Çərpələng
- Babacan, uçurduğun
Quşlar niyə uçur ləng?
- Onlar quş deyil, Asəf,
Çərpələngdi, çərpələng.
Çağlayır
- Baba, nədən göy üzü,
Hönkür-hönkür ağlayır?
- Səni görüb sevincdən,
Göylər coşub, çağlayır.
Dağdağan
Bizim eldə-obada,
Belə müdrik söz gəzər:
- Dağdağan taxanlardan
Uzaq olar bəd nəzər.
Ulduzlar yerə yağır
- Babacan, ay babacan,
Nənəmi də tez çağır.
Göydə olan ulduzlar
Qar olub yerə yağır.
Günəş
Günəş düşdü dənizə,
Çöhrəsi ağ bənizdə
Günəş çıxdı dənizdən
Al qırmızı bənizdə.
Cöngələr
Çəmənliyə gedən yol
Torpaqlı döngələrdi.
Otlaqda hörüklənən,
Dəlisov cöngələrdi
Dovşana bax, dovşana
Dovşana bax, dovşana,
Sığınıbdı yovşana.
Gözləyir ki, biz gedək,
Gəlib girsin bostana.
Dovşan girdi bostana,
Boylandı dörd bir yana.
Gördü baxan yox ona
Kələm yedi dostyana.
Pişiyin hiylələri
Acgöz pişik gizlicə,
Çıxdı cücə ovuna.
Ana toyuq səslədi,
Cücələri qoynuna.
***
"Ovçu" pişik xəlvəti
Sərçəni izləyirdi.
Ağacın yarpaqları
Sərçəni gizləyirdi.
İydə
Yaz günləri obadan
Ətirli dad, iy gələr.
Nənəm sevincək deyər:
- Çiçəkləyib iydələr!
Ərimir
Qar yağanda bağçadan
Qaçırıq evə sarı.
Saçımıza yağan qar,
İsti duycaq əriyir.
Deyirəm ki, görəsən,
Bu nə sirdir, bu nə sirr,
Babamın saçlarına
Yağan qarlar ərimir?
Ayanın cavabları
- Ayan, nə vaxt
Açır lalə,
Yanağına
Qonur jalə?
- Yazda.
- Aşıq əmi
hey saz çalır.
Mahnıları
nədə çalır?
- Sazda.
- Zümzüməni
Güllü çaydan.
Harda edir,
Söylə, Ayan?
- Qazda.
Pöhrələr
Yamancana sozalmışdı
Xan çinarın pöhrələri
Su içəntək açıldılar,
Pöhrələrin çöhrələri.
Ağladı
Xəzri yaman sərt əsdi,
Sular coşdu-çağladı.
Dəniz buna dözmədi,
Hönkür-hönkür ağladı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!