Getmək istədiyim yurd var... - Avdı Qoşqarın şeirləri

 

 

Ruhun səsi

 

Türkün qılıncı da ovxarlıdı,

Sözü də...

Qılınc qurşayanı da ərəndi,

Sözə qurşananı da...

İnsan idrakından yuxarıdı yaratdıqları,

Qəzəbi - "Tanrı qırmancı"dı,

Sözünün ağırlığı "Devdi"...

Ruhları göylə pıçıldaşır -

Tanrı evində...

Ayaqları yerə bağlı...

Dünyanın gülüzlü sakinləri...

Nicatı türklərlədi bəşərin.

Yesir bəşər qapamağa çalışır

İşıq gələn yeri...

 

2

 

Bir əsrdə iki dahi,

Biri söz, digəri qılınc böyüyü,

Biri "kişi bətni"ndən Türkiyəni "doğdu"

Mustafa Kamal Paşa adında...

O biri söz fatehi oldu

Sözün işığında zülməti boğdu.

Aydınlığa çıxartdı türk ruhunu -

Yad nəfəslərin çuxası altından...

İyirminci əsrin iki dahisi -

Biri torpağın üstündə,

Biri göy çadırının altında -

Bir-birini sinirə bilmədi.

Nə söz məmləkəti,

Nə məmləkət sözü.

"Dar ağacından asıb,

Üstündə zülüm-zülüm ağlayaram" -

Dedi Mustafa Kamal Paşa.

Tapsa asardı -

Dünyanın söz dahisini,

Sonra başını əlləri arasına alıb -

"Hey, gidi dünya, ey gidi Nazim" söylərdi.

 

Getmək istədiyim

yurd var...

 

Getmək istədiyim yurd var, şəhər var.

Sinəmi göynədən dərd var, qəhər var,

Minmək istədiyim at var, yəhər var -

Təbrizdə, Dərbənddə, Qarayazıda...

 

Nə yolu hamardı dördnala, çapam

Ne duman seyrəlir, çəhlimi tapam,

Biçilmiş zəmiyəm, tapdanmış otam -

Təbrizdə, Dərbənddə, Qarayazıda.

 

Yurd deyib, ev bildim, xəyalım çaşdı,

Dərd düyən hörüklər qulac-qulacdı,

Ünvan soraqladım, yolumu çaşdım -

Təbrizdə, Dərbənddə, Qarayazıda.

 

Yad səsdən on yerə bölünər şüşə,

Dağdan qopan qaya qürbətə düşər...

Bağrımın başında ayrılıq bişər, -

Təbrizdə, Dərbənddə, Qarayazıda...

 

Bir əlim düyülü, biri boşdusa,

Bir gözüm qurudur, biri yaşdısa,

Yurd üçün başlanan son savaşdısa

Alışım odumu yel avazıda

Təbrizdə, Dərbənddə, Qarayazıda.

 

Ruhum heç barışmadı

 

Ruhum heç barışmadı,

Göyünnən, yerinnən sənin...

Nə dost oldum, nə də düşmən -

Ölünnən, dirinnən sənin!

 

Bu nə mizandı qurulu?

Köhləni başdan yorulu...

Altun dağların yarılır -

İçinnən, dərinnən sənin.

 

Yaradana sarı gəldim,

Bəsincə yüklədi dərdi -

Nə sevgi, nə vəfa gördüm -

"Mövlannan, pirinnən" sənin.

 

Ərənin, qoçun ovlanır,

Qannı yaralar hoylanır,

Neçə əbləhin boylanır -

Bətnindən, tənindən sənin...

 

 

Atan dirigözlü ölüdü,

oğlum

 

Elnur Astanbəyliyə

 

Atan dirigözlü ölüdü, oğlum...

Bircə qəbristanda yeri çatışmır,

Orda ölülərin biri çatışmır...

Quruca nəfəsi bağlayır sizi,

Yerişi müəmma, baxışı sükut -

Elə, ölü kimi ağlayır sizi -

Özü ölü kimi gəzəri tabut.

 

Atan dirigözlü ölüdü, oğlum...

Otun sarısını canına çəkir,

Sözün acısını canına çəkir,

Günəşin qüruba əyilən çağı -

Payızın xəzanı gözünü silər...

Dünyanın cəfakeş yarağışları -

Gəlib qapımıza sığına bilər

Ata yadigarı kimi qarşıla...

 

Atan dirigözlü ölüdü, oğlum...

Gəzəri ruhlar var - canımdan keçir,

Bir yuva şenəldir hərə içimdə,

ən böyük məzarlıq insanın içi -

hərəsi bir donda, ayrı biçimdə...

birinin gözündə şaxtalı Sibir...

birinin qisməti didərgin qəbir...

 

Atan dirigözlü ölüdü, oğlum...

...meyli yuxarıda göynən əlləşir,

ətrafı seçəmmir, yeri tanımır,

axirət evi var - öynən əlləşir,

irəli yol bilmir, geri tanımır,

sümsük umacaqlar könlünə yaddır,

əlçatmaz sevgidir, bir də həyatdır.

 

Atan dirigözlü ölüdü, oğlum...

Cahillər gözünə od ələdilər,

İşığı içində güllələdilər -

Qalmadı bir məhrəm, bir isti nəfəs,

Çarmıxa çəkildi gözünün odu,

Susdu ürəyində boyu sınan səs,

Qüruru qalmadı, şaxı qalmadı...

 

Atan dirigözlü ölüdü, oğlum,

...bəlkə cəsarətim çatmadı dözəm,

Qalam diri adda, diri libasda -

İnsan var - dillənməz tənəli sözə,

Ruhundan dara çək, gözündən as da...

Belə dirilərdən ölü yaxşıdı,

Qanqaldan bir səhra gülü yaxşıdı.

 

Heç nə

 

İnsan dərdi boydadır,

Dərddən yuxarı heç nə...

Cümlə xislətə varsan,

Mərddən yuxarı heç nə.

Vaxtı zamana cala, canı keçir ələkdən -

Yumşaqlıq tez ələnir,

Sərtdən yuxarı heç nə.

Nə dərisi satılan,

Nə gönü geyiləndi,

Zəhmli, sözü bütöv

Bərkdən yuxarı heç nə.

Ya əqidə qulu ol,

Ya sürün ayaqlarda -

İnsanda hər şey açıq,

"ört"dən yuxarı heç nə...

Qapalı çarşab kimi,

Qara geyməsin için -

Qılıncla içini yar,

Alpdan yuxarı heç nə.

Yetişə bilmirsənsə,

Allah ucalığına -

Yeddi arşın yerə gir,

Qatdan yuxarı heç nə.

Ya qazi ol, ya şəhid,

Ya sus içinə çəkil,

Başını yerə endir

Altdan yuxarı heç nə...

Torpaq nəfsinə ot tax,

Qafil, biz torpağınıq,

Ya altında, ya üzdə

Sarpdan yuxarı heç nə...

 

Əfəndim

 

Kimə ürək versən, əngəli çıxır,

Ürək verməsən də olmur, əfəndim!

Hər daşın altından yad əli çıxır,

Yadla könül evi gülmür, əfəndim!

 

Mən gəzən sevgilər bitməz izimdə,

Qurtarmır savaşım - özüm-özümlə,

İlk eşqin alovu yanır gözümdə -

Nə sirdir ilk sevgi gülmür, əfəndim!

 

Döngələr - bir sınaq yerimi, gedim,

Yaşadığım ömrü - gerimi gedim,

Üz tutub, öz doğma yerimə gedim -

ərgən qafil olur -

bilmir, əfəndim!

 

Öldürür

 

Adamı Allah öldürmür -

Adamı adam öldürür.

Gah qaşıyla, gah gözüylə -

Gözləri badam öldürür.

 

Gəlir əlində daşıyla,

Gəlir düyülən qaşıyla -

Yanaqdan axan yaşıyla -

Öldürür, qadam, öldürür.

 

Hər şeyə dözən ürəkdi -

Ürək də bircə çərəkdi -

Vətəndi, yurddu, çörəkdi -

Evdi, odadı, öldürür.

 

Yanaşı

 

Zaqatalaya Mövlud Qəhrəmanova məktub

 

Mövlud müəllim, xasiyyətin nə həlim,

İncə qəlblə, bilən başla yanaşı...

Udmaq olar bütün ağrı-acını -

Sənin kimi bir qardaşla yanaşı...

Bizə bəlli bu dünyanın hər üzü,

Hamısından ağır gələr dərd üzü...

Boyatıyır, öləziyir - mərd izi -

Yad qapıya düşən daşla yanaşı...

 

Məxluq həyat körpüsündə piyada,

Güvənc yoxdur nə yaxına, nə yada.

Görübsənmi su içində tək ada -

Tufanıyla, yağışıyla yanaşı...

 

Müdrik kişi, ərən kişi, nər kişi,

Yaranışdan süvar kişi, ər kişi,

Bu dövrana tab gətirməz hər kişi -

Bir olmasa qəlbi başla yanaşı.

 

Minik olsun nə kəhər at, nə yabı,

Qoşqar deyər, Mövlam çəkər hesabı,

Vaqif demiş, "kef-damaqdı əzabı" -

Gözü gülən qara qaşla yanaşı...

 

Sökün bütün divarları...

 

8 iyun ad günümlə Mikayıl Müşfiqin acı xatirəsi bir günə düşdü...

 

Sökün bütün divarları

Hasardan təcridxanaya.

Bəlkə sökülə örtüklər -

Yaranın dibi qanaya.

 

Qan axıb qansızı tuta,

Axa canından aşağı...

Sözü imansızı tuta.

Ruh çıxa qanın içindən -

Qanın, zamanın içindən -

Şığıyıb cəlladı tuta...

 

Hərəmiz bir az cəlladıq -

Hərəmiz bir az qaniçən.

Bir təmiz dəniz axtaraq -

Baxaq bir badya - qan içi.

 

Nargin adası görünür -

Qan dolu açıq havada.

Yəqin balıqlar qan udur -

Qana bulaşıq yuvada.

 

Qanlı şair yuvasından

Hələ də üfüq qan dolu.

Bu qanı yalayır cəllad -

Qannan keçir şair yolu.

 

Sökün bütün divarları

Hasardan təcridxanaya.

Bəlkə sökülə örtüklər -

Yaranın dibi qanaya.

 

Bağışla

 

Altmış il ömür dartdım dalımca,

O yaşama, bu ölümə bağışla...

Qor daşıdım, köz becərdim boşuna -

O alova, bu külümə bağışla.

 

Dünya kösöv - ömür yolu sacdısa,

Qovrulmağa sarı sünbül acdısa,

Tac gəzirdin -

Dərdim başda tacdısa -

O şərəfə, bu zülümə bağışla...

Uyğunlaşdıq canı üzən bürküyə,

Zədə düşdü, çat düzüldü hörgüyə,

Tərs qurulan bu mizana, bölgüyə,

O gedimə, bu gəlimə bağışla...

 

Daha hənir avazıyır külümnən,

Nə əyildi - özüm əydim dilimlə.

İndi daha əlləşirəm ölümlə -

O dilimə, bu ölümə bağışla.

 

Nəydi gedən, nəydi qalan bilmədim,

Sənə çatan, mənim olan bilmədim,

Kimə doğru, kimə yalan bilmədim -

O sözümə, bu dilimə bağışla...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!