Şeirlər - Xanım Sevər

 

Deyiləm

 

"Sevirəm"- deyərək tutsan əlimdən,

Min əzab versən də, dinən deyiləm.

Bir Leyli olmuşam eşqin yolunda,

Mən bu məhəbbəti danan deyiləm.

 

Bilirəm qəlbini qırmışam sənin,

Peşmanam, çox olub günahım mənim.

Tək səni bilirəm könül həmdəmim,

Özgə budağına qonan deyiləm.

 

Sən mənim gözümdə vüqarlı dağsan,

Sevgi gülşənimdə ətirli bağsan.

Xanımın qəlbində sönməz ocaqsan,

Bir daha sevgindən dönən deyiləm.

 

Sevgimiz

 

Məni varlığımla sənə bağladı,

Sellər tək çağlayıb, coşan sevgimiz.

Dastana çevrilən saf məhəbbətə,

Ətirli nəğmələr qoşan sevgimiz.

 

Məhəbbət ətrini səninlə duydum,

Birgə çiçək açdı diləklərimiz.

Sənsiz dünya mənə viran görünür.

Hər zaman bir vursun ürəklərimiz.

 

Təmiz eşqimizi qorudum hər an,

Mənim varlığımda, canım da sənsən.

Xanımın qəlbində yurd salan sevgim,

Damarımda axan qanım da sənsən.

 

Mənə bağlısan

           

Səndən qeyrisini görmədi gözüm,

Sənsən dilimdəki söhbətim, sözüm.

Ay vuran ürəyim, ay iki gözüm,

Sevgi dünyamızın uca dağısan,

Sən də mənim qədər mənə bağlısan.

 

Mənə tale yazan bir qismətimsən,

Eşqimsən, andımsan, sədaqətimsən.

Sən mənim əlçatmaz məhəbbətimsən,

Bir cənnət ətirli sevda bağımsan,

Sən də mənim qədər mənə bağlısan.

 

Mənim xəyalımdan çıxmırsan bir an,

Sən sönməz çıraqsan, qəlbimdə yanan.

Səndən qeyrisini görmürəm, inan,

Xanımın sözündə yoxdur bir yalan,

Sən də mənim qədər mənə bağlısan.

 

Hardasan, ömrüm

 

Ömrüm bir su kimi axır xəbərsiz,

Bir dəfə demirsən hardasan, ömrüm.

Demirsən ki, səni sevən insana

Bəlkə çətindəsən, dardasan, ömrüm.

 

Tənha qalıb, xəyallara dalıram,

Sənli günlərimi yada salıram.

Gəzdiyin yerlərə mehman oluram,

Sanıram ki, sən də ordasan, ömrüm.

 

Həsrətin qəlbimi sızladır yaman,

Görən qovuşmağa varmı bir güman?

Xanım xəyallardan ayrılan zaman,

Kaş ki, görəydi ki, burdasan, ömrüm.

Varı məni

 

Görən gündən valeh edib

Bağ-bağçanın barı məni.

Dağ başında əriməyən,

Dağlarımın qarı məni.

 

Çöl-çəməni açıb çiçək,

Hər birisi gözəl, göyçək.

Bilirəm ki məst edəcək,

Bu yerlərin varı məni.

 

Xanım baxar həvəs ilə,

Xoş danışar hər kəs ilə,

Ovundurar xoş səsiylə

Telli sazı, tarı məni.

 

Anamdır mənim

     

Nə qədər ürəkdən yananım olsa,

Halıma qalanım anamdır mənim.

Ayağım büdrəyib yıxılan zaman,

Qadamı alanım anamdır mənim.

 

Onu əvəz etməz dünyada heç kim,

Odur güvənc yerim,qəlbimə hakim.

Bir gün köçüb getsəm, oxunsa hökm,

Saralıb-solanım anamdır mənim

 

O həm sirr yerimdi, həm güvəndiyim,

Tərifə söz yetməz, hansını deyim?

Bəzən bəd gətirsə bəxtim, taleyim,

Saçını yolanım anamdır mənim,

Halıma yananım anamdır mənim.

 

Göyçədir

 

Könlümün dərmanı, ruhuma qida,

Xəyalım, düşünçəm Göyçədir mənə.

Adı gələn zaman qürur duyuram,

Bütün dünya-aləm Göyçədir mənə.

 

Saz-söz beşiyidir ərənləri var,

Yaxşını, yamanı görənləri var,

Sənatkara qiymət verənləri var,

Atam, anam, balam Göyçədir mənə.

 

Həsrətindən köz-köz olub ürəyim,

Bir gün çin olacaq arzu, diləyim.

Xanım, açılacaq gülüm, çiçəyim,

Könlümüzə məlhəm Göyçədir mənə.

 

Laçın

 

Bayatılar

 

Doğmadır Laçın bizə,

Tərtərlə Xaçın bizə.

Vüsal dəmi çatıbdır,

Yolları açın bizə.

 

Bu elə yenə gəldim,

Getmişdim, yenə gəldim.

Mən Laçına qovuşdum,

İmana, dinə gəldim.

 

Laçında qalmaqaldı,

Ordumuz qisas aldı.

Vətən yağıya qalmaz,

Anam qədər halaldı.

 

O gözlər məni

 

Baxışına qurban olum, əzizim,

Odlara salıbdır o gözlər məni,

Dönüb oğrun-oğrun baxandan hərdən

Canımı alıbdır o gözlər mənim.

 

Baxışın da gözəl, özün də gözəl,

Söhbətin də gözəl, sözün də gözəl.

Gözəl görmədim ki, gözündən gözəl,

Yadımda qalıbdır o gözlər mənim.

 

Hərdən xəyallara dalıram sənsiz,

Könlünün mehmanı oluram sənsiz.

Subhə qədər oyaq qalıram sənsiz,

Yuxumu alıbdır o gözlər mənim.

 

Xanımın gözünü yolda qoyma, gəl,

Ürəyini için-için oyma, gəl,

Sirrimizi el-aləmə yayma gəl,

Həmdəmim olubdur o gölər mənim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!