Şeirlər - Nəcməddin MÜRVƏTOV

 

 

Aldanmışam

 

Nə dedi, söylədi, düz, doğru sandım,

Bundan uduzanda bildim yalanmış.

Sarsıldım, göynədim, ağrıyla qandım,

Yağ-bal yedirdiyim demə, ilanmış.

 

Ovçuymuş, dilində söz-sovdan tələ.

Marıqda durubmuş aza ov, gələ.

Bu dəfə mən uydum ondan min felə,

Saysız "can, can"ları qurğu, planmış.

 

Yoxmuş ki zərrəcə insaf, mürvəti,

"Yaxşı"sı görüntü, məkri xəlvəti.

Riya yaxınlığı, dostluq, ülfəti,

Hoqqası min birmiş, yaman kalanmış.

 

Bədliyə köklənmiş dərki, şüuru,

Çıxarıb onu çox, çox sudan quru.

Nəfsinə qulluqda mənlik, qüruru,

Haram yeyə-yeyə namaz qılanmış.

 

Qərarım bu oldu, tanıya, bilə,

Onun kimliyini çatdıram elə.

Deyəm, asta-usta, lap gülə-gülə,

Rəhmsiz bu məxluq canlar alanmış.

 

Neyləyək?

 

Söyləyir: - "Bezdirir saxtalıq məni,

Boğazdan yuxarı sözlər kəlmələr".

Deyirəm: - "Əzizim, sən təksən yəni,

Bilirsən çəkirəm mən bundan nələr?"

 

Sanıram gərdişin çarxı tərsinə

Fırlanır, dəyişib yer gecə, gündüz.

Qulluq eləyirik sanki tərs dinə,

Haqq əyri donunda, nahaq dürüst, düz.

 

"Qırmızı kitab"a yazmışıq indi,

Saflığı, paklığı səmimiyyəti.

Mənalar dəyişib tamam yəqindir,

Yaramır bir işə söz-sov lüğəti.

 

Baxışlar buz-soyuq, üzlər qara daş,

Qəlblərdə kin, nifrət toparlanıb çox.

Gerçək təmənnada qardaşdan qardaş,

Almasa əvəzi, verməz heç nə yox.

 

İtib ölçü-biçi, mizan-tərəzi,

Gözündə pərsəngi daşından yekə.

Fikrində fitnəsi, məkri, qərəzi,

Durub qolu zorlu bölə, pay çəkə.

 

"Eyni bir gündəyik", neyləyək daha,

Ötürək birtəhər vaxtı, zamanı.

Dönüb qazancımız böyük günaha,

Onu daşımağa bizdə hal hanı?

 

Eh...

 

Şəklinə baxıram, ötən illəri

Gətirib xəyala, salıram yada,

Ya Rəbb, ötürmüşəm necə nələri,

Heç demə varmışsan sən də dünyada.

 

Yanımdan ötmüsən o yan-bu yana,

Saysız yadlar kimi, adilər kimi,

Onda çevriləydim sənə həyana,

Gərək fəth edəydin onda qəlbimi.

 

Bəlkə neçə kərə nəzərlərinlə

Məni oğrun, gizlin süzüb keçmisən,

Görmüsən laqeydəm, acıqla, kinlə,

Halıma yaraşan söyüş seçmisən.

 

Həsəd aparmışam bəlkə birinə,

Yanımdan keçəndə sənin yanında,

İstəyim olub ki, onun yerinə,

Olaydım eləcə, elə o anda.

 

Bu tale qisməti, tale oyunu,

Kim-kimə tuş gələr harda bilinmir.

Çoxu bizim kimi bükülü boynu,

Durub köksdə ağrı, ah-ufla dinmir.

 

Xoşbəxtsən? Xoşbəxtəm? - gecikmiş sual,

Cavabı aydındır sənə, həm mənə,

Yaxşısı budur ki, səssiz duraq, lal,

Dalaq xəyallara hey dönə-dönə.

 

Mümkünmü?

 

Öyrətmə özünə deyirsən məni,

Qoyursan vəfasız sonra adımı.

Anlayım belədə necə bəs səni,

Məgər, eşitmirsən dad, fəryadımı?

 

Öyrətmə özünə deyirsən məni,

Susum, danışmayım, lal-dinməz durum?

Bu halla yaşamaq çox asan yəni,

Təkcə ürəyimlə ixtilat qurum?!

 

Öyrətmə özünə deyirsən məni,

Qopum, ayrılımmı xəyallarından?

Yoz, dəyiş barəmdə gümanı, zənni,

Qurtul mənli ağrı, məlallarından.

 

Öyrətmə özünə deyirsən məni,

Dilin bunu deyir, qəlbin başqa söz.

İstəyin söyləmək "o tək kəlməni",

Demirsən, neyləyim, onda bacar döz.

 

Öyrətmə özünə deyirsən məni,

Deyən bu əhvaldan gəlmisən zara.

Bilsəydim  özümə həmin çarəni

Edərdim, düşməzdən səntək "azara"

 

Özün yetiş

 

Hərə bir cür yozur eyni kəlməni,

Çaşam, hansını düz sanım inanım.

Deyir pirin kimi tanı gəl məni,

Saysızdır, yanında kimin dayanım.

 

Nahaqqa  geydirir çoxu haqq donu,

Bəzək-düzək vurur fitnə-fəsada.

Görünmür boş fikrə şərhlərin sonu,

Çürük, kiflənmişlər salınır yada.

 

Qanmaq istəyənin bərəlir gözü,

Durub dinlədikcə hərzə-hədyanı,

Deyir ayırmağa bunlardan düzü,

Köməyə çağıram gərək şeytanı.

 

Şübhələr yaranır düşüncələrdə,

Didir, parçalayır saf ürəkləri.

Bu haldan bezənlər, düşənlər dərdə,

Ağlından keçirmir, Ya Rəbb, nələri.

 

Dünya dönüb sanki bulanlıq gölə,

Batıb aqil səsi "qurultular"da,

Əşrəfi İblisə olub qul, kölə,

Tanrım, özün yetiş dada, fəryada.

 

Yetər diqqət

 

Borclu qalmaram heç kəsə,

Məndən ötrü görərsə iş.

Ödəyərəm haqq, nə desə,

Keçirməsin bundan təşviş.

 

Kəsirəm ki şərti şumda,

Yabalaşmayam xırmanda.

Şahidim də olur onda,

Qalmaya ehtiyac anda.

 

Baxmıram ki, az, ya ki çox,

Tək diqqətlər yetərli, bəs.

Olmasından nəfsimin tox,

Yox narazım, yox bircə kəs.

 

Dəqiq çəkir daş tərəzim,

Pərsəngini düzəldir haqq.

Xislətimdə yox mərəzim,

Dolanıram bax, bu sayaq.

 

Bax beləyəm, bu, olanım,

Bəyən, ya ki bəyənmə heç.

İmkan ver sakit dolanım,

"O deyiləm" - uzaqdan keç.

 

Deyirsən darıxma

 

Deyirsən darıxma, axı qəlbimə

Necə hökm eyləyim, de də bəs necə?

Səni əvəz edə, üz tutum kimə?

Sığmır yox, dərkimə bax bu düşüncə.

 

Deyirsən darıxma, axı həsrətin

Göynədir köksümü, yandırır məni.

Yayınır hər şeydən nəzər-diqqətim,

İnan, çaş salıram bu gün, dünəni.

 

Darıxma söyləmək nə qədər asan,

Əməl eləməksə çətindən çətin.

Ruhuma əmr edim: - "yorul, bez, usan",

İtirim beləcə eşq ləyaqətin?

 

Köməyə yetmir ki, xəyallarım da,

Orda da darıxmaq olub adətim.

Orda arzularım, diləklər kam da,

Təkcə sənsizlikdən yana xiffətim.

 

Deyirsən darıxma, ağır hicranı

De necə çıxarım, atım canımdan.

Gəl də, yarat mənə bax, o imkanı,

Qovum darıxmağı vüsal anından.

 

Deyirsən darıxma, axı qəlbimə

Necə hökm eyləyim, de də bəs necə?

Səni əvəz edə, üz tutum kimə?

Sığmır yox, dərkimə bax bu düşüncə.

 

Çalar

 

Hərədə fərqli dərk, fərqli düşüncə,

Ağla güvənən var, qolundan gücə,

Kövrək ürəklilər, almayan vecə.

Ayır xoşrəftarı, seç bədniyyəti,

Çalar, ilanlıqsa canda xisləti.

 

Görünər gözünə hər şey qapqara,

Ağrı-acı yayar, alsa yön hara,

Gəlməz heç bir işdə heç zaman kara.

Ötürməz bədliyə məqam, fürsəti,

Çalar, ilanlıqsa canda xisləti.

 

Mırıqda dayanıb güdər dörd yanı,

Məramı, məqsədi qaraltmaq qanı,

Yox ki ədaləti, napak vicdanı.

Saysız gizlinləri, çox-çox xəlvəti,

Çalar, ilanlıqsa canda xisləti.

 

Harda yaxşı görsə, tez qoyar lağa,

Yanar çəkilsə kim önə, qabağa,

Düşmən saydığına dildə "ay qağa"

Deyər, şərəfi yox, yox ləyaqəti,

Çalar, ilanlıqsa canda xisləti.

 

İnanma düzələr, zərrə qədər yox,

Köksündə kin, nifrət qalaqlanıb çox,

Tanı belələri, gördün, çəkin, qorx.

Gözləmə, nəbadə səmimiyyəti,

Çalar, ilanlıqsa canda xisləti.

 

Onu tanımağın asan yolu var,

Bax ki, bəbəyində saysız ilanlar

Qaynaşır, tez tələs, ver şərtsiz qərar.

Yaranır gen durmaq zəruriyyəti,

Çalar, ilanlıqsa canda xisləti.

 

Səydəyik

 

İnan, yolumuzu azmışıq elə

Əyib belimizi günahdan şələ,

Yığıb toplayırıq ondan hey, hələ.

Savab qazanmırıq, yetib bəd dönəm,

Səydəyik, yerimiz ola cəhənnəm.

 

Nahaqqı yeridib haqqın yerinə,

Dönmüşük yağıya biri-birinə,

Uymuşuq şeytanın məkri, şərinə.

Boğuruq sevinci yaratmaqla qəm,

Səydəyik, yerimiz ola cəhənnəm.

 

Ağlı başımızdan alıb nəfs, tamah,

Böyük istəyində hər kəs, ola şah,

Bax, bundan görünür qaranlıq sabah.

Sorub aramırıq xilasa yön çəm,

Səydəyik, yerimiz ola cəhənnəm.

 

Aqil, müdrikləri susdururuq hey,

Meydanda gərdişdə nadan, kefli, key,

Bundan sinələri çatladır giley.

Yetişir deyəsən haqq-hesaba dəm,

Səydəyik, yerimiz ola cəhənnəm.

 

Abadlar çevrilir virana anda,

Qırğınlar, dəhşətlər, vəhşət hər yanda,

Qorxu yuva salıb ilikdə, qanda.

İnsanlıq adına bəla gəlir cəm,

Səydəyik, yerimiz ola cəhənnəm.

 

Tamam unudulub mizan-tərəzi,

"Görüntü" bəndədə iman əvəzi,

Düz-dürüst sayırıq puçu qərəzi.

Sonsuz ruhumuzda qüsur, kəsir-kəm,

Səydəyik, yerimiz ola cəhənnəm.

 

İnan, yolumuzu azmışıq elə

Əyib belimizi günahdan şələ,

Yığıb toplayırıq ondan hey, hələ.

Savab qazanmırıq, yetib bəd dönəm,

Səydəyik, yerimiz ola cəhənnəm.

 

Demə yanarsan

 

Ruhunla ruhumun tutur söhbəti,

Onunla hər dəfə dərdləşirik çox.

Yanıma gəlirsən belə xəlvəti,

Onda xəyallarda darıxmıram yox.

 

Cavab da alıram suallarıma,

Uymaqla səsinin sehrinə onda

Yoruram, deyirəm səbrin çox, amma

Deyən mən oluram yorulan sonda.

 

Rahatlıq duyuram hər görüşündən,

Uyğumda, xəyalda, fərqi yox necə.

Özümdən özümə olur vaxt-vədən,

Gündüz də gəlirsən, çox zaman gecə.

 

Belə son verirsən tənhalığıma,

Qovmaqla köksümdən kədəri, qəmi.

Dönüb boylanmıram solum, sağıma,

Sorub aramıram könül həmdəmi.

 

Hə, sən bax beləsən, ay ruh ortağım,

Bil ki harda varam, orda da varsan.

Sənin pərvanənəm şamım, çırağım,

Demə "yaxın gəlmə", demə "yanarsan".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!