Şeirlər - Rəşad Nağı MUSTAFA

 Günel

Yenə sizin küçəni qarış-qarış gəzmişəm,

Deməli, 13 ağac, 6 işıq dirəyi,

                        bir neçə yiyəsiz it.

Ağaca söykənmişəm,

işığa göz dikirəm, itlərlə danışıram.

Səni unutmaq üçün bundan yaxşı şərait?

Küçənizin başında bir məscid də var hələ,

Azanı eşidəndə dilimin altda bir az

zümzümə eləyirəm

Bu sirli çağırışı uşaqların dilinə

tərcümə eləyirəm...

Ax, bu yeniyetmələr!..

Ax, bu yeniyetmələr!..

Məscidin hasarında

"Günel, səni sevirəm!"

"Günel, məni bağışla!"

"Günel, çox darıxmışam!" -

qırmızı, ağ yazılar...

Quşlar divardan məktub götürə bilmir axı,

Alın yazılarını bura nahaq yazırlar...

Görəsən minarədən

özümü yerə atsam,

mənə günah yazılar?

İstəyirəm qışqırım küçənin ortasında:

"Günel, o səni sevir!"

"Günel, onu bağışla!"

"Günel, o çox darıxıb!"

Səni görsəm qorxuram Günel deyim karıxıb.

Hava da ki, çox isti, ürəyim də sıxılır,

Eh bu darıxmaq da ki, yığıb məni boğaza.

Siqaret də qurtarıb,

Tərsliyə bax, mən çəkən siqaretdən də

                        satmır küçədəki mağaza.

Məndən 5-6 ağac o tərəfdə bir nəfər

bir ağaca söykənib, işığa gözün dikib,

itlər ilə danışır, dərindən nəfəs alır,

Deyəsən o Günel də sizin küçədə qalır...

 

Sən yaxşı adamsan

Sən yaxşı adamsan, yaxşı adamsan,

bircə olmayaydı tez unutmağın,

bircə olmayaydı atıb getməyin,

bircə olmayaydı qayıtmamağın.

Say gör neçə oldu fələk saymamış,

Qatdala o incə barmaqlarını,

Qat ora üzüksüz barmağını da,

"Bircə"lər yığılıb üç oldu, gülüm,

"Bircə"lər yığılıb dağ oldu, gülüm.

Çıxıb getməyinə bir söz demirəm,

Məni unutmağın ağ oldu, gülüm.

Sən yaxşı adamsan, yaxşı adamsan,

Sən yaxşı adamsan, başına dönüm

 

Bir də görürsən ki...

Bir də görürsən ki, yaxşıdır hər şey,

Əlində-ovcunda qalıb əlləri.

Birgə islanmısan yağışın altda,

Birgə adlamısan gölməçələri.

Bir də görürsən ki, yaxşıdır hər şey,

Duanı eşidib qurban olduğum.

Daha tək deyilsən Yer kürəsində,

Getməyə yerin var, tutmağa arzun.

Bir də görürsən ki, yaxşıdır hər şey,

Xoşbəxtlik səninlə başını qatır.

Bu dəfə görürsən başqadı hər şey,

Bu dəfə daha çox kişisən sanki,

Bu dəfə sevməyə ürəyin çatır.

Bir də görürsən ki yaxşıdı hər şey,

Hamı bəxtəvərdi sənin gözündə,

Xoşbəxtdir küçədə süpürgəçilər,

Səndən pul istəyən dilənçilərin

daha səmimidir duaları da.

Yalan danışmağın daşını atıb

ta bezib, yorulub yalançılar da,

 

Müştəri gözləmir sarı taksilər,

Qırmaqdan çıxarıb soxulcanları,

aldatmır balığı balıqçılar da.

 

Unutmayacam səni

Unutmayacam səni,

Bütün gözüyaşlı qadınların

qisas gününə qədər.

Əllərimə çəkilən yollarda

gəlməyini gözləyəcəm bu səfər.

 

Başqa qadınlarda

axtarmayacam səni

Onlarda itirmədiyim üçün.

 

Qayıt...

Qayıt, xoşbəxt edim səni,

Qayıt, kədərinə sevinc səpim.

Gəl e, gəl

Gəl, ağrılarından öpüm.

 

Köhnə Bakı

Sən getdiyin gün var idi ha?

Bax o gün neçə min xatirə yiyəsiz qaldı,

Bax o gündən səhərlərə həsəd apardı gecələr.

Ta mən də o gündən gəlmədim siz tərəfə,

Məndən yetim qaldı sizin küçələr.

 

Sən getdiyin gün var idi ha?

Ayrılıq havası da yoxuydu ee, biləsən.

Heç yağış da yağmadı, elə sən deyən,

Külək də əsmədi o gün Bakıda.

 

Sən getdiyin gün var idi ha?

Bax o gündən sonra,

Ən azı on dəfə unutdum səni,

"Köhnə Bakı"da.

 

Sən getdiyin gün var idi ha?

Bax o gündən sonra,

Allah göstərməsin, öləcəkdim eee.

Ömrümü anamın duası uzatdı.

Sən getdiyin gün var idi ha?

Bax o gündən sonra

Darıxıram...

Təxminən 14600 saatdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!