Baybörə bəyin yeddi qızdan sonra gələn
madar oğlu
Bamsım Bamsım deyib əzizlədiyi
Dədən Qorqudun Beyrək adını verdiyi
üzü niqablı Bamsı Beyrək...
Boz ayğırlı
dəstəyi ağ tozlu yaylı
altı pərli gürzlü
igidlər igidi
ərlər əri
Bamsı Beyrək...
Baybican bəyin madar qızı
Banıçiçəyə adaxlanmadınmı igid
oxunun düşdüyü yerdə
bəylik çadırın qurulmadımı igid
adaxlının tikdiyi qırmızı qaftanı
geyinmədinmi igid
qırx ərən yoldaşınla
işrətə qurşanmadınmı igid
xain sizi casuslamadımı igid
kafir dediyiniz təkur
yəni atam
ordusuyla başınızın üstünü aldı
qırx ərənindən birini naibini öldürdü
yatdığınız yerdə otuz doqquz igidinlə
səni əsir götürdü
toy alaçığı yas alaçığına dönən Bamsı Beyrək
adaxlısının muradı gözündə qalan Bamsı Beyrək
atası Baybörənin ağlamaqdan
gözləri tutulan Bamsı Beyrək
anası al yanağını yırtan Bamsı Beyrək
yeddi bacısı qara geyib
göy bağlayan Bamsı Beyrək
otuz doqquz igidinlə on altı il
Bəyburd qalasında əsir qalmadınmı igid
nisgilini qopuzun tellərinə tökmədinmi igid
zulum-zulum ağlamadınmı igid
muradına çatmadığın nişanlınçün
burnunun ucu göynəmədimi igid
dəstəyi ağ tozlu yayın
altı pərli gürzün
əlindən alınmadımı igid
boz ayğırın təkurun ilxısına qatılmadımı igid.
at kişnəyər igid öyünər
atsız igidin ümidi olmaz
ümidsiz qalan Bamsı Beyrək
uca dağlar yaylağın idi
yaylaqsız qalan Bamsı Beyrək
soyuq-soyuq sular içdiyin idi
susuz qalan Bamsı Beyrək
tövlə-tövlə atlar mindiyin idi
yaya qalan Bamsı Beyrək
qatar-qatar dəvələr yüklüyün idi
yüksüz qalan Bamsı Beyrək
sürü-sürü qoyunlar şişliyin idi
şölənsiz qalan Bamsı Beyrək.
on altı il atamın əsiri oldun
Oğuz bəyləri öz kefində
Öldü-qaldın bilinmədi
Oğuz bəyləri öz kefində
Qaranlıq gecədə yolun aydınlanmadı
Oğuz bəyləri öz kefində
Bəyburd qalasını aşa bilmədin
Oğuz bəyləri öz kefində.
Banıçiçəyin qardaşı Dəli Qarcar
Bayındır xana varmadımı igid
Varıb da qabağında diz çökmədimi igid
Beyrəyin qaldısını gətirənə xələt
Öldüsünü gətirənə bacımı verərəm
demədimi igid
Dostun Yalançı oğlu Yalancıq
ona verdiyin köynəyi qana batırıb
Beyrək öldü xəbərini gətirmədimi igid
Dəli Qarcar sözünü tutdu
Banıçiçəyi Yalançı oğlu Yalancığa verdi
sıra-sıra toy alaçıqları quruldu
Oğuz bəyləri işrətə cəm oldu
xəbər sənə də çatdı
qopuz çalıb dərdini dilləndirmədinmi igid
halətin bağrımı yaralamadımı igid
örkən salladıb səni qaladan buraxmadımmı igid
gəl halallıqla məni al demədimmi igid
and vermədinmi igid
bəs andın nə oldu igid
toy alaçığına yetişən Bamsı Beyrək
toy xörəyindən yeyən
toy şərabından içən
özünü nişan verən
Banıçiçəyi görən
əhdi yadından çıxan Bamsı Beyrək
andını unutdun, igid
dalımca gəlmədin, igid
halallıqla almadın, igid
qılıncınla doğran, igid
oxuna sancıl, igid
yer kimi çatla, igid
torpaq kimi sovrul, igid
xəyanətə qurban get, igid
qarğışım alqışın olsun, igid...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!