Ərəfə
Nə oldu?!
Sarsıldın?!
Boş qaldı meydan?!
Dayanmaq ölümdür, bu oyun deyil, -
Qaldır qılıncını torpaqdan, oğlan,
Səninçün son yoxdur!..
Hələ son deyil!
Qarşında dipdiri Bisütun dağı,
Hələ nə etmisən, nə yarmısan ki?!
Dəmirdir qayası, misdir torpağı,
Hansı qayasını qoparmısan ki?!
Hələlik sükutdur tufandan qabaq,
Bilirsən nə gözəl tufan gələcək?!
Sənin qismətindir bu görunən dağ,
Sənindir qarşıda zaman - gələcək.
Qılıncın, külüngün əlinin altda,
Əlinə ən gözəl fürsət düşübdür.
Xəbərin varmı ki, bu sərt həyatda
Bəxtinə əbədi şöhrət düşübdür?!
Əbədi mükafat, əbədi şöhrət,
Qayalar da gərib əzələsini, -
Dünya göz-gözədir...
Nə qədər millət
Gözləyir kiminsə əziləsini...
Sənə gərək deyil Rüstəm qılıncı,
Sənə gərək deyil Fərhad külüngü, -
Başla, qayalardan qopsun qığılcım,
Dağları eşq ilə yarmaq da mümkün.
Bir anlıq sükutdur tufandan qabaq,
Dünya intizarda...
Nəsə olacaq, -
Deyəsən, titrəyir qarşıdakı dağ,
Sənin döyüşün də qısa olacaq.
Baxma fısıldayır qoca gürzələr,
Qorxub-çəkinməyə ixtiyarın yox.
Sənindir bu təzə, açılan səhər,
Sənindir ilk bahar!
Son baharın yox.
Şirlər arasından götür bu taçı,
Görənlər görsünlər dövran kimindir, -
Parlasın qoy Türkün zəka qılıncı,
Gurlasın qoy Türkün zəka külüngü!
Dostu, düşməni də indi seç, ayır,
Səni zaman doğub, zaman gözləyir, -
Bu dağdan o yana Turan başlayır,
Bu dağdan o yana Turan gözləyir!..
Xoşbəxtlik
Qarşına nə qədər yollar çıxıbdır:
Ucuz şöhrət yolu, var-dövlət yolu,
Soyuna, kökünə xəyanət yolu,
Kef dolu, cəzasız cinayət yolu...
Hamısının üzü gedər-gəlməzə...
Yaxşı ki, onlarla getmədin, könül.
Paxıllıq demirəm, hələ heç kəsə
Ömründə qibtə də etmədin, könül.
Sənin iradəni daşlar qırmayıb,
Daş üstə titrəyən lalələr qırıb.
Şöhrət gözlərini qamaşdırmayıb,
Bir damla brilyant şeh qamaşdırıb.
Yalan ayaq açıb üzə güləndə
Qəzəbdən çevrilib daş olan da sən.
"Çahargah" üstündə
dan söküləndə
Sona bülbüllərə qoşulan da sən.
Göylərin alovlu şimşəklərini
Qol-qola, baş-başa bağlamısan da,-
Tufanlar qorxuda bilməyib səni,
Göy gölü görəndə aglamısan da.
Yollarım boyanar işığa, zərə
Sənin yana-yana yaşamağınla, -
Bir az küləklərə, bir az güllərə,
Bir az zirvələrə oxşamağınla.
Bizim qanadımız qalib diləklər,
Anadan dünyaya qalib gəlmişik, -
Bütün müşküllərə odlu ürəklə,
Açılan qaşlarla qalib gəlmişik!..
Yüz faiz
"Doxsan doqquz faiz düzəlib işin,
Doxsan doqquz faiz tapacam səni, -
Lap gecə yarısı zəngimi gözlə,
Gözləyir sehrli qızıl cam səni".
Məni aldatmağa çalışma, bala,
Mənə "doxsan doqquz" çoxdan tanışdır, -
Sən elə bildin ki, inandım sənə,
Mən bildim, yüz faiz yalan danışdın.
Təzələr gözündə köhnələr gülünc,
Mən dünya görmüşəm, ay təzə quzu, -
Hünərin çatmırsa bircə faizə,
Qatla qoy cibinə doxsan doqquzu.
Gah çaşıb min dedin, gah beş yüz faiz,
Dilinə gəlmədi təkcə yüz sözü, -
Amma ağır idi doxsan doqquzdan
Köhnə kişilərin bir faiz sözü...
Səni qınamıram, bazar balası,
Bazar dünyasına dönüb bu dünya, -
Nə sən narazısan, nə də mən razı,
Sağ ol, gülə-gülə!.. İnandım guya.
İşim ya düzələr, ya da düzəlməz,
Lap heç düzəlməsin, cəhənnəm olsun, -
Mən köhnə gürzəyəm, ay təzə şeytan,
Mənə təsir etməz cadu, ya ovsun.
Bilirəm, arxamca gülürsən indi,
Mənim də silahım öz köhnə peşəm, -
Bu dəfə yüz faiz növbə sənindir,
Sənin qədəhini zəhərləmişəm...
Nabran
Xəzər başda-başa zümrüd dənizi,
Sahil meşələri başqa bir dəniz, -
Zümrüd dalğaların zümrüd nəğməsi
Köçdü ürəyimə məndən xəbərsiz.
Köçdü ürəyimə yaşıl səadət,
Ömürlük yamyaşıl saxladı məni.
Bu necə sevgidir, necə məhəbbət,
İndi də ötürəm həmin nəğməni.
Sağımda, solumda su pəriləri,
Şer də qoşmuşdum hətta birinə, -
Qızıl balıq kimi çıxanda sudan,
Günəş zər tökəndə qədəmlərinə:
- Sən özün bilmirsən dəniz dibindən
Qalxıb qanadlanan şirin bulaqsan, -
Səni məndən sonra tapalar çətin,
Axıb şor sulara qarışacaqsan...
O yaşıl nəğmədən yaşıl dad qalıb,
Qalıb ürəyimdə düz indiyəcən, -
Qızıl gəncliyimin qızıl qandalı
Məni qandalladı o eşqə necə!..
Mən qurban olaram o qandallara,
Yüz dəfə, min dəfə yoxlayıb məni, -
Atıb tufanlara, burulğanlara,
Tutub gəncliyimdə saxlayıb məni!..
Ulutürk and içdi...
Bir məclisdə and içdi
Xəlil Rza ULUTÜRK,
Ruhumda silkələndi
ulu TURAN, ulu TÜRK:
- Eşq olsun bu dünyanın
Zabil Pərviz zirvəsinə!
And olsun bu dünyanın
Zabil Pərviz zirvəsinə!
Əvvəlcə çaşıb qaldım
eşidəndə bu andı...
Onda on doqquz yaşım,
onda hələ cavandım.
O and qanadım oldu
üfüqləri ölçməyə,
Əlçatmaz zirvələrin
üzərindən uçmağa,
Dənizlər adlamağa,
okeanlar keçməyə,
Qanadlı tufanları
doğramağa, biçməyə!..
O and silahım oldu
gündəlik döyüşlərdə,
Əriyib yox oldular
qəm-qüssə də, kədər də...
O and ilə unutdum
hər ağrımı, acımı,
O nişan verdi mənə
ulduzlar arasında
yol gözləyən tacımı...
O and mənə göstərdi
doğru yolu, düz yolu,
O dedi qarşındadır
saralmayan, solmayan,
sarsılmayan söz yolu, -
Zaman sarsıda bilmir
yalnız söz sarayını,
Baxma daş saraylara,
yarat öz sarayını...
Deyirlər kasıb olub
guya Əliağa Vahid,
Hər muğam axşamında,
hər muğam gündüzündə
Əyləşıb kürsüsu?də
necə arxayın, sakit...
O and mənə sirr açdı,
Söz səni qaldıracaq
Sidrətül-Müntəhaya, -
Söz dirilik suyudur,
Sözü vermə fənaya...
Haçan, harda toxunsan
ucuz şöhrətə, ada,
Onda sındırıcaqsan
uçuş qanadlarını, -
qoru öz baharını!..
O and mənə dedi ki,
qarşında bircə yol var:
Turan yolu, türk yolu! -
Qoru o böyuk yolu!
O and inadım oldu,
keçdim daşdan, dəmirdən,
Keçdim alovdan, oddan,
o and çıxmadı yaddan.
Ömür yaşamadım ki...
O andı yaşadım mən, -
O andı qurşadım mən,
döndü Misri qılınca, -
Bir də göz açıb gördum
mənə zireh gərəkməz.
Başdan-başa poladam,
başdan-başa qılıncam!..
Qu nəğməsi
Dostum Etibar Əbilov üçün
Ömründə bir dəfə oxuyur
qu quşları,
ömründə bicə dəfə.
Sən
ilahi qu nəğməsisən,
Nə səndən əvvəl oxuyublar səni,
nə səndən sonra səslənəcəksən.
Tanrının özü kimi
Tənhasan,
Təksən!..
Bütün fənalıqlar
qədəmində yer ilə yeksan, -
Sən hansı kökdənsən,
sən hansı soydansan?
Nə bənzərin var, nə bərabərin, -
Yarı gülsən, yarı insan...
Eyni kök üstündə...
Gənclik dostum Əlirza Xələfli üçun
Məni də Allah yaradıb,
Allahdan razı insanam.
Həqiqətin səngərində
Nahaqqa asi insanam.
Tufanlarda sönməyən şam...
Nələrə şahid olmuşam, -
Min dəfə şəhid olmuşam,
Hələ də qazi insanam.
Əzəlin yurddaşıyam mən,
Əbədin qardaşıyam mən, -
Köhnə çəki daşıyam mən,
Köhnə tərəzi insanam.
Mən bir dağam, qarı sevgı,
Aşıb-daşan varı sevgı...
Yarı həsrət, yarı sevgi,
Yarı da arzu insanam.
Damarımda gəzən muğam
Tanrıdan mənə ərməğan, -
Nə qılıncam, nə də qalxan,
Qılıncın ağzı insanam!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!