İtmiş nağıl
Mən çoxdan ölmüşəm,
səssiz-səmirsiz,
Dəfn olunmuşam
xatirələrdə.
Adım çəkiləndə
ağlayan gözəl,
Şəklimi balışda
saxlayan gözəl
Mənası varmıdır
bu əyləncənin?!
Hərdən xatırlasan
bir az, bəsimdi.
Bu, mən deyiləm,
gələn səsimdi.
Özümlə apara
bilmədim onu.
Açıb vərəqləsən
kitablarımı,
Başa düşəcəksən
əzablarımı,
İndi o dünyadan
gələn bir səsəm.
Yəqin inanmazsan -
darıxdım desəm.
Axı ölü hara,
darıxmaq hara?!
Yenə sözlərinlə
aldatma məni.
Bəsdi, insaf eylə,
ağlatma məni
Səni ürəyimdə
saxlayıram mən,
Həmişə ətrini
qoxlayıram mən.
Beləcə, bu yerdə
bitdi bu nağıl
Sahibsiz məzartək
itdi bu nağıl.
Vəhdət
Sən bir Ay parçası,
Mən odlu Günəş.
Yanır aramızda
Eşq adlı atəş
Əridib bir edir
bədənimizi,
sonra da göylərə
göndərir bizi.
Eşqin qüdrəti
Bütün sevgilərin sonu qəmdi-qəm,
Həvvanı sevərək, aldandı Adəm
Sonra da bunlardan doğuldu bəşər
Yarandı dünyada xeyir ilə şər.
Allah yaratdı gecə-gündüzü
Sonra bəxş etdi nitqi və sözü,
Eşqi göylərdən yerə endirdi,
İnsana paltardan don geyindirdi.
Beləcə, min ildi yaşayır bəşər,
Qadın xanım oldu, kişi isə ər.
Ötdü aylar, illər, fəsillər
Dünyanı dəyişdi gələn nəsillər.
Xatirələr
Bir evdə yaşayırıq biz -
Mən, sən, bir də xatirələrimiz.
Xatirələr bizdən əziz,
Xatirələr hüdudsuz kainat
Sahilsiz dəniz.
Əməllərlə arzuların vəhdəti
Həyat ötəri, xatirələr əbədi
Xatirələrdə yaşayır
Sən, Mən bir Eşqimiz
Xatirələr yazılmamış roman
Həyatda olmayan
ömrün davamı.
Xatirələrdə yaşayır
Atam və Anam.
Ailəm, uşaqlarım
bir də inam.
Əcəlim
Əcəlim -
dəcəlim
izn ver dincəlim.
Üç dəfə ayaq səsini
eşitmişəm.
Gözləmişəm -
gəlməmisən
Etiraf et ki,
qorxmusan məndən,
Mən güclüyəm səndən
Hətta üzünü də görmüşəm:
- Qaşları ağ, saqqalı ağ
Bir az üzgün
bir az salxaq
Əməlindən yorulmusan.
çiçək kimi solmusan
Bulud kimi
dolmusan,
Yağmamısan,
ağlamısan.
Gözlərin
Gözümə dikilib ala gözlərin,
İstəyir canımı ala gözlərin.
Məni eşq oduna sala gözlərin
Beləcə yaddaşda qala gözlərin.
***
Söz demək əzablı qönçə dodaqlar
Ürək qapısıtək açıq qalıbdır.
Təbəssümün aytək düşüb üzümə
Məni ixtiyarsız məndən alıbdır.
***
Gözlərin ulduztək axır qəlbimə
İstisi günəşdi, işığı aydır.
Elə baxırsan ki, ala gözlərin
Mənası dənizdi, işvəsi çaydır.
***
Yoxluğun dərd olub, özün var ikən,
Ömrümün şahidi dörd divar ikən.
Tanrı əzab verib hər ikimizə,
Gərək ki, yaşayaq biz dözə-dözə.
***
Könlümdə tikanlar, qanqallar əkmə
Məni məhəbbətlə sınağa çəkmə.
Muğamat
Qəzəllə gözəlin vəhdətidi muğamat,
Xəridməndlər sənətidi muğamat,
Millətimin qəm səsidi muğamat,
Gözəl qızın nəfəsidi ğuğamat,
Nalan bülbül nəğməsidi ğuğamat
Mən yetimin naləsidi muğamat.
***
Yaman kədərliyəm yenə bu axşam,
Titrəyir əlimdə yandırdığım şam.
Titrəyir qəlbimin telləri kimi
Tərpətmə sevgilim, o sarı simi.
Bir gözəl ağlayır
Bir gözəl ağlayır
qara geyinib
Gözündən ağappaq
yaşlar tökülər
Fəryadı şimşək tək
göylərdə çaxır
Başına fələkdən
daşlar tökülür.
Göz yaşı sel kimi
aparır məni
Fəryadı kökümdən
qoparır məni
Sağ ikən mənimçin
ağlayan gözəl
Sevgimin taleyin
düşün sən əzəl.
Üç məfhum
Üç məfhum var,
düşüncəmdə çırpınır
Biri Quran, biri Turan, biri də -
Əcdadımın mədfəni,
övladımın məskəni -
Can Azərbaycan!
Biri ruhum, biri duyğum,
biri canım!
Bu üçlüyün timsalıdır varlığım
İlahinin nəsihəti - Qurandır
Türk babamın vəsiyyəti - Turandır
Milli qeyrət əmanəti - Azərbaycandır!
Üçünə də canım qurban!
Avropanın hiyləsi
Avropanın hiyləsinə aldanaraq
Əmir Teymur Bəyazidin kəsdi başın
Sonra qəhər boğdu onu
Tökdü yaşın - qəlb yağışın
Hiylə gəldi dalğa-dalğa
Zərbə vurdu türk adlanan
ulu xalqa
Avropanın kralları
yedizdirdi oğulu aş
Quruldu Çaldıran da savaş
Üz-üzə gəldi iki qardaş
Qılınc çəkdi Şah İsmayıl
Sultan Səlim fəryad etdi:
Ayıl! Ayıl!
Çaldıranda Avropanın
qələbəsi ağır oldu
İki türkün hərəkəti
faciəli nağıl oldu.
***
Adını çəkəndə o gözəl qızın
Alnında isti bir tər puçurlandı.
Həyadan qızardı al yanaqları
Özü-özündən xeyli utandı.
***
Arıyam, bal çəkim dodaqlarından
Çiçəyəm, rəng alım yanaqlarından.
İzn ver dişləyim qoşa narından,
Sənin dövlətindən, sənin varından
Dadım, cana gəlim, ay gözəl pəri.
Sənin vaxtın
Sənin vaxtın,
mənim baxtım,
olmayacaq.
Eşq badəmiz
bir də daşıb
dolmayacaq
Bu məhəbbət
sənli-mənli deyil
inan, əbədidir.
Heç vaxt çiçək kimi
açıb-solmayacaq.
Sən dəli - mən təmkinli,
Mən səmimi - sən kinli
Həyat bizi sınayır
ömür isə qınadır.
Dünya və mən
Yenə kədərliyəm -
bu dünyada, bu yaşda
Ağıl qalmayıb başda -
gözlər qərq olub yaşda.
İndi hər an körəlirəm,
göz yaşımla sulayıram
dünyanı.
Göz yaşım bürüyüb
hər yanı,
Dünyanın suları,
quruyub,
Ocaqları sönüb,
dünyanın üzü dönüb.
Başa bəla olub
dünya da ömür kimi
Bu mənasız dünyadan
sürüyüb aparıram ömrümü -
meyit kimi.
Laqeydlik
Qaşların çatılıb - sanki bir hilal,
Gözlərin parlayır ulduzlar kimi.
Donmuşam qarşında, dilim olub lal
Özünə baxıram yalqızlar kimi
Oğrutək qəlbimi qarət etmisən
Sonra laqeyd-laqeyd çıxıb getmisən.
Sən
"Sən getdin, elə bil
dünya boşaldı"
Bəxtiyar Vahabzadə
Sən gəlmişdin
bulud kimi
Aydınlatdım.
Sənə görə
hər şeyi atdım.
Düşündüm ki, qoca vaxtı
əhdə çatdım -
Bu eşq məni
qaytaracaq cavanlığa
Biz görüşdük -
xoşbəxt oldum bir anlığa.
Çıxıb getdim,
xəyal qaldı duman kimi
İndi səni mən anıram
güman kimi.
Qoca türkün
könül dəftərindən
Neyləyim
Durna gözlüm,
şirin sözlüm,
günəş üzlüm,
mələyim.
Sənsən mənim
əvvəl-axır gərəyim.
Səndən ötrü
Darıxıram
heç bilmirəm
neyləyim...
Qalmışam nadan
əlində,
Hamı məni daşlayır,
Bir yandan qocalıq
gəlir.
Bir yanda eşq
başlayır.
Biri şeir yazma deyir
Düz yolundan
azma deyir
Öz əlinlə
dərin quyu qazma deyir.
Gözüm baxır
sular axır
Neyləyim?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!