Adil RƏSUL
1938-ci ildə, may ayının 26-da göz açmışdı dünyaya. Yaşasaydı anadan olmasının 85-ci ilini yola salacaqdı. Amma tanınmış şair Adil Rəsulun cismani ömrü 5 noyabr 1997-ci ildə qırıldı, bitdi. Amma mənəvi, yaşarı ömrü "Ağ gəmi", "Salam, günəş", "Son görüş", "Limanda" və s. kitablarına daxil etdiyi şeirlərində davam etdi. Çoxsaylı hekayələri, publisistik məqalələrinin ruhunda yaşadı.
Ömrünün müxtəlif illərində Azərbaycan Televiziyasında, "Ədəbiyyat və incəsənət" qəzetində işləmişdi Adil Rəsul... Dillər əzbəri olan mahnılar bəstələnib sözlərinə. O mahnıların ahəngində sıx-sıx xatırlanır, yad edilir...
Türkün qəbri -
qərib qəbri
Acıdərədə - qəlbidə
Bir məzar var -
Türkün qəbri.
Türkün qeyzi,
Türkün səbri -
Türk əsgəri.
Şamaxıya çathaçatda
Tapşırıbdı o canını
Yad olmayan bu torpağa.
Yad güllədən ölməyibdir
Elə-belə,
bəxt-taledən
şəhid olub,
qurban olub
canın edib sadağa.
Bizim elin düşməninə
İnad olub,
Qisas olub
Canını edib sadağa,
Dönməyibdir bir an geri,
O yerdə ki, can veribdir
O yer olub son səngəri.
Şirvan yolunun üstündə
O vaxtdan bir məzar qaldı.
Gizlənmədi o qəbrində
məzarında -
soyu, adı...
Ey məzarda yatan qərib,
Bir qalanın söylə varmı?
Gəlib burda ağlamağa
Ərzurumdan, ya da Karsdan
Bir yaxının tapılarmı?
Vaxtsız ölüm tale idi,
Yoxsa arzu, ya əhd-niyyət?
Bəlkə orada doğulmaq
Burda ölmək sənin üçün
bir səadət!
Biz keşiyik indi sənə
Bu torpağa rahat qoy baş,
Qoy məzarın nurla dolsun,
Ay əfəndim, ay arkadaş...
Əmanətdir, qardaş, qəbrin -
Əmanətə xəyanət yox!
Qoruyanın çox idisə,
Düşmənin də çox idi çox.
Çıxdıq daşnaq qırğınından
Təzə oda, qana düşdük -
Dedilər, - siz türk deyilsiz
Adınızı biz dəyişdik...
Getdi Cavid, Cavad, Müşviq,
Gedənlərin təqsiri bir -
Türkpərəstdir, ya da türkdür.
Bir vaxt Vətən adlanırdı,
İndi sürgün oldu Sibir...
Yaxşı bildik,
Stalinin gəlməyirmiş
Türkdən xoşu.
Görkəmlini tutdurmuş -
Xalqı etsin avam, naşı...
Mahal-mahal müsəlmanı
Sürgün etdi yuvasından,
Daşnaqlardan qurtarmışdıq
İndi də bax
Çıxmalıydıq
Stalinin davasından.
Gizlədik hamıdan
ad-soyumuzu,
müvəqqəti dandıq
öz kökümüzü.
Talışa dedilər
talış deyilsiz,
Tata da, kürdə də
elə beləcə.
Bizə də dedilər
farsdan dönməsiz
Sadəcə olaraq
dinirik türkcə.
Ayrıla-ayrıla
kiçilim deyə
Kökümü kökümdən
çıxartdı zaman,
Türk sözü, söhbəti
Yasaq edildi,
Dağ kimi oğullar
Kəsildi baş-baş,
Lap pıçıltı ilə
Danışdı bir xalq -
Bərkdən danışana: -
Söylədik: - "Yavaş".
Türkün qəbrinə də
Təzə ad verdik;
"Qəribin qəbri"...
Lap evimizdə də
Beləcə dedik,
Təki uzaq olsun
Şeytan nəzəri...
Oradan keçəndə
Əziz günlərdə
Kimsəsiz dərədə
Yollara baxdıq,
Elə ki, görərdik
Bir kimsə yoxdu -
Qəbri yoluxurduq...
O vaxtı ziyarət
Gizli olardı,
O vaxtı yerin də
Qulağı vardı.
Nabələd yanında
Ehtiyat edib
O qəbrə gözucu
Dönüb baxmazdıq,
Ürəkdə dinməzcə
Rəhmət oxuyub.
Ancaq bircə kəlmə
Səs çıxarmadıq.
Doğma-doğma neçə şair,
Radioda neçə dalğa
Bizim üçün qada idi,
Bu qəbri də,
Çox qiymətli əsəri də,
Ya saxlamaq, ya qorumaq
Bizim üçün xata idi.
Ancaq gözlər görə-görə
Beşik kimi o qəbri
Ovsunladıq sanki dağda;
Görən dedi -
Əhsən dedi,
Ürəyində söylədi ki,
Etibara bir bax xalqda!
Uzun, çətin bir sınaqdan
Mətin çıxdı mənim xalqım, -
Çaldı zəfər.
Əmanəti axıracan o qorudu
Axşam-səhər.
Kim nə deyir qoy söyləsin
Gözəl xalqdı mənim xalqım.
Türk millətim.
Böyük qəlbim, böyük riskim,
Məhəbbətim!
Urəyimdə yer olmayıb
Köləliyə, əsarətə
Yadlar özü həsəd çəkib
Məndə olan cəsarətə,
Sədaqətə,
Etibara,
Əzəmətə!!!
Səbrim ilə iradəmlə,
kamalımla
daim qalib çıxmışam mən
müxənnətə,
xəyanətə,
əsarətə...
Acıdərədə bir təpədə
bir məzar var - Türkün
qəbri,
xalqımızın həm sınağı,
həm hünəri.
Elə bil ki, daş bir divdir
Sərilibdir bir dağ üstə,
Ətrafında kəhər atlar
Otlayırlar dəstə-dəstə.
Gündüzlər dörd tərəfini
Göz-göz lalələr bəzəyir,
Axşam düşdü göylərində
Sapsarı ay, ulduz gəzər...
May, 1986
Yaxşı insanlar
Baxırsan gözümə, solğun üzümə
Gözünə qəribə bir sevinc dolur.
Mənim büdrəməyim sənin qalxmağın,
Kədərim-sevincin, qələbən olur.
Sözə başlayırsan neçə mənalı,
Oxu da, yayı da mənə tuşlanır.
Mətləbi yüz yerə yozsan da özün
Görürəm tək mənim qapım daşlanır.
Sən haqq qazandırıb yüngül ömrünə
Ağır kişilərə yanıq verirsən.
Görürsən cavaba ehtiyac yoxdur,
Qəlbindən keçəni açıq deyirsən.
Şübhəmlə elə bil sirdaş olaraq
"Ölümlə sən məni yaman əyirsən".
Məzar eşələyən goreşən kimi
Sağ ikən köksümü eşələyirsən.
Qeyrəti, namusu, vətən eşqini
Sən irad tutursan çox-çox yoldaşa.
Elə bil insanın insanlığını
Sən qaxınc eləyib vurursan başa.
İndi kişilənib meydan açırsan -
Görürsən hardasa düşmüşəm qəmə.
Bu gündən, sabahdan çox danışırsan,
Deyirsən, kişisən di bacar ölmə.
Məni ölüm ilə çox da qorxutma -
Könlümə təsəlli yaxşı əməldir.
Məndən sonra gələn yaxşı insanlar
Sənin qənimindir, mənə heykəldir.
1982
Gecə durnalar uçar
Gecə durnalar uçar
Səslərində qəm, kədər.
Uçarlar son payızdan
İlkin bahara qədər.
Gecə durnalar uçar
Qaranlığa qarışar,
Oxuyub bir nəğməni
Qaqqıldaşar, çığrışar.
Gecə durnalar uçar,
Uçuşu yorğun, arğın.
Əriyər sıraları
Qoynunda qaranlığın.
Gecə durnalar uçar
Məst edər göyü, yeri.
Sanki göydə səslənər
Durnalar orkestri.
Gecə durnalar uçar,
Qəmli sonalar uçar.
Xatirələr oyanar,
İllər ilə calanar.
İqtibas
Pendir ağzında bir bala Qarğa
Uçaraq qondu bir qədim bağa,
Bu gəliş tülküyə tanış gəldi,
Yaxınlaşıb əvvəlkitək çömbəldi.
Dedi: - Xoş gəlmisən bala Qarğa
Səfa gətirmisən bizim bağa.
Bir zaman buraya çox Qarğa gəlib
Oxuyub, oynayıb, gülüb, şənlənib.
Onlar da bu bağda pendir yeyiblər
Pendir yeyə-yeyə nəğmə deyiblər.
Bilirəm sənin də gözəl səsin var,
Həm də oxumağa çox həvəsin var.
Nəğməniz ruhuma inan, məlhəmdir,
Bu bağça-bağ sizsiz bir dünya qəmdir.
Oxu, ruhum şad olsun,
Könlüm qoy abad olsun.
Bilənlər bilir mən sənət hərisiyəm -
Mən gözəllik, istedad dəlisiyəm.
...Pendiri ehmalca qoyub budağa
Qarğa başladı oxumağa.
...Tülkü baxıb-baxıb bərəkallah dedi,
Səndən gözləməzdim, vallah, - dedi.
1976
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!