Şeirlər - İnqilab ORXAN

 

 

Qorxuram geri dönməyə

 

Çevrildim ki, yayındırım

arxamca atılan daşı.

Gördüm özünü düzəldib

üzümə gülür qardaşım.

 

Mən də gülüb qollarımı

doladım boynuna ərklə.

Daş atan əlindən tutub

Sıxdım sevgiylə, ürəklə.

 

Hiss etdim ki, qardaşımın

tir-tir titrəyir bədəni.

Nefti qurtaran çıraqtək

mənim də gücüm tükənir.

 

Üzümü çevirib getdim,

bu göz daha nə görəcək?!

Dəqiq bilirdim qardaşım

məndən sonra hönkürəcək.

 

Daşlar yenə atılsa da,

qorxuram geri dönməyə.

Qorxuram geri qanrılam

qardaşım gözümə dəyə.

 

Bir şeir yazdım bu axşam

 

Bir şeir yazdım bu axşam

ağrımı ovutmaq üçün.

Ürəyimdən şırım açdım

dərdimi ovutmaq üçün.

 

Sıxdım hər misram üstünə

içimin bir acısını.

Tutarlı sözlə unutdum

ürəyimin sancısını.

 

Tapdığım təşbeh dərdimi

elə yıxıb-sürüdü ki...

Bir də baxdım ağlar ürək

əməllicə kiridi ki...

 

Hecalarım qoç sürüsü,

qafiyələr qoç buynuzu.

Aha, deyəsən, dərdlərim

böyük hesabla uduzur.

 

Hər axşam gücüm, enerjim

dərdimlə savaşa gedir.

Ağrılardan məni ancaq

şeirlərim xilas edir.

 

Ağactək yıxılsam əgər...

 

Köklü-köməcli ağacı

içindən qurd yeyən kimi,

Ürəyimə soxulan dərd

qurd kimi yeyir içimi.

 

Yeyir ətimi, qanımı

pəncərəni yalayır dərd.

Qara, paslı kotan kimi

həyatımı şumlayır dərd.

 

Gündüzüm cəhənnəm kimi,

gecəm qaynar qır qazanı.

Gücüm yox rinqə çağırım

mənə belə bəxt yazanı.

 

Təpə-dırnaq damcı-damcı

əriyirəm şam misalı.

Ümidsizcə gözləyirəm

mümkün olmayan vüsalı.

 

Ağactək yıxılsam əgər,

məndən heç nə qalmayacaq.

Hekayəm bitdi burdaca,

ardı heç vaxt olmayacaq.

 

...Ətrin bitincə öləcəm

 

Sən ayrılıb gedən gündən

bağlıdı qapım, pəncərəm.

Bomboş qədəhinə vurub

tək-tənha şərab içirəm.

 

Durub kip-kip bağladım ki,

qapını, pəncərəni, -

evimə dolmuş nəfəsin

bir az da yaşatsın məni.

 

Yastığım, yorğan-döşəyim

ətrindən məstdi hələ də.

Şux səsin, şən gülüşlərin

pərdilərdə titrəmədə.

 

Əlin, ayağın, qaş-gözün

fokuslanıb ev-eşikdə.

Gözəl qəddi-qamətinin

ölçüsü qalıb döşəkdə.

 

Qəti naşükür deyiləm,

ömrüm keçə bax beləcə.

Bu evdə, bu yatacaqda

ətrin bitincə öləcəm.

 

Çağırdım, amma dostlar baxıb üz çevirdilər

 

Dost kimi ərk eyləyib

qılığıma girdilər.

Şənimə sağlıq deyib

yaxşıca içirdilər.

 

Bağ saldım, bostan əkdim:

tağları burdan ora.

Bar verəndə dirriyim

nübarını dərdilər.

 

Qazandığım nə ki var

dost malıtək ortada.

Üzünü pay-püşk edib

sovub yelə verdilər.

 

Mən də daddım qismətin

ucundan-qulağından.

Bütün yediklərimi

burnumdan gətirdilər.

 

Büdrədi köhlən atım

yıxıldım çamurluğa.

Çağırdım, amma dostlar

baxıb üz çevirdilər.

 

Yolun düşsə, bizə də gəl

 

Yolun düşsə bizə də gəl,

qapım açıqdı, bilirsən.

İnan ki, çox sevinərəm

nə vaxtsa qapımdan girsən.

 

Onsuz da təkəm həmişə,

tənhalıqdan başım dönür.

Gəlsən görərsən bu evdə

hər yanda yerin görünür.

 

Yeməyim hər zaman boyat,

çayım daim soyuq olur.

Qab-qazan bomboş olsa da,

kül qabım çox tez-tez dolur.

 

Mətbəximdə gecə-gündüz

at oynadır tarakanlar.

Dost-tanış, qohum-əqrəba

məni harda görsə danlar.

 

İki nəfərlik taxtımın

tamam boşdu sol tərəfi.

O boşluğa girsən əgər,

xilas edərsən bu evi.

 

Məni soruşan olarsa...

 

Daha tüpürüb gedirəm,

arxamca gələn olmasın.

Unudun ki, məndən sonra

heç bir xatirəm qalmasın.

 

Bundan sonra mən heç nəyə

cavabdehlik daşımıram.

JEK-dən də arayışım var:

bu mənzildə yaşamıram.

 

Adımı da söküb atdım

gördüyün meşin qapıdan.

Bütün borcları qapatdım,

əngəl qalmadı ortada.

 

Daha "əlvida" deyirəm

bu evə də, şəhərə də.

Fırtınada yola çıxan

gəmiyəm bu ərəfədə.

 

Güman ki, gözəl Allahın

əli üstümdən sürüşüb.

Məni soruşan olarsa,

deyərsiniz itkin düşüb.

 

Çəkin sınmış qanadımı

üstümə kəfən kimi

 

Qolumun gücü tükənir,

gözlərimin işığı.

Dağa dırmaşan inadım

diyirlənir aşağı.

 

Əlim ətəyimdən uzun,

məğlub bayraq kimiyəm.

Meyvələri talan olmuş

sınıq budaq kimiyəm.

 

Bu tapdanmış çiçəyi

kim taxar yaxasına?!

Daşa dönmüş ürəyimdə

ovçunun oxu sınar.

 

Əgər ölsəm başdaşıtək

qaldırın tüfəngimi.

Çəkin sınmış qanadımı

üstümə kəfən kimi.

 

Burda məni tanıyan yox...

 

Burda məni tanıyan yox,

maraqlanmır bir kimsə də.

Axşamlar şam yandırırlar,

dua edirlər kilsədə.

 

Çoxdandı qaysaq bağlayan

yaramdan qan açılarsa,

məni mütləq tanıyacaq

çarmıxa çəkilmiş İsa.

 

...Çəkildim kilsədə küncə,

oturdum səssiz, kirimiş.

Bax, mənə də xaç çevirir

bu qoca, saqqallı keşiş.

 

Yarama necə oxşayır

İsa Məsihin yarası.

İlahi, nolar onun da

yarası qaysaq bağlasın.

 

Bir küncdə dua edirəm,

Allah hakimdi beynimə.

Sən demə, İsa Məsihin

qanı damırmış çiynimə.

 

Əsirlikdən qaçan əsgər

 

Çox da ki adam içində

elə deyirəm - gülürsən.

Mən axı yaxşı bilirəm

qəlbən necə üzülürsən.

 

Görürəm boyun-boğazın

bərq vurur, alışıb yanır.

Zərgərlik mağazaları

səni görəndə utanır.

 

Dost-tanışlar görsələr də

üstündəki daş-qaşları.

Heç zaman görə bilməzlər

içindən axan yaşları.

 

Qırx ildi əsirsən, amma

çölə xanımtək çıxırsan.

Hamı indi maska taxır,

sən gör nə vaxtdan taxırsan?!

 

Bax, dünya hər gün dəyişir:

dağılır müstəmləkələr...

Köhnə ünvana gələrsən

əsirlikdən qaçsan əgər.

 

Lap cəhənnəm əzabıdı...

 

Lap cəhənnəm əzabıdı,

sevgisiz bir gecə də.

Bir gün məni tutacaqlar

sən yaşayan küçədə.

 

Görürəm tərs-tərs baxır

arvad-uşaq üzümə.

Cayıllar mesaj göndərir:

"Məhəllədə çox gəzmə!"

 

Pəncərənin altında

gəzişirəm qərib-qərib.

Ürəyimə damıb ki,

polislər də şübhələnib.

 

Amma mən bir zərrə də

pozmuram asayişi,

Ona görə polislərin

mənimlə yox bir işi.

 

Gözləyirəm çıxasan,

qaçıb gedək bu yerdən.

Bax, pəncərən altında

gəzişirəm səhərdən.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!