Şeirlər - Fəridə HACIYEVA

 

Bayrağımı sevirəm

 

Bayrağımı sevirəm,

Yaşılı, qırmızını, göyünü.

Bir də, bir də vətənimin

Ay-ulduzlu göyünü.

 

Bayrağımı sevirəm,

Qoy ucalsın əllərdə.

Dalğalansın hər zaman

Nur üzlü könüllərdə.

 

Bayrağımı sevirəm,

Anamı sevən qədər.

Qürurum, sirdaşımdı

Ən azı ömrüm qədər.

 

Şəhidlər xiyabanı

 

Ziyarətə gəldiyim yer,

Diri-diri öldüyüm yer,

Baxıb öyündüyüm yer,

Şəhidlər xiyabanı.

 

Anaların qüruru,

Karvan gedir, yorulmur,

Allah! Necə qorunur

Şəhidlər xiyabanı!

 

Gedən getdi, gəlmədi,

Onlar sağdı, ölmədi,

Yerin-göyün məbədi

Şəhidlər xiyabanı.

 

Qışın oğlan çağında,

Qərənfillər bağında,

Gözəllik ünvanında

Şəhidlər xiyabanı.

 

Baxıram yol uzunu,

Çəkəmmirəm  gözümü.

Ünvanıdır sözümün

Şəhidlər xiyabanı.

 

Hara aparır

 

Dünyama dür səpilir,

İlahinin səsindən.

Yunis Əmrə, Mevlana,

Veysəlin nəfəsindən.

 

Ruhumda min havacat,

Şah damar tərpənişdə.

Könülləri seyr edən,

Seçilmirəm dərvişdən.

 

Göz yaşım qəlbə axır,

Bu nə gözəllik Allah!

İlahilər xəzinəm,

Sənə gəlirik Allah!

 

Halım yerindən qopur,

Havalanıb uçuram.

Bu sədadan zövq alıb,

Ürəyimi açıram.

 

Bu səs sirri xüdadır,

Məni məndən qoparır.

Cənnət-məkan olmuşam,

Öz yanına aparır.

 

Aşıb-daşacaq

 

Pərvanə deyiləm odda alışam,

Zərbəni unudub susam, barışam,

Mənəm gözəllikdə dönən, yarışan,

Nadanlar gözümdə oyun-oyuncaq.

 

Dünyamla baş-başa qalmışam hələ,

Şipşirin xəyala dalmışam hələ,

Haçalı-keçidli yolmuşam hələ,

Hər sözüm-söhbətim qanad açacaq.

 

İmdadım Allahdan olacaq mənim,

Gör necə sadiqəm, qucacaq məni.

Ən rahat ilahi qalacıq mənim,

Ünvanım sevgiylə aşıb-daşacaq.

 

İnci gəzdim

 

Ümmanda inci gəzdim,

Könlüm nura boyandı.

Ruhumun hər əzası

Bircə-bircə oyandı.

 

Hislərim mələkləndi,

Gəzdim düzü-dünyanı.

Sevgimlə yola çıxdım,

Sevindirdim duyanı.

 

Ümmanda inci gəzdim,

Gəzdim düzəm yaxama.

Gözəlliyi pay verəm

Hər qarşıma çıxana.

 

Tanrıma üz tuturam

 

Yaman çaşıb qalmışam,

Zamandan baş açmıram.

Yox demirəm qorxağam,

Bu dünyadan qaçmıram.

 

Matım-qutum quruyur,

Yolumda nadan görsəm.

Mənə naşı deməyin,

Gördüklərimə gülsəm.

 

Tanrıma üz tuturam,

Kömək olsun bizlərə.

Sevinc, təbəssüm yaysın

Donuq qalmış üzlərə.

Gözəlliyə qərq olub

 

Külək məni məst edəcək bu gecə,

Külək mənə nəfəs verir, dəm verir.

Külək süzür, nəğmələnir elə bil,

Zildən enib ürəyimə bəm verir.

 

Söz-söhbətim onunladı, onunla,

Bu coşquyla ulduzlara çatıram.

Qəlbim yenə sətirlənir, düzülür,

Sevincimi sonsuzluğa qatıram.

 

Aman allah! Tənhalığın içində,

Toy-büsata, çal-çağıra dönmüşəm.

Ümman boyda gözəlliyə qərq olub,

Ürəyimi yerlə, göylə bölmüşəm.

 

Hoqqular

 

Ümid günəşin

            Uzaqdan

Şüasına bənzər.

 

Payızın qoxusu

            Qəlbimin

Sızıltısıdır.

 

Düşmənə

            Haqsız yanaşma.

Ədalətli ol.

 

Yaxşılığı edən

            Unudar.

Alan unutmaz.

Qış gəldi.

            Hava təmizləndi.

Körpə nəfəsi kimi.

 

Yaxşılıq

            İnsana zövq verər.

Ruhu təmizlər.

 

Könül gözəlləşdi.

İnsan

            Nur tək saçdı.

 

Göydə

            Ulduzlar sayrışır.

Arzularımın

            Sayı qədər.

 

Yaz gəldi

            Hər yan təzə-tər.

Ruhum gözəlliyə boyandı.

 

Paxıllıq

            Cəhənnəm odu.

Ora düşən qurtulmaz.

 

Sevməyi bacar.

            Sevsən, sevilərsən.

 

İnsanlıq

            Ucalıqdır.

Alçaqlıq

            Cəhənnəm odu.

 

Yaxşılığı et, unut.

Yolun açıq olsun.

Rəhimdil ol.

            Rəhmin bol olsun.

Cənnəti

            Bu dünyada qazanarsan.

 

Üzünün təbəssümü

            Dörd yanı işıqlandırar.

 

Haqqı ucaldıb

            Haqsıza örnək ol.

 

Varlı coşanda

            Dəliqanlı.

Kasıb coşanda

            Dəli deyərlər.

 

Niyyətini düz tut.

            Yolun haçalanmasın.

 

Allaha zikr edib,

            Şükrümü çatdırdım.

O məni gördü.

 

Bağışlamağı bacar.

            Ruhun rahatlansın.

 

Təkəbbür

            İnsanlığı

                        Məhv edir.

 

Sadə ol,

            İnsanları sev.

Allah da səni sevər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!