İrəli
50 yaşa ithaf
Dağlar endin,
düzlər-düzənlər dolaşdın,
dərədən keçdin,
təpədən aşdın.
Nəfəsin təngiyəndə
neçə çeşmələrdən
əyilib su içdin.
Gəlib çıxdın əlli yaşın
yan-yörəsinə,
sıxıla-sıxıla,
yıxıla-yıxıla...
Gözünün ucu ilə
dörd bir yanına
baxa-baxa,
boynu bükük,
tək-tənha dolaşırsan.
Anamın yetim balası.
Hələ arxaya boylanıb,
Gözlərin çox dolacaq
Qəlbin, ruhun öz odunda
alovlanıb yanacaq.
Çünki
əlli yaşda yetimsən.
Eh! Bu nə yerişdi,
hərdən irəliləyirsən,
hərdən yolu çaşırsan.
İrəli get bir azdan
Səssiz, səmirsiz
əlli yaşı aşırsan.
Bir azdan,
arxaya boylanıb,
Yanlışlara baxıb,
özünü qınayarsan
Uduzduğun ömrün,
Ağır havasını udarsan.
Çiyinlərin əyilər
Ciyərlərin sıxılar,
Ürəyin çırpınar,
sıradan qalma geri
addımla irəli.
Böyüdür
Anam Nəzakətin əziz xatirəsinə
İndiyədək sən böyütdün,
İndən belə dərd böyüdür.
Sən bir oğul böyütmüsən,
O bir igid, mərd böyüdür.
Ağır gün-güzara dözüb,
Azara -bezara dözüb.
Sərt şaxtaya, qara dözüb,
Döha möhkəm, sərt böyüdür.
Gündə yandı üzüm, anam,
Eynək taxır gözüm, anam,
Dərd içində sözüm, anam,
Qəlbimdə möhnət böyüdür.
Gəzirəm
Ağzının içində
Ayağımı çəkə-çəkə gəzirəm.
Çox təəssüf ki,
birtəhər dözürəm.
Qürurumu dik tutmaq üçün,
dözmək mənim əl ağacımdır.
Yola-yolağa,
daşa-divara vura-vura
yolun səmtini seçirəm.
Mən dözüm ilə
Ağrını dəf edib keçirəm.
Şükür, hələ gedirəm.
Özümdən aşana qədər,
Yaxud,
Özümə dolaşıb
yıxılanadək
mən bu yolun yolçusuyam.
Dözürəm, gözümdən tutub,
gözümdə haqq əyilməsin.
Dözürəm dilimdən tutub,
ədalət söyülməsin deyə,
dilimi dişimin arasında sıxıb
dözürəm.
Deyim
Sənə asimi deyim,
Sənə mələkmi deyim?
Hər şeyi viran qoyan
Qanlı fələkmi deyim.
Qəlbində yer taparam
məni məndən aparan
Qəfil tufan qoparan
Əsən küləkmi deyim.
Nə əvvəldi, nə axır
Arxamca həsərət baxır.
Sən suçulu, mən fağır,
Gəlim gedəkmi deyim.
Mələk çıxıb
Tüfəng axtarırdı, yazıq hərifin
Başının altından min kələk çıxıb.
Şeytanın oyunu qatıb başını,
İblis bildikləri bir mələk çıxıb.
Ürəklə sevmədim, mən ürək qoydum.
Qurağa tuş gəldi, günəş qovurdu.
Külümlə oynadım, odumda yandım.
İstisi, hənirini külək sovurdu.
Bəlkə göylərdən daş düşməliydi,
Ağac budağından bir yarpa düşür.
Bədənin üstündən baş düşməliydi.
Başlar əyildikcə ta papaq düşür.
Bağışla
Unutmaq,
sən deyən qədər,
asan deyilmiş.
Özündən uzağa
daş atmaq kimi.
Ya da,
qəflətən yuxudan
adam oyatmaq kimi.
Səbrin tükənməyi,
Dilin qısalmağı,
Qəlbin sınmağı,
Ümidin ölməyi,
Hələ, adamın,
qəflət yuxusundan oyanmağı var.
Eşqın önündə
mərd-mərdanə daynmağı var.
Bağışla, sənə
yad kimi baxmaq olmur.
Gecələr yerinə girib
heç nəyi düşünmədən
rahat-rahat yatmaq olmur.
Üz-üzə gələndə,
üzünü yana çevirsən də,
arxanca boylanıb, baxmamaq olmur.
Beləcə özümlə,
vuruşa-vuruşa, dalaşa-dalaşa,
ömru sürükləyib gətirdim
bu saata, bu günüə, bu qarlı qışa...
Bağışla,
səni unutmağa vaxtım olmadı.
Xankəndim,
xan şəhərim!
Xankəndi şəhərinə bir ağı
Əvvəl örüş yeri oldun,
Sonra, görüş yeri.
Xankəndim, xan şəhərim,
Xaniman şəhərim.
Xanların anuşları,
hayqanuşları
Başına çəkib,
bihuş olub
Uduzulan şəhərim.
Göbək rəqsi çalındıqca,
Göbələk kimi bitdi anuşlar,
haykanuşlar bilinmədi qüssəm,
qəhərim
Ayaqda saxladıq,
əldən uduzlan şəhərim.
Əlimiz anuşların belində
sən də əsir oldun,
anuşların əlində
qalan şəhərim, xan şəhərim.
Gümanlar içində güman
şəhərim ətrafi çis - çəsək,
duman şəhərim.
Xankəndim, xan şəhərim.
Qala qurduq qalmadıq,
Doyunca kam almadıq.
Ey! Kef şəhərim,
kefqom şəhərim!
Dunyaya gəlişin xan oğlu xantək,
Bir vaxt Şuşa ilə dərd ortağıydın,
İndi əsirlikdə qalan şəhərim.
***
Adına and içirəm,
Bir adın üçün,
varlığımdan keçirəm.
Adının ucalığını
qorumaq üçün.
Gedəcəm
Arxayın ol, məndən!.. Gedəcəm daha!
Bilirəm, nə ols un, yolum uzaqdı?!..
Buralarda yenə ilışıb qalsam,
Taleh üz döndərib uzadacaqdı...
Ya atlanım gedim, ya piyada mən,
Bircə yola çıxıb, getməyim gərək.
Yanında qaldıqca üzürəm səni,
Uzaqlaşıb gözdən itməyim gərək...
Sən də fikir çəkmə, ömrünü sür get.
Yığıb aparası bir şeyim yoxdu.
Nəyim qalsa sənə halalın olsun,
Günahım üstündə haqqımdan çoxdu.
Nə olsun, xəstəyəm əlacım yoxdu,
Ümidsiz ölməyə haqqım çatmayır.
Onsuz da mənimtək xəstələr çoxdu,
Mən öləsi olsam dünya batmayır!..
Nə vaxtsa səninlə görüşə bi lsək,
Üzə üz tutmağa üzümüz ki, var.
Birgə baxanmadıq dünyaya neynək?!
Özümüzə baxmağa gözümüz ki, var...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!