Vətəndir
Hər kəsin öz qəlbi, öz duyğusu var,
Həyat düşüncəsi, söz duyğusu var.
Hər duyan ürəyin yüz qayğısı var,
Mənimsə tək dərdi-sərim vətəndir.
Sənin, mənim varsa bizdə, bizim yox,
Bu yerdə hiyləyə, məkrə dözüm yox.
Dostlardan gizli bir sirrim, sözüm yox,
Bircə açılmayan sirrim vətəndir.
Bir yol tanıyırıq - o da haqq yolu,
Tarixim qan dolu, xəyanət dolu.
Vətəndə Babəkin kəsilən qolu,
Qürbətdə soyulan dərim vətəndir.
Mənim öz taleyim, öz alın yazım...
İlk eşqim, gözümdə qalan murazım...
İkiyə bölünüb, bölən Arazım,
Arazla qovuşan Kürüm vətəndir.
Bəzən çox tələsir, bəzən gec gəlir,-
Bütün dərdlərimə bu dərd güc gəlir.
Ürəyim sıxılır, başım gicəlir,
Fəqət ən ağrıyan yerim vətəndir.
Gəlirəm, Şuşam...
Deyəsən, mənim də yetişdi növbəm,
Tanrı dərgahına ulaşdı tövbəm.
Mən səni Mədinəm, mən səni Kəbəm
Bilirəm, Şuşam, bilirəm!
Bezmədim oxşayıb-əzizləməkdən,
Qəlbdə ocaq çatıb, köz közləməkdən.
Bir ömür boyunca yol gözləməkdən
Ölürəm, Şuşam, ölürəm!
Türkün ilk qalası, son şəhəri tək,
Ölməz şəhidlərin zor zəfəri tək,
Qoca müsəlmanın Həcc səfəritək,
Gəlirəm, Şuşam, gəlirəm!
Aç duman-duvağı, göstər üzünü,
Görüm zirvələrdə Cıdır düzünü.
Gözümün yaşıyla yağı izini
Silirəm, Şuşam, silirəm!
Qayıtdın ilahi inam, ümid tək,
Yaşandı otuz il ölü sükut tək.
Yol boyu boşalıb qara bulut tək
Doluram, Şuşam, doluram!
Qovzan zirvələrdən, gəlişimə bax,
Bu dağda, dərədə əl işimə bax.
Göz yaşı içində gülüşümə bax, -
Gülürəm, Şuşam, gülürəm!
Qara donlu kafir, qara günlü sən;
Başında kəlağay - ağca duman-çən.
İstəsən, son şəhid, ilk qurbanın mən
Olaram, Şuşam, olaram!
Könlümü
Bilmirəm neyləyim, hara aparım?
Dosta bağışlayım, yara aparım?..
Sürgünə yollayım, dara aparım
hər gün haldan-hala düşən könlümü?
Dərd var təkbaşına çalxamaq olmur,
Dərd var ki, oxşayıb ağlamaq olmur...
Yaralı quş kimi saxlamaq olmur
sinəmdə qovrulub bişən könlümü.
Mən ona bənzəyən ozan görmədim,
Alın yazısını pozan görmədim.
Bircə nizamlayıb düzən görmədim
yüz yerdən çatlayan şüşə könlümü.
Dərddən qoşun çəkib karvan elədim,
Qəlbi o karvana sarvan elədim.
Bir dəli sevdaya qurban elədim
bulaqtək çağlayıb daşan könlümü.
Özündə qırovlar, qarlar əridər,
Yaşamaq adına ömür çürüdər.
Kiritsə, anamız torpaq kiridər
bu ağlar könlümü, bu şən könlümü.
...Gəl
Deyirsən ki, nə gətirim gələndə,
Sındırdığım ürəyini götür, gəl!
Sən ən gözəl hədiyyəsən mənimçün,
Saçlarının qoxusunu gətir, gəl!
Fərqi yoxdur, boran olsun, qar olsun,
Yerli-yersiz məhkəmələr qurulsun;
Qoy gözlərim gözlərində durulsun,
Əllərini əllərimə yetir, gəl!
Olacaqlar olacaqmış axırda...
Göydən yağış-xatirələr yağır da;
Biz gəzərkən çiçək açan cığırda
Ayrılığın tikanları bitir, gəl!
Nə duyğulu, nə nisgilli payızdır, -
Gündüz günəş, gecələrsə ayazdır.
Tənha durna toranlıqda yol azdı,
Durnalar da qərib-qərib ötür, gəl!
Sən gəlməsən, bu dağlara çən gələr,
Qəlb evinə qəm üstündən qəm gələr,
Sənsizlikdən qövr eyləyən nəğmələr
Ürəyimə axır sətir-sətir, gəl!
Bu nə istək, nə həvəsdir, a zalım?
Sənsiz dünya boş qəfəsdir, a zalım;
Bəlkə də bu, son nəfəsdir, a zalım,
Dur, özünü son nəfəsdə yetir, gəl!
***
Bir qəzet küncündə gördüm şeirini,
şəkilsiz, imzasız,
Çox qəribəydi, -
Adın, təxəllüsün görünmürdü heç...
Oxudum, düşündüm...
Düşündüm, oxudum...
xətrimə dəydi.
Bilirsən niyə? -
Bu böyük qəzetdə şeirinin yeri
Bilmirəm niyəsə,
nəyə görəsə
Sənin ailədə, evdə, həyatda
Özünə seçdiyin yerə bənzədi.
***
Sənə bir yalan deyim,
O yalandan tut, yaşa.
Unudulacağını
Biryolluq unut, yaşa.
Sənə bir yalan deyim,
Doğrular yalan olsun.
Üşüyən ürəyində
Günəş doğsun, doğulsun.
Sənə bir yalan deyim, -
Bu dünya bizim olsun.
Gözəl oğlanlar - oğlum,
Qızlar da - qızım olsun.
Sənə bir yalan deyim, -
Ürəyində dağ olsun.
Qoruyucu mələktək
Səndən göz-qulaq olsun.
Sənə bir yalan deyim, -
Dincəlsin canın, canım.
İnandırdıqlarıma
Mən özüm də inanım.
Ölüm məşqi
Gəl, bir az ölümü məşq edək...
çaşıb,
Mən ölüm qəfildən, sən bir az ağla.
Qəlbinə axsa da odlu göz yaşın,
Bir az da özünə ehtiyat saxla.
Ölümü məşq edək səssiz-səmirsiz,
Nə vaxtdır həyatı məşq etmirikmi?
Yaşamaq adına iki ömrü biz
Ayrıca şam kimi əritmirikmi?
Öncə mən ölməli... bu acı xəbər
Başında çaxmasın ildırım kimi.
Ayağın altında yarılmasın yer,
Qarşında durmasın sıldırım kimi.
Qoy, ölüm... Ölümlə doğmalaşım bir,
Bu acı həyata üsyan eyləyim.
Sən yaşa, sən yaşat...qorxunc gecələr
Mən sənə təzə-tər şeir söyləyim.
...Son dəfə yaşayaq ölümü bu gün,
Mən ölüm... Sən bir az ağla, əzab çək.
İki ömür yaşa bir sevgi üçün,
Yolunu gözləyim mən də sevərək.
***
Dünən ilham pərim qonağımızdı,
Kimə, nəyə baxsam, şeir olurdu.
Mələklər başımda dövrə vururdu,
Ziyan işlərim də xeyir olurdu.
Təbiət çimirdi nur dənizində,
Pəncərəm günəşdən şəfəq əmirdi.
Sehrli duyğular səltənətindən
Könlümə təzə-tər hisslər damırdı.
Göylər xəyalıma qucaq açmışdı,
Günəş də uzaqdan gülümsəyirdi.
Quşlar qoşulmuşdu ürək ritmimə,
Qəlbimlə həmahəng nəğmə deyirdi.
Özüm də havalı gəzirdim evdə,
Yerdən üzülmüşdü əlim-ayağım.
Vəfasız dostlar da vəfalı idi,
Artmışdı bir anda arxam-dayağım.
İlham dayanmışdı əmrə müntəzir,
Saxlaya bilmirdim əldə qələmi.
Sözlər misralara düzülürdülər
Bir qala bürcündə kərpiclər kimi.
Adamlar, ağaclar, daşlar, çiçəklər
Məni bir baxışdan başa düşürdü.
Həyat qayıdırdı özəl rənginə,
Dünya gözlərimdə gözəlləşirdi...
Yapışıb ilhamın səmənd atından,
Onu cilovlayıb saxlaya bilsəm...
Könlümə ələnən nur yağışını
Bütün həyatıma paylaya bilsəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!