Gəldim kədərinə şərik çıxmağa... - Şeirlər. Xosrov NATİL

 

 

Gəldim kədərinə

şərik çıxmağa...

 

Bu kəndin yamyaşıl yamacı vardı,

Bu kəndin yüz ildi çayı axırdı.

Bu kənddə yazbaşı yağış yağırdı,

İldırım çaxırdı, şimşək çaxırdı.

 

Sel olub selavı ötüb durulub

Hər il körpüləri sel aparırdı.

Yenə qışdan qalan otu-ələfi

İrişə-irişə yel aparırdı.

 

Atlar kişniyirdi, itlər hürürdü,

Örüşdə, otlaqda mal-davarıydı.

Qoyunu, quzusu yovşan yeyirdi

ətinin, qanının tamı varıydı.

 

 

***

Adamsız darıxıb yollar, cığırlar

Darıxıb bu kəndin otu, əncəri

Ta yoxdu, nə səhər işgüzarlığı,

Nə də ki axşamın əyləncələri.

 

Gecəsi, gündüzü kimə gərəkdi? -

Yayı da, qışı da yaman karıxıb.

Gödəlib günləri kimsəsizlikdən

Günəş də darıxıb, ay da darıxıb.

 

Yamanca korşalıb nitqi, avazı

Şerimin hər bəndi, hər bir misrası

Nə narlı dərə var, nə "qocamölən"

Nə çınqıl döşəli yol - kənd arası.

 

Yamanca korşalıb yadım-yaddaşım,

Dağılmış binənin ünvanı itib.

Evlərin içində urus ağacı,

Çölündə bir topa gəvəni bitib.

 

 

***

İşğal vaxtına düşdü, mənim yaddaşım

Çoxillik, qaysaqlı isti yaradı.

Günəşin altında gözükölgəli

Torpağın üstündə üzü qaradı.

 

Mənim yaddaşımın axırı itib,

Kölgələr altında nəmli mamıram.

Adına yazdığım neçə yazını

İşğaldan sonra da xatırlamıram.

 

Adım, soyadım da işğalda qaldı

Yadım, yaddaşım da girovdu elə.

Əsir-yesir olan güllər quruyub

küləklə üz-üzə durubdu elə.

 

İşğal vaxtına düşdü, mənim yaddaşım

Tanıya bilmirəm bərəni, bəndi.

Tanıya bilmirəm su quyusunu,

Tanıya bilmirəm bu doğma kəndi

 

Tanıya bilmirəm bu yolu, izi

Tanıya bilmirəm girinc qalmışam.

Hər gün qaça-qaça gözüyumulu

Getdiyim yolu da yadırğamışam.

 

 

***

Kənddirsə bu kəndin evləri hanı

Hanı səhərlərin bir xoruz banı.

Hanı, körpə-körpə şivləri hanı

Almadan alması, ruzusu hanı.

 

Hanı bədəlbəyin ərik bağları

Hanı ev qabağı yaşıllıqları.

Hanı şaftalısı, hanı hulusu

Hanı daş armudunun şirin sulusu,

 

Hanı körpələrin layla gecəsi

Hanı gündüzlərin çırı-çırpısı

Üstündə əsdiyi qız gəlinciyi

Hanı körpələrin evi - evciyi

 

(İndi Şəmsəddinin boz atı yoxdu,

Yoxdu bu ilxının kökü kəsilib.

Üstündə nəzəri qalıb bu yayın

İstidən dağların qarı əskilib)

 

Adamı qalıbsa dirisi hanı

Hanı Məhəmmədi, İdrisi hanı

Adamı ölübsə məzarı hanı

Hanı başdaşında nəmi-nişanı.

 

 

***

Burda doğulmuşdum, babam evində

Arılar çəkmişdi keşiyimi də.

Burda vurulmuşdum alça gülünə,

Tutdan asmışdılar beşiyimi də.

 

Yaylası, Tarlası, Zəmisi sovuq

Torpağım inciyib, həyətim küsüb

Yamacda sürdüyüm atlı - qamışım

Meydanda top qovan illərim küsüb.

 

Hərdən görüşürəm xeyirdə, şərdə

Qohuma, qonşuya uzağam, yadam.

Küçədə-bacada görsəm inan ki,

Bəlkə, birini də tanıyammaram.

 

 

***

Torpaq güllələnib, ağaclar ölüb

Elə bil zəlzələ alıb cənginə .

Nə yol var, nə çay var öz düzümündə

30 il zarafat gəlməsin sənə.

 

məktəbin binası uçub, dağılıb

düz otuz ildi ki, zəngi çalınmır.

Nə Zabil, nə Xosrov, nə Qulu müəllim

Ay Azər, torpağın könlü alınmır.

 

Burdan ayrılıqlar keçdi otuz il

30 il sükuta bələndi, necə

Çadır düşərgəsi, yataqxanalar

Sanki yuxu kimi keçdi beləcə.

 

Öldük şəhər-şəhər, öldük kəndbəkənd

Öldük küçə-küçə, öldük səkidə.

Səhəri dirigözlü açdıq hər yerdə

Allah göstərməsin hansı şəkildə.

 

İndi qayıtmışam cığırlar itib,

Bir nişan qalmayıb söyüdlü arxdan

30 il yol çəkən gözü quruyub

İçən yox qaynayan sərin bulaqdan.

 

30 il igidlər gəldi dünyaya

lilləndi, duruldu axar suyumuz.

Ölməyən bir ümid payımız oldu

Bir də Tanrı verən qismət - ruzumuz.

 

 

***

Çalınmır toyları, 30 il keçib

Vağzalı çalınmır mağar toyunda

Arzular gözləyir nişan gələcək

Ümidlər döyüşür sərhəd boyunda.

 

Solur çəmən-çəmən, solur tər çiçək

Bir sevgi nəğməsi, mahnı deyilmir.

Ömürlər gödəlir, ölüm çox cavan

Ölənin adına ehsan yeyilmir.

 

Çəkil bağlarının dərdi çəkilmir

Üzülüb tənəklər, dayağı yoxdu.

Üzü cadar-cadar torpağım mənim

Beşbarmaq çinarın yarpağı yoxdu.

 

dən düşmür nə vaxtdı şuma, torpağa

nə vaxtdı çəkillər budanmır yazda.

tənəkə qamışlar, qarğı hörgülər

torranıb, adamsız qalıb ayazda.

 

Ağzıgünə qalıb qəbr daşları

Bilinmir kimindi başdaşı yazı.

Düşmən gülləsindən şəkillər solub

Qəlpələr, mərmilər ölüm əşyası.

 

Vətən, yaddaşına güllə dəyməyə

bir qrad düşməyə elə, yığnağa

Gəldim məzar-məzar sənə dəyməyə

Gəldim kədərinə şərik çıxmağa.

 

 

***

Buynuzun bazar günü

Gözümə durmuşdu aynalı yollar

Sonra şəhid-şəhid şəkil paylaşdı.

Bu yollar mənimlə çoxdan tanışdı

Sonra gözlərini qaçırtdı məndən...

İstisi adamın qarsırdı günü

Buynuzun bazar günü.

 

Qanına yeridi yol dirəkləri,

Bir az da kiçildi ağaclar, kollar.

göydə buludlar bəyaz - göy üzü açıq səma

sarfası sakitliydi qaranquşun, qumrunun

Hasarın üstündə - bir nəzər gülü

Buynuzun bazar günü.

Qızılgüllər butada, açmamışdı qəlbini

Gözə yad gəlirdi sıralanan tənəklər,

dağdağan ağacları, qarağaclar, cökələr...

Farağat durmuşdu "üç daş" bulağı...

Elə bu may səhəri, eləcə bu yaz günü

Buynuzun bazar günü

 

Meşədə səsi yoxdu İsa-Musa quşunun

Evin ikinci qatı donmuşdu səssizlikdən

İlan gözlü gilənar üşüdürdü adamı .

Qabıq qoymuşdu onsuz evin kirəmit damı...

Bu may günəşində, bu bəyaz günü

Buynuzun bazar günü

 

Məzarının keşiyini çəkirdi Musa Yaqub

Bir daş kitabənin də üstündə öz sözləri

"Artsın vətən torpağı artsın bircə qarışın"

ətri gəlirdi çöldə vələmirin, kalışın

ot-ələf, biçin vaxtı - dəryaz günüydü,

dəryaz günü.

Buynuzun bazar günü.

 

...qadına məktub

 

Mən orda yoxam, qadın.

İzimi qaralama.

 

Səssiz səhər banından,

abırı yeyilmiş başmaqlarından,

günü axşam eləyən qeybət dağarcıqlarından,

bir də adından utanır

parkda çiçək açıb tikanlı Yukka.

 

Mən orda yoxam, qadın.

çiçəkləri qarğıma.

 

Qarğıma, kol üstündə yamyaşıl qönçələri

Qarğıma yolda, izdə qarşına çıxanları.

qoy səni bağışlasın əllərinin qabarı,

qoy səni bağışlasın iydələrin nübarı.

 

Qoy Tanrı bağışlasın,

Qoy səni bağışlasın doğmalara, yadlara,

üstünə and içdiyin adlara, soyadlara.

 

mən orda yoxam, qadın

Üzünə üz bağlama.

 

Gör nə vaxtdı dənizin havası çatmır orda,

Gör nə vaxtdı boğulur adanın su pərisi.

Gecələr ulduz-ulduz,

Gündüz darıxır Günəş.

Qaşıma göy üzünü,

Allahın adı keçən izi var göy üzündə.

 

Bir azca yer saxla ki

bu günün sabahı var,

Lalənin, yasəmənin yaz nəfəsli ahı var.

Unutma hər çiçəyin çölü var, çəməni var.

unutma

dünənki sevdaların adına nigahı var.

 

mən orda yoxam, qadın.

 

 

***

gecə yarısı gəlmişdi,

üzünə üz bağlayıb qapımı döydü külək

şüşələr diksindi, hürkdü hasarlar

küçə lampaları oyandı birdən

 

Qapıma çırpıldı kinli bir baxış

Qan sızdı beyninə gecə ayın da

Rəngi avazıdı qonşu evlərin

qulaqlar cingildədi, gözlər dörd oldu.

 

əsdi dəli-dəli dəhliz boyunca,

girdi ocağıma, otağıma da

axtardı şkafı, açdı dolabı

Axtardı, axtardı...mətbəxdə nəydi

Çirkli boşqablardı, boyat yeməklər,

Çaydanda dəmlənmiş bulanıq çaydı.

 

girdi güllə kimi yatağıma da.

Bu soyuq otaqda qadın izi yox

Sonuncu hissini azdırıb getdi

İkili çarpayı yerləşən otaq,

Yel vurub yelkənlər oynatdı, getdi.

 

dönük bir sevdanın qara kağızı

Atılıb qalmışdı qapı dalında

Könül çatışmazlığı vardı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!