Oğuz elinə bəla gətirdin, çoban,
yaylağa çıxdığın yerdə
Oğuz elinə bəla gətirdin, çoban.
Yolunu Uzun bulaqdan saldığın yerdə
Oğuz elinə bəla gətirdin, çoban.
Biz pəriləri gördüyün yerdə
Oğuz elinə bəla gətirdin, çoban.
Yapıncını atıb məni tutduğun yerdə
Oğuz elinə bəla gətirdin, çoban.
Mənə sahib olduğun yerdə
Oğuz elinə bəla gətirdin,
Qonur Qoca Sarı çoban.
Adəm pəriyə yaxınlaşmaz bilməzmisən
pəri adəmə yar olmaz bilməzmisən
adəmlə pərinin izdivacından
bədheybət doğar bilməzmisən
nəfsini tuta bilmədin çoban
bətnimdə əmanət qoydun çoban
amma əmanətinə də sahib çıxmadın çoban
Aruz qoca götürdü ərliyinin bəhrəsini
Qam Ğan oğlu Bayındır xanın rizasıyla
alaçığına apardı tək gözlü balamı
qaçaq vaxtı itgin düşən
şir anadan süd əmən
illər sonrası tapılan
Dədən Qorquddan ad alan
sonbeşiyi Basatla böyütdü.
Təpəgözün səndən olduğunu
bilməzmiydin, çoban?
bu nə bədheybətdir deyə
sormazmıydın, çoban?
Oğuz elinə nə cür bəla üz verdiyini
duymazmıydın, çoban?
Üç gündə üç süd anası öldürdü Təpəgöz
canını döşündən sovurdu
gündə bir qazan süd içdi Təpəgöz
yenə istədi
uşaqlarla oynamadı Təpəgöz
onları dişlədi
birinin qulağını yedi
birinin burnunu
birinin əlini gəmirdi
birinin ayağını
danladılar Təpəgözü
söz kar etmədi
döydülər Təpəgözü
döyüldükcə böyüdü
vurulduqca boy atdı
günlər ötdü aya döndü
aylar keçdi il dolandı
sürülərə daraşdı Təpəgöz
quzular qoyun ola bilmədi
Təpəgöz yedi onları
təkələr keçi ola bilmədi
Təpəgöz yedi onları
qulanlar at ola bilmədi
Təpəgöz yedi onları
köşəklər dəvə ola bilmədi
Təpəgöz yedi onları
Dədən Qorqudu çağırdılar
boy boyladı
soy soyladı
öyüd verdi Təpəgözə
kar aşmadı
nəsihət etdi Təpəgözə
kar aşmadı
Oğuz igidlərini nümunə göstərdi Təpəgözə
kar aşmadı
söz Təpəgözün qulağına girməz çoban
pəri oğlundan adəm olmaz çoban
Təpəgözdən xeyir gəlməz çoban
Oğuz eli Aruza şikayətə gəldi
Oğuzdan qovdular Təpəgözü
malımızı qoyunumuzu yedi dedilər
Oğuzdan qovdular Təpəgözü
oğul uşağımızı dişlədi dedilər
Oğuzdan qovdular Təpəgözü
bir xeyrini görmədik dedilər
Oğuzdan qovdular Təpəgözü
heç olmasa şəri bizdən uzaq olsun dedilər
Oğuzdan qovdular Təpəgözü
Oğuzdan getdi Təpəgöz
çölə üz tutdu Təpəgöz
dağlara sığındı Təpəgöz
Salaxana qayasında məskən saldı Təpəgöz
yol kəsdi Təpəgöz
yolçuları yedi Təpəgöz
sürüləri qamarladı Təpəgöz
Bayındır xanın yanına
məsləhətə gəldi Oğuz eli
belə olmaz dedilər
Təpəgöz bizdə gün-dirlik qoymadı dedilər
bir Təpəgözün əlində əsir-yesir olduq dedilər
bu işə bir əncam gərək dedilər.
Sən də ordaydın, çoban,
qara qoçun ağ ətindən yedin, çoban,
dolça-dolça ayran içdin, çoban.
Bığlarını sildin, çoban
amma dinmədin
Təpəgöz məndən törəyib demədin
tamahımın bəhrəsidi demədin
kaş belim sınaydı demədin
Oğuz elinə bu bəlanı mən gətirdim demədin
dinmədin çoban
dillənmədin çoban
Bayındır xan əmr etdi
Təpəgöz ölməlidir
igidlər qılınc qurşandı
Təpəgöz ölməlidir
ərənlər ox-yay götürdü
Təpəgöz ölməlidir
atlanıb yola düşdülər
Təpəgöz ölməlidir
balamın yanına getdim
barmağına üzük taxdım
xeyir-dua verdim
ox bədəninə batmasın dedim
qılınc ətini kəsməsin dedim
Salaxana qayasına vardı qoşun
ən qabaqda Salur Qazan
Təpəgözü əhatəyə aldı qoşun
ən qabaqda Salur Qazan
hücuma keçdi qoşun
ən qabaqda Salur Qazan
ox batmadı Təpəgözə
qılınclar çilik-çilik oldu
əmudlar parçalandı
nizələr qırıldı
dünya başına dar oldu Salur Qazanın
Təpəgözün zərbəsindən
Qazanın qardaşı Qaragünə məğlub düşdü
Təpəgözün zərbəsindən
Uşun qoca oğlu
Dəmir donlu Mamaq
Bığı qanlı Bükdüz Əmən
Aruz oğlu Qıyan Səlcük
can tapşırdı
Təpəgözün zərbəsindən
Oğuz eli məğlub oldu
qaçıb qurtuldu bacaran
Təpəgözün yemi oldu qaça bilməyən
Dədən Qorqud elçi düşüb
Təpəgözün yanına gəldi
Oğuz yurdu əlində əsir oldu dedi
viran qaldı dedi
fələyimizi döndərdin dedi
ocağımızı söndürdün dedi
gündə iki adam beş yüz qoyun istədi Təpəgöz
razılaşdı dədən Qorqud
yemək bişirməyə də iki nəfər istədi Təpəgöz
Bunlu qoca ilə Yapaqlı qocanı
verdi Dədən Qorqud
vəd etdiyi gündəlik payı
göndərdi Dədən Qorqud
çapqınçılıqdan qayıtdı Basat
Oğuzun əhvalından xəbəri yoxdu
xeyli qənimət gətirdi Basat
Oğuzun əhvalından xəbəri yoxdu
alaçığını qurdurdu Basat
Oğuzun əhvalından xəbəri yoxdu
dincəlib yorğunluğunu aldı Basat
Oğuzun əhvalından xəbəri yoxdu
ayağına düşdü Oğuz ağbirçəkləri
ovuclarına sığmır lələkli oxun dedilər
təkə buynuzundan bərk yayın var dedilər
İç Oğuzda Daş Oğuzda bəllidir adın dedilər
Təpəgöz qan uddurur bizə dedilər
qardaşın Qıyan Səlcükü də öldürdü dedilər
Aruz oğlu igid Basat dadımıza yetiş dedilər
ata ocağına gəldi Basat
qardaş üçün göz yaşı tökdü Basat
atası Aruz qocadan
anası Qaba ağacdan
halallıq aldı Basat
qoymadılar getsin
qulaq asmadı Basat
dayanmadı Basat
qardaşımın qanını almalıyam dedi Basat
yaraqlanıb yasaqlanıb yol aldı
Salaxana qayasına yetişdi
Təpəgöz günorta yuxusundaydı bu vaxt
Basat ox atdı
Təpəgözün dərisini deşmədi
Basat qılınc çəkdi
Təpəgözün ətinə işləmədi
dəmir qızdırıb tək gözünə soxdu
kor oldu Təpəgöz
nəriltisi dağları lərzəyə gətirdi
kimsən igid soruşdu Təpəgöz
məni məğlub edəni tanıyım dedi Təpəgöz
tək gözümü aldın əlimdən dedi Təpəgöz
hardan gəldin sən igid
yerin nə yerdir
döyüş günü bayraq götürən xanınız kimdir
soruşdu Təpəgöz
igid igiddən adını gizlətməz dedi Təpəgöz
nişanını ver dedi Təpəgöz
elim Oğuz məskənim Günortacdır dedi Basat
döyüş günü bayraq götürənimiz Bayındır xandır
adımı sorsan
Aruz qoca oğlu Basatdır dedi Basat
süd qardaşıyıq dedi Təpəgöz
qıyma mənə dedi Təpəgöz
atama qan qusduranda
qardaş demirdin dedi Basat
anamı yasa batıranda
qardaş demirdin dedi Basat
qardaşım Qıyan Səlcükü öldürəndə
qardaş demirdin
ağca üzlü gəlinimizi dul qoyanda
qardaş demirdin
ala gözlü uşaqlarını yetim qoyanda
qardaş demirdin
tökdüyün qanlar yerdə qalmaz dedi Basat
qisasım səndə qalmaz dedi Basat
Təpəgözün öz qılıncıyla boynunu vurdu Basat
Təpəgöz öldü çoban
Oğuzdan bəla sovuşdu çoban
oba şənliyə yığışdı çoban
sürülər kəsildi bardaqlar açıldı çoban
sən də şənliyə getdin
tək gözlü oğlunun ölümünə
badə qaldırdın çoban
şadyanalıq etdin çoban
Dədən Qorqud soy soyladı
boy boyladı
Basata xeyir-dua verdi
sən də Basata dua et, çoban
amma bir də
yolunu Uzun bulaqdan salma, çoban.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!