Sabaha bir ömür var... - Şeirlər. Ofelya BABAYEVA

 

 

Daha nə umarsan

dünyadan, könül?

 

Ömrüm ömürlərə calandı, getdi,

Yad-yalan odumda qalandı, getdi,

Beləcə bir ömür talandı, getdi,

Daha nə umarsan dünyadan, könül?

 

Sən görən zirvələr ucadan-uca,

Çatmaz neçə ömür düysəm uc-uca.

Kimdi qiymət verən mənəvi borca,

Daha nə umarsan dünyadan, könül?

 

Ağıllı ötürür bir-bir ayları,

Dəli vurub keçir coşqun çayları.

Qiymətə mindirdik ağlı zayları,

Daha nə umarsan dünyadan, könül?

 

Bir ömür verilib, vallah, hərəyə,

Gözləmə o dağı durub yeriyə...

O yaz bəlkə döndü bir gün geriyə,

Daha nə umarsan dünyadan, könül?

 

Dinsəm deyəcəklər, dinmə qonaqsan,

Dünya, çoxuna yay, mənə sazaqsan.

Yol çəkən gözlərim, yoldan uzaqsan,

Daha nə umarsan dünyadan, könül?

 

Eləcə mavidir o göy, o dəniz,

Hələ də sayrışır o uzaq yıldız.

İlahi, beləcə kirimiş, yalqız

Daha nə umarsan dünyadan, könül?

 

Bu dünya

 

Yaşa bu dünyada bir az narahat,

Bir azca qüssəli, bir az pərişan.

Adımı dilinə gətirmə heç vaxt,

Qəlbində, könlündə yaşat hər zaman.

 

Səni kim itirə... məni kim tapa,

Taleyə bağlarıq ümidimizi.

Əriyər güneydə qar topa-topa,

Qüzeylər hifz edər izlərimizi.

 

Bu tale oyunu gizlənpaç deyil,

Qəm yemə, sən varsan,

mən varam, demək.

Bu dünya çiçəkmiş-lalə, qərənfil,

Bir azca tufanmış, bir azca külək.

 

***

Seyrək bulud göydə üzür tül kimi,

Gülə-gülə gözlərindən yaş tökür.

Yoxsa qəmi səmadan da qəlbimi?

Şimşəklərin qəzəbilə hönkürür.

 

Buludlardan qopub gələn ağ yağış,

Yer üzünə qovuşmağa can atır.

Sən göylərin nəğməsisən, yağ, yağış,

Hər xalında neçə-neçə sirr yatır.

 

Salxım söyüd pərişandır, ona bax,

Asta-asta tellərini bir dara.

Buludların qulağına sırğa tax,

Qoy oxşasın toya gedən qızlara.

 

Sabaha bir ömür var...

 

Gözümün giləsinə

Sıxmışam kainatı.

Yumub, açdım bircə an

İtirdim bu həyatı.

 

Heydən düşmüş dünyada,

Bu bürüşmüş dünyada,

Bircə göz qırpımı da

Nə zor imiş dünyada

 

Bir işıq arayırsan,

Fərqi yox, yaşıl, sarı.

Yoruldun geri qaldın

Hər şey yarıbayarı.

 

Ağacların, güllərin

Dilini öyrənmişəm.

Bəzən aydın, buludsuz,

Bəzən duman, çənmişəm.

 

Dünən yoxdur, bu gün var,

Ömür xəzri, gilavar,

Sabah varmı? Ya qismət,

Sabaha bir ömür var...

 

Dövran yaman dövrandır...

 

Min ildir yol gəlirəm,

Mənzilə çatmamışam.

Nə bir dost, nə bir həmdəm

Arayıb, tapmamışam.

 

Cismim dərdə aşiyan,

Ruhum göylərə uçdu.

Mənzilim göy, kəhkəşan,

Yolum eniş-yoxuşdu...

 

Mən dağlar övladıyam,

Anam dağ, atam zirvə.

Heç nə əbədi deyil,

Ömür yol gedir hələ...

 

Sanma dağ-daş əbədi,

Hər şey ürəkaçandı.

Sənə doğru, ilahi,

Yol gəlirəm haçandı...

 

Könül qırıq, ruh xəstə,

Sanki axır-zamandır.

Vaxt ötür asta-asta,

Dövran yaman dövrandır...

 

Taleyim

 

Dağlarda dünyaya göz açdığımdan,

Sanıram taleyim belə sərt olub.

Ötən günlərimdən söz açdığımdan,

Xatirə dumanı mənə dərd olub.

 

Xırda komaları, lal kəhrizləri,

Anmışam hər payız, anmışam hər qış.

Yalçın qayalarda qartal izləri

Salıbdır qəlbimə əbədi naxış.

 

Ulu keçmişimin nişanələri,

Uçuq daxmaları - ilk məhəbbətim.

Uca zirvələri - kaşanələri

Olub ilk sədlərim, ilk sərhədlərim.

 

Yanıb qovruluram hey için-için,

Yaxşı ki, iztirab görünmür gözə.

Mən öz bəxtim üçün, öz taleyimçün

Düşürəm alova, düşürəm közə.

 

Çalır şahmar kimi bizi hər naşı,

Neyləsin, yaxşılıq gəlmir əlindən.

Sızlayır, sızlayır qəlbimin başı,

Düşür saçlarıma yavaş-yavaş dən.

 

Yolumu kəsdikcə payızlar, qışlar,

Qəlbimdən baharı ata bilməyir.

Tökdükcə başıma qarlar, yağışlar

Boran məqsədinə çata bilməyir.

 

Gileyli deyiləm öz taleyimdən,

Yaxşı ki, əzəldən belə sərt olub.

Məni keşməkeşə salsa da hərdən,

Ancaq kişi kimi daim mərd olub.

 

Hər zaman vüqarlı, qürurlu, ötkəm,

Beləcə ömr edib yaşaya bilsəm...

Demərəm özümə heç taleyikəm,

Çiynimdə el dərdi daşıya bilsəm.

 

Ay ürək

 

Bir dəli həsrətə tuş etdin məni,

Qəfəsdə çırpınan quş etdin məni,

Çıçəkli yaz idim, qış etdin məni,

Alışdım, odlandım, yandım, ay ürək.

 

Kövrəldin, qəribtək düşdün qürbətə,

Lənətlər yağdırdın taleyə, bəxtə,

Nə mehrə inandın, nə də ülfətə,

Bəzən öz eşqini dandın, ay ürək.

 

Min ömür yaşadım bircə anda mən,

Yollarım olmadı zümrüd, göy çəmən.

Sıxıldım tay-tuşlar içində bəzən,

Özünü kimsəsiz sandın, ay ürək.

 

Sən mənim ömrümə çıraqsan, çıraq,

Kim deyir dünyada qonağıq, qonaq.

Ulu dünyamızda hamıdan qabaq

Sən məni anlayıb, qandın, ay ürək.

 

İntizar

 

Səni gözləyirəm, bayaqdan bəri,

Bilirəm intizar hədərdir, hədər.

Söylə, bu dünyanın axşam-səhəri

Yolunu azacaq nə vaxta qədər.

 

Həsrətin, bilirsən bu gündən belə,

Mənim yollarımda nurlu çıraqdır.

Göydə qütb ulduzu sönməyib hələ,

Yuxular gözümdən necə iraqdır...

 

Dəyişik düşübdür hər şey, büsbütün,

Sənsiz bir də çətin çiçəklənərəm.

Olub-keçənləri unudub bir gün

Sənə qovuşmağa ürəklənərəm.

 

Yox, daha mən səni sevməyəcəm

 

Dünyanın kələfi gözümdə tordu,

İndi ümidlərim kül altda qordu,

Ah, bu keşməkeşlər məni də yordu...

Zirvədə dumanam, yamacda çənəm,

 

Yox, daha mən səni sevən deyiləm.

Əlimdən tutanım, köməyim olmaz,

Sönrə min həvəsim, diləyim olmaz,

Bilsəm suyum olmaz, çörəyim olmaz,

 

Yenə bu taledən gileylənmərəm,

Yox, daha mən səni sevən deyiləm.

Ağ tellər saçımda ağ çiçək deyil,

Bütün parıltılar bər-bəzək deyil,

 

İndi ürək daha o ürək deyil,

Tökülən yarpağam, saralan güləm,

Yox, daha mən səni sevən deyiləm.

İndi gündüzlərim gecədir, gecə,

 

İndi gecələrim dönüb bir heçə,

Ürəyim həsrətdir xırda sevincə,

Payızdan kövrəyəm, qışdan qəmliyəm

Yox, daha mən səni sevən deyiləm.

 

Hissim, duyğularım azmış gəmidir,

İndi baharım da payız kimidir.

Ürəyim qırılmış kaman simidir,

Ağzı göyçəklərə söhbətəm, sözəm,

 

Yox, daha mən səni sevən deyiləm.

Qürurum özümdən çox-çox ucadır,

Çiçəyim yarpızdır, gülüm yoncadır,

Kim deyir məhəbbət ta ölüncədir,

 

Alovdum, atəşdim, indisə küləm, -

Yox, daha mən səni sevən deyiləm.

Bu nə etirafdır, nə də tövbədir,

Nə də ürəyimə dolan şübhədir.

 

Daha aydınlıqlar mənə kölgədir,

İndi özüm boyda nisgiləm, qəməm,

Yox, daha mən səni sevən deyiləm.

Günəşim tutqundur, ayım bumbuzdur,

 

İndi hər işartı mənə ulduzdur.

Görən bu sevdada sənmi uduzdun,

Yoxsa mən bilmədim nəçiyəm, kiməm,

Yox, daha mən səni sevən deyiləm.

 

Dəniz yaxın olanda

 

Sularla bölüşüb insan qəmini,

Xatırlar... o uzaq görüş dəmini.

Gəzər sahillərdə öz həmdəmini

Dəniz yaxın olanda.

 

Uzadar ləpələr dodaqlarını,

Öpər bir gözəlin ayaqlarını.

Sevincə bürünər ömrün hər anı

Dəniz yaxın olanda.

 

Hər dalğa bir misra şeir deyilmi?

Sular kövrək təbli şair deyilmi?

Gözəllər məskəni sahil deyilmi

Dəniz yaxın olanda?

 

Cavanlar burada küsər, barışar,

Həsrətli könüllər yenə qovuşar.

Sükut öz dilində nəsə danışar

Dəniz yaxın olanda.

 

Yaşar xatirəmdə bir mavi səhər,

Dəyişər fəsillər, dəyişər illər.

Ürək nə qəm bilər, nə qüssə, kədər

Dəniz yaxın olanda.

 

Gedən yerim olaydı

 

Kimsə bu qapını aşası bir gün,

Üstümə gur işıq saçası bir gün,

Bu dünya əlimdən qaçası bir gün...

Gedən yerim olaydı...

 

Ürəyim yurd yeri, özüm təptəzə.

Nisgilim, kədərim görünməz gözə.

Bir gün Naxçıvandan küçib Təbrizə,

Gedən yerim olaydı...

 

Baxmayıb anamın deyinməyinə,

Dan üzü qoşulub səhər mehinə,

Batıb gül-çiçəyin zərrin şehinə,

Gedən yerim olaydı...

 

Ömrün çoxu qalıb, yoxsa ki, azı,

Həsrətlə gözlərəm hər gələn yazı...

Məni qorxutmayır ömrün payızı,

Gedən yerim olaydı...

 

Hara tələsirsən, hara, ey həyat,

Səndən bir dözümdür mənə mükafat,

Arzular, diləklər, ümidlər boyat,

Gedən yerim olaydı...

 

Enib Novxanıdan Xəzərə sarı,

Qumlu sahillərlə üzüyuxarı,

Gah səhər, gah axşam, gah gecəyarı,

Gedən yerim olaydı...

 

Bir uzaq ulduzam sirli, pərişan,

Mənzilim, məskənim sonsuz kəhkəşan,

Bezib o ulduzlu göylərdən bir an,

Gedən yerim olaydı...

 

Dünyanın enişi, yoxuşu belə,

Ən təzə sevinclər yoldadır hələ,

Lap elə düşmənlə verib əl-ələ,

Gedən yerim olaydı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!