Uşaq şeirləri - Ələsgər ƏLİOĞLU

 

 

Qaranquşlar

səhv salar...

 

Şaxta çıxır aradan,

Yer-yurddan əriyir qar.

Bir azdan qanad çalıb,

Geri dönəcək quşlar...

 

Aylin durmur bir yerdə,

Tez-tez həyətə çıxır.

Gözünü zilləyib o,

Hey sağa-sola baxır...

 

Narahatlıq bürüyüb,

Haçandan bəri qızı:

"Qaranquşlar səhv salar,

Birdən eyvanımızı!.."

 

Ağaca dırmaşdırıb...

 

Qartək ağ çiçək açıb,

Bağçamızdakı alça.

Turqut gülür:

"Yaz qışı

Dırmaşdırıb ağaca!.."

 

Yaz buludları

 

Göydəki yaz buludları,

Nəhəng-nəhəng ağ çiçəkdir.

Yer onları çox xoşlayır,

Bircə-bircə dərəcəkdir!..

 

Şərf

 

Sənubər qonaq gedir,

Bu gün əmisi gilə.

Boynu, başı üşüyür,

Yol da qurtarmır hələ...

 

Havanın soyuqluğu

Pozur qızın kefini.

Evdən çıxarkən

Yaddan

Çıxardıb o şərfini...

 

Atın tapqırı

 

Turqut minmişdi atı,

Gəzsin dərə, gəzsin dağ.

Onun atla gəzməyi

Uzun sürmədi ancaq...

 

Atın kəməri - tapqır,

Yaxşı bağlanmamışdı.

Oğlan

Yəhərlə birgə,

Atın belindən aşdı!..

Gecənin qonağı

 

"Şimal şeirləri" silsiləsindən

 

Ətraf aydın görünür,

Gecə - bəyaz gecədir.

O bağdır, o ağacdır,

O evdir, o küçədir...

 

Yaxşı görünür gözə,

O çay, o dərə, o dağ.

Görünür indi gündüz

Gecəyə gəlib qonaq...

 

Yaşıllıqlı yollar

 

Cərgə-cərgə ağaclar,

Yolları çox bəzəyir!..

Yaz gələndə

Bu yollar

Yaşıl çaya bənzəyir...

 

Dağarcıq

 

Dükandan düyü alıb,

Evə dönürdü Dadaş.

Gəlib yetişməkdəydi

Dikdirə yavaş-yavaş...

 

Möhkəm vurmamışdı o,

Dağarcığa düyünü.

Dikdir

Dağıtdı yerə

Dağarcıqdan düyünü...

 

İnək şəkli

 

- Şəkil dəftərin ki var,

Bəs o nədir, ay Qara?

Kömürlə

İnək şəkli,

Çəkmisən sən divara!

Qara duruxdu bir az,

Dilləndi birdən-birə:

- İnəyim çox yekədir,

Sığışmazdı dəftərə!..

 

Tələ və dələ

 

Tələt qurdu dələyə

Bapbalaca bir tələ.

Tələni quyruğunda

Aparıb getdi dələ...

 

Uzaqdan gələn ulaq

 

Boylanırıq bayaqdan,

Uzaqdan ulaq gəlir.

Ulağın da belində,

Görürük uşaq gəlir...

 

Uşaq arxaya baxır,

Görünmür üzü-gözü.

Onun bu görüntüsü,

Yaman çaşdırır bizi...

 

Ulaq gəlib yetişir,

Tanıyırıq uşağı.

Gülağaymış...

Tərsinə

Minibmiş o, ulağı...

 

Quşların yelləncəyi

 

Ağacdan kəndir asıb,

Qurmuşam bir yelləncək.

Bu yelləncəyim mənim,

Elə qəşəngdir, qəşəng...

 

Yelləndiyimi görüb,

Quşlar verir səs-səsə.

Mənim yellənməyimdən,

Onlar gəlir həvəsə...

 

Bağda yelləncək qurmaq,

Quşlara nə gərəkdir.

Nazik-nazik hər budaq...

Onlara yelləncəkdir.

 

Cərgə düzülüb quşlar,

Gör necə də şənlənir.

Bağda mənimlə birgə

Onlar da hey yellənir...

 

Nar ağacı

 

Nar ağacı çılçıraqdır,

Nurlandırar bizim bağı.

İşığına yığışarıq,

Həmişə də payız çağı...

Yaxasını düzüm-düzüm,

Bəzəyər alqırmızı nar.

Qəribədir bu çılçıraq,

Gecə deyil -

Gündüz yanar!..

 

 

Kiçik

poemalar

 

Bəkirin at minməsi

 

Kürən atımızı mən,

Səhər-axşam

Minərdim.

Qalxardım təpələrə,

Dərələrə enərdim...

Sürüb belədən-belə,

Gəzərdim

At belində.

Hörmə qamçım

Necə də

Yellənərdi əlimdə...

Qonşumuz kiçik Bəkir,

Bir gün

Qarşıma çıxdı.

Həm mənə,

Həm də ata,

Dayanıb xeyli baxdı.

Sonra da

Ordan-burdan,

Danışdı,

Tutdu dilə.

Axır öz istəyini,

Bildirdi gülə-gülə:

- Nə olar,

Sənin kimi,

Qoy mən də atı çapım.

Gedib dərim gül-çiçək,

Yığım moruq, göbələk!..

Cavab verdim:

- Bir şərtlə

Sənə verərəm atı.

Kömək etməyim,

Özün

Atın belinə atıl!..

Qalxa bilsən yəhərə,

Hara istəyirsən sür.

Şərtim ürəyincədir,

Kefinə yarayır gör?..

Əvvəl o, fikrə getdi,

Xeyli çatdı qaşını.

Sonrasa razılaşdı, -

Yelləyərək başını.

Yəhərdən endim yerə,

Dedim:

- Bu at,

Bu yüyən!..

Nə qədər kefin çəkir,

Di özünü sına sən!

Yüyəndən tutub Bəkir,

Atıldı neçə kərə.

Ha yorsa da özünü,

Qalxanmadı yəhərə...

Bu oyuna

Kənardan

Baxa-baxa güldüm mən.

Yaxınlaşdım,

Yüyəni

Alım onun əlindən...

Bəkir durub yalvardı,

Mən yaxın gələn kimi:

- Rəşad,

Dəymə,di görüm,

Bir minə bilirəmmi!

Ha atılıb-düşsə də,

Yenə bir şey çıxmadı.

Amma yüyəni yenə,

Əlindən buraxmadı...

Durub düşündü xeyli, -

Baxdı o yan-bu yana.

Sonra güldü gözləri,

Nə gəldisə ağlına...

Dilləndi:

- Sən bir az da,

Gözlə məni, ay Rəşad!

Sonra dartdı yüyəndən, -

Arxasınca

Getdi at...

Onun hərəkətinə

Mən qaldım baxa-baxa.

Yüyəndən çəkə-çəkə,

O, atı saldı arxa...

Üzəngiyə keçirdi,

Ayağını bir anda.

Atılantək

Əyləşdi

Yəhərin düz qaşında!..

Daha dana bilməzdim,

Dilimdən çıxan sözü.

Mən kömək etməsəm də,

Atı

Minmişdi özü...

Bəkirə üz tutdum mən:

Dedim ki,

Sözüm sözdür.

Di o at,

Di o da sən, -

Hara kefindirsə sür!..

 

1980

 

Cavanlaşan ağac

 

Qocalmışdı

Həyətdəki

Tut ağacı.

Ordan-burdan

Çallamışdı

Onun saçı.

İldən-ilə

Azalırdı

Onun barı.

Quruyurdu

Bir-bir

Yaşıl

Budaqları...

Bir gün

Baba

Durub xeyli

Ona baxdı.

Sonra balta

Götürüb o,

Tuta çıxdı.

Budaqları

Kəsib bir-bir

Tökdü necə!..

Bu ağacın

Gövdəsicə

Qaldı təkcə...

Gəldi Əli, -

Balta səsi

Eşidəntək.

Bilmədi ki,

Bu nə işdi,

Bu nə demək!?

Düşündü o:

"Babam mənə

Deyirdi bəs;

Adam heç vaxt,

Ağac qırmaz,

Ağac kəsməz!"

Tərəddüdlə

O baxdı

Bu

Mənzərəyə:

Bu ağacı

Babam axı,

Kəsir niyə?!"

Nəvəsinə

Nəzər saldı, -

Baba güldü;

Nəvəsinin

Niyə heyrət

Etdiyini

Yaxşı bildi:

- Mənim balam,

Dayanmısan

Niyə elə?..

Nə edirəm, -

Bilmirsənmi,

Yoxsa hələ!?

- Baba,

Bəs sən

Deyirdin ki,

Bizə axı;

Adam kəsməz

Bir ağacı,

Bir budağı!..

Söylə, yoxsa

Zarafatmış

Sənin sözün?..

Bəs ağacı

Kəsmirsənmi

Sənin özün!?

Gülümsədi, -

Baxdı baba,

Ağır-ağır...

Nəvəsinə

Belə cavab

Verdi axır:

- Mənim balam,

Dediklərim

Doğru sözdür.

Hamısı da,

Bircə-bircə

Bil ki, düzdür!..

Diqqət yetir, -

Qoyma, balam,

Fikrin çaşsın;

Bu ağacı

Kəsmişəm ki,

Cavanlaşsın!..

Qocalmışdı, -

Quruyurdu

Axı ağac...

İndi isə

Boy atacaq

Qulac-qulac!..

Yaz gələndə

Baba deyən

Söz

Düz çıxdı.

Bu ağacın

Gövdəsindən

Zoğlar qalxdı...

Baxdı Əli, -

Sevinci hey

Aşdı-daşdı.

Axı

Qoca

Tut ağacı

Cavanlaşdı!..

 

1980


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!