəyə də gələr,

qonub zərif dərinin üstünə misilsiz bir

gözəlin qanını sorar.

Nifrətdən deyil, sevgidən sancar bal arıları,

nifrətdən yox, sevgidən ölər arılar.

 

Sevgi bitən yerdə nifrət, nifrət bitən yerdə

sevgi başlayar bəzən. Bəzənsə sevgidə nifrət,

nifrətdə sevgi cücərər asta-asta, həzin-həzin...

sevgi ilə nifrətin itər sərhəddi.

 

Sular da torpağın üstü ilə axar. Nə qədər saf,

nə qədər təmiz olsa da yenə torpağa

söykənər, torpaqda bitər. Nə qədər dərin

olsa da çaylar dibi lil, palçıq olar;

islanmış torpaq şəklində -

saflıq çirkaba çevrilər, itər gözəlliyin sərhəddi

 

0

 

Hər iki gözünün kənarında halqa şəklində

qara xalları olan ağ rəngli dovşan balası

gətirmişdi o gün rayondan gələn bacısı oğlu.

O dovşan balasının azadlığı bahasına kimsə

bir neçə manat qazanmışdı Bakı-Salyan şosesində.

Ayrılıqlardan yazdığı zaman

ağappaq masanın üstünə düşən bir damcı      

dumduru göz yaşının sarımtıl dairə şəkilində

masaya hopduğunu xatırlamışdı Vahid.

 

"Vətənin şəklini çək" - dünən axşam deyəndə

oğluna yaşadığı evin şəklini çəkirdi uşaq

həyəti bağ-bağatlı.

Vətən nədir ki? - sərhədləri cızılmış   

bir neçə... kvadrat metr torpaq sahəsi, əgər

adı çəkiləndə evinin, qəbrinin, sevginin, nifrətin,

həsrətin... şəklini çəkə bilmirsənsə.

 

"Ah vətən, vətən!" - deyərdi qonşu kənddə

ərdə olan bibisi hər dəfə doğulduğu kəndə

girdiyi zaman. Qürbətə getdim, - söyləyəndə

təəccüblənərdi o vaxtlar Vahid. Qadınçın

doğma kəndin sərhəddində bitərdi vətən, - sonralar

xatırlayardı, - bibinin bir kəndlik vətən

həsrətində itərdi bütün sərhədlər. Hər evdə,

hər kənddə, hər şəhərdə bitib, hər evdən, hər

kənddən, hər şəhərdən başlamalıdır əslində vətən, -

düşünür Vahid, - başlayıb bitməməlidir, bitməməlidir sonsuzluqda

belə insanın sevgisi, nifrəti, həsrəti kimi...

 

0 = 1

 

Yenidən yuxu aparmışdı Vahidi: yer göyə, göy

yerə qarışır, torpaq suların altında qalır,

olum ölümə, ölüm oluma, sevgi nifrətə, nifrət

sevgiyə dönür, ağ qara, qara ağ olur.

Uçur, uçur, elə hey uçur hər şey kəpənək

uçuşuyla ağappaq çiçək şəklində - varlıqla yoxluğun

itir sərhəddi.

 

Qalxıb çarpayıdan əvvəlcə divara söykəndi Vahid,

sonra yavaş-yavaş pəncərəyə yaxınlaşıb

üzünü şüşəyə söykədi. Sonra açıb pəncərəni

götürdü aradan sərhəddi. Sonra üz-üzə

qaldı O, pəncərə önündəki gül koluyla

varlıqla yoxluğun itən sərhəddində.

 

02.03 2010-05.04.2023


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!