Uşaqlıqdan bizi qorxuda-qorxuda böyütdülər, bütün xoxanlara doğru qaçdıq... - Şeirlər. EMİNQUEY

 

 

Anam mənə deyərdi ki, getmə sobaya tərəf.

əlini yandırarsan,

mənsə əlimi sobaya yapışdırıb soyardım yanan dərimi, Ayşən.

uşaqlıqdan bizi qorxuda-qorxuda böyütdülər,

bütün xoxanlara doğru qaçdıq,

barmaqlarımızın arasından baxa-baxa damdabacaları gözlədik,

öyrəndik qorxularımızla əylənməyi.

boğaz silən Sara xalanın barmağı qalmadı boğazımızda,

sevdiyimiz adamlar kimi.

atama deyərdim,

Sara xala ölməsəydi,

boğazımızda ilişib qalan, düyünlənən kədərimizi silərdi.

atam əllərini qarnına söykəyib gülərdi,

sonra atam da boğazımızda düyünlənib ağrıya çevrildi.

sonra bütün evrənin sirri faş oldu,

sən demə,

haradasa su var, həyat var,

adamlar hələ də başqa planetlərdə həyat axtarırlar,

laap başqa adamlarda axtardıqları kimi.

axtara-axtara dostum Rasim alkaş oldu,

qonşu qzı f...şə...

bilirsən,

Ayşən,

sən də gedəcəksən...

mənsə, artıq öyrəşmişəm bütün ayrılıqlara,

həyatıma gəlib-gedən qadınlar

gözəl və sərfəli restoranları tanıtdı mənə.

bir də davasız,

kinsiz ayrılmağı,

sakit, mehribanca.

eybi yox,

uzağı sən də əlimi yandıran soba,

uzağı sən də xoxan,

uzağı sən də damdabaca.

 

 

***  

Elə qısqanarsan qan tutar gözü,

adam sevdiyini öldürər özü...

neçə milyon ildir öldürür bizi,

necə qısqanc imiş Yaradanımız?!

 

Çörək arxasınca sürün ha sürün,

ellə Allah deyib palaza bürün,

necə sevəsən e, bu rəngsiz ömrü,

ev-iş, iş-ev keçir güzəranımız.

 

Şükür, az da olsa işimiz gedir!

bəzən taqətimiz, huşumuz gedir,

çax-çax baş ağrıdır, yaşımız gedir

ömür üyüdəndə dəyirmanımız.

 

Qaldır bu badəni içək dəmadəm,

içimdə hüzn var, içində matəm,

buğda oğrusuydu babamız Adəm,

çörək olmasınmı imtahanımız?!

 

***

Bu təklik xərçəng kimidir,

tutulmaq ehtimalı var.

gəbərir içində adam,

saçın yolan bir halı var.

 

Tarla müqəvvası kimi

açanda qollarımızı

nolar, bizi də qucaqla

Məryəmin İsası kimi.

 

Hardasa bir çomağın var,

təkliyin gözünü çıxart,

başını əz, ilahi.

vallah, öz aramızdı da

təklik sənə yaraşır,

özün tək gəz, ilahi!

 

 

***

İlk dəfə kəndirimi anamın bətnində kəsdilər,

atdılar bu quyu dünyaya məni,

mən ağladım,

onlar isə həmişəki kimi güldülər.

 

məni böldülər,

biraz atama,

biraz anama,

biraz da başqa kimsələrə oxşatdılar,

baxışıma atam vuruldu,

gülüşümə anam,

yerişimə başqa kimsələr.

 

böyüdükcə daha çox atasına,

anasına oxşayır adam,

hə,

yavaş-yavaş onların surəti çıxır cismimizə,

ruhumuza,

özlərini səndə qoyub gedirlər bu dünyadan,

onlar ölsələr də biraz gülüşündə,

biraz baxışında diridirlər.

məsələn, atam...

 

***

özümdən böyüyəm beş-on yaş,

sözümdən birazca kiçiyəm.

yaşayan beşindən biri mən,

can verən birindən üçüyəm.

 

kimsəsiz Hirayam, Sinayam,

dillərə gəlməyən duayam,

bir adam tapılmır sınaya

ki, hardan enmişəm, nəçiyəm?

 

Azan mən, namaz mən, pir də mən,

alətə dönmüşəm yerdə mən,

bölündüm üçə mən, dördə mən,

hələ də bilmirəm neçəyəm?!

 

şər düşmür mindiyi atından

sübh çağı - ya beş, ya altıda,

dağılmış bu evin altında

can verən uşağın içiyəm...

 

 

***

Sığal istər tellərin, qıvrılarsan yanıma,

Balaca, laaap balaca ağappaq pişiyimsən.

Başıma oyun açan, ərköyünüm, şıltağım,

Evinin ortancılı, mənim sonbeşiyimsən.

 

Yaralarım var idi, gəlib bir-bir sarıdın,

Sənsiz ömrüm qaraydı, indi qara-sarıdı,

Günəbaxan ömrümün üzü sənə sarıdı,

Batma bir ömür boyu, qıyma ki üşüyüm.

 

Sən...

 

Dodağına boya çək, sürmələn, bəzən mənə,

Ay gözünü süzdürən, dodağın büzən mənə,

Məni mən kimi sevən, sənə də dözən mənəm,

Böyüyəm, dayağımsan, körpəyəm, beşiyimsən.

 

"Xoşbəxtlik" əllərində barmaq sayı qədərdi,

Əllərindən öpməsəm dodaqlarım hədərdi,

Bir də gördün gözünü yumub-açdın, səhərdi,

Barmağında üzüyüm evimsən-eşiyimsən.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!