Qarabağdadır
Otuz il bağrına dağlar çəkilən,
Otuz il gözləri yola dikilən,
Molla Pənah adlı könül vəkili,
Bəyi, xanı, şahı Qarabağdadır!
Qeyrətdən yoğrulmuş oğul yetirən,
Oğlu bu vətənə şərəf gətirən,
Çiyni tabutlarda oğul götürən
Anaların ahı Qarabağdadır!
Gülgəz yanaqlarda yaşa çevrilən,
Həsrətdən çatılan qaşa çevrilən,
Ürəklərdə mərmər daşa çevrilən
Şəhidlərin ruhu Qarabağdadır!
Ürək oğulsan, Polad!
İkinci Qarabağ - Vətən müharibəsi
şəhidi, general Polad Həşimovun
ruhuna ehtiramla
Əli qurusun sənə
Tətik çəkənin, Polad!
Cəsur generalıydın
Böyük ölkənin, Polad!
And içdi əsgərlərin,
Qanın yerdə qalmadı.
Elə vurdular, düşmən
Son nəfəs də almadı.
Sən torpağa köçəndən,
Torpaq da bayraq oldu.
Baş üstə gəzdirilən
Bayraq da torpaq oldu.
Bu yurdun ürəyində
Ürək oğulsan, Polad!
Vətən dadı verərdin,
Bir də doğulsan, Polad!
Ünvanın, yerin daha ürəklərin başıdı
İkinci Qarabağ - Vətən müharibəsi
şəhidi, qazaxlı Elcan Namazovun
ruhuna ehtiramla
Vətən uğrunda savaş başlayan kimi, Elcan,
Səs verdin Qarabağın iniltili səsinə.
Sipər edib sinəni yağı atan gülləyə,
Nəfəs qatdın torpağın ağrılı nəfəsinə.
Damarında türk qanın qaynadı, coşdu, ərən,
Şığıdın düşmən üstə, alov libas-od oldun.
Ucalıb Şəhidliyin əlçatmaz zirvəsinə,
Xalqımızın dilində ən şərəfli ad oldun.
Əvvəl bir eviniydin, indi bir ölkəninsən,
Ünvanın, yerin daha ürəklərin başıdı!
Vətən üçün ölənlər bu ulu məmləkətin,
Bu yenilməz diyarın ölməz vətəndaşıdı!
Torpağın balası
çağrılır adın
Füzuli bölgəsinin Kərimbəyli
kəndindən olan şəhid Anar Əsədovun
ruhuna ehtiramla
Ana qucağıydı Füzuli sənə,
Əvəzolunmazın, biriniydi o.
Haraya getsəydin geri dönərdin,
Ən müqəddəs yerin, piriniydin o.
Düşmənin əlinə keçmişdi yurdun,
Əsəbdən gözlərin qan çanağıydı.
Rahat buraxmırdı kişi qeyrətin,
Sinəni göynədən hicran dağıydı.
İntiqam zamanı gəldi yetişdi,
Nifrətin od oldu düşmən başında.
Şəhidlik zirvəsi düşdü payına
Təzə-tər ömründə, cavan yaşında.
Andına çevrildin obanın, elin,
Torpağın balası çağrılır adın.
Şəhidim, əmin ol, bir də yurduna
Dəyməz ayaqları yağının-yadın!
Qazağın suyuna,
havasına gəl
Məlhəmdi Qazağın suyu, havası,
Qazağın suyuna, havasına gəl!
Burda cəfa verən yoxdu insana,
Gözəl könüllərin səfasına gəl!
Qazağın suyuna, havasına gəl!
Kimisə görməzsən söyən, danlayan,
Çoxdu qonaq bilib, səni yanlayan.
Saysızdı dərd-qəmi gözdən anlayan,
Yüz ağrı-acının dəvasına gəl!
Qazağın suyuna, havasına gəl!
Sinəmdə görünən nisgil dağıdı,
Yerindən oynayan ürək tağıdı.
Vallah, həsrət, hicran mənə yağıdı,
İlahi sevginin bahasına gəl!
Qazağın suyuna, havasına gəl!
Bu yol sənə çəkdi məni
Pəncərədən yola baxdım,
Bu yol sənə çəkdi məni!
Şumlayıb sinəm üstünü
Fikir, xəyal əkdi məni!
Bu yol sənə çəkdi məni!
Döndüm, dolandım geriyə,
Çətin ki, könlüm kiriyə.
Bə hicran nə vaxt əriyər?
Həsrət qırdı, tökdü məni!
Bu yol sənə çəkdi məni!
Hər çiçəyə qonmaz meylim,
Əyilsəm, qoy "birə" əylim.
Demə gileylənmə, neylim,
Ayrılıqlar sökdü məni!
Bu yol sənə çəkdi məni!
Bələdçim ürəkdi,
o da ki, gözsüz
Geri dönəmmirəm getdiyim yolu,
Bələdçim ürəkdi, o da ki, gözsüz...
Heç bircə kəlmə də dilimə gəlmir,
Təsəvvür etməzdim içimi sözsüz.
Qurulan körpünü sınan görəndə,
Haqqı yalan-yarğan sanan görəndə,
Düzü düzdə qalıb, yanan görəndə
Yanıram yüz kərə, min kərə közsüz.
Qananın başına beləcə darsa,
Aha, iniltiyə qulağı karsa,
Qoynunda çoxdilli, çoxüzlü varsa,
Bu dünya sayılsın bə niyə üzsüz?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!