Vəsiyyət
İlahi! Göyçək kimi öldür məni,
İlahi! Çiçək kimi öldür məni.
Mələk donunda öldür,
Zamanımın bir anında öldür.
Əzizimin yanında öldür.
Qıyma can çəkə-çəkə can verim,
Əzabdan, ağrıdan,
Qovrulsun yatağım, yerim...
Doğmaları,
doğram-doğram eyləsin.
İlacsızca,
gah Yer desin,
gah göy desin,
Qoyma gizli-gizli göynəsin.
Ölən öldüyünü bilməsin deyə,
O əlilə, bu əlini,
bərk-bərk saxlasın ki,
Əlləri başını döyməsin...
Çöhrəsi qəm libası geyməsin.
Təki ölən öldüyünü bilməsin.
Allahım!
Mən ki, könüllü can verəcəm.
Qıyma ağrıyan canımın
hayına qalam.
Doğmaların yanında,
belə aciz, gücsüz olam.
Aparanda məni,
Özüm kimi apar.
güclü kimi apar,
dözüm kimi apar.
Alnıma yazılan yazım kimi apar.
Haqqdan gələn sazım kimi apar.
Köksümdən qopsun ahım.
Bircə anda,
azad olsun ruhum.
Ruhumun bayramı kimi,
İtirərəm bədənimi, çəkimi.
Göy üzündə ünə dönnəm.
Zaman gələr yenə dönnəm.
Allahımın əmri ilə,
Bəşər üçün,
Vahid olan dinə dönnəm.
İlahi! Göyçək kimi öldür məni,
İlahi! Çiçək kimi öldür məni.
Gerçək kimi öldür məni...
Ölümə
Ölümə həsr olunur
Ölümə
zülüm deməyin
küsər, inciyər...
Ölümə zalım deməyin,
Xətrinə dəyər,
Özünü döyər...
Göz yaşından paltar geyər...
Ölümə salam verin,
Xoş gəldin deyin
Gəlişini öyün...
Ölümə yolum deyin,
Sevgilim, gülüm deyin.
Bu dünyanın əzabından,
Taleyinin qəzəbindən,
xilas edən xilaskardı.
Əbədiyyət adlı yardı.
ölüm elə ölü deyil,
nə də elə dəli deyil...
Hamını yığıb aparsın,
Yağış tək yağıb aparsın.
Onunda öz seçimi var,
kimlərdənsə qaçımı var.
Onundu bu missiya,
o yazığın suçumu var?
Gah adını dəyişər,
gah özüylə döyüşər.
Əzrayıl deyir özünə
Məsumluq yapır üzünə.
Gedək... - deyir gedək,
Gedək Ay ömrü gödək!
At nisgili, qübarı,
Gedək..
Ölümə yox,
Oluma gedək...
Bu oyanışa,
Salama gedək...
Göy atam,
qoy qızın olum!..
Məni anlamadı nə dağ, nə dərə,
Nəyi gözləmişəm mən əbəs yerə.
Üzümü tutaraq deyim göylərə,
Göy atam, qoy sənin göy qızın olum!
Hə köç karvanına qoşula bildim,
Nə də yağış olub göydən töküldüm.
Elə əzəl gündən qəmdən tikildim,
Göy atam, qoy sənin göy qızın olum!
Göy atam, göyərə bilmədim, neynim,
Göy atam, açılıb, gülmədi eynim.
Hey çalır ayrılıq nəğməsi, neynim,
Göy atam, qoy sənin göy qızın olum!
Hicran qılıncıyla yaman budandım,
Düşdü çilik-çilik yerə son andım.
Mən belə doğrandım, belə sınandım,
Göy atam, qoy sənin göy qızın olum!
Təklik diş qıcardır başımın üstə,
Ah, necə inləyir "Kəsmə şikəstə".
Qıratım kişnəyir, Koroğlum xəstə,
Göy atam, qoy sənin göy qızın olum!
Kəsib yolumuzu kinli yoxuşlar,
Hava çox dumanlı, yağır yağışlar.
Qorxuram tökülə başıma daşlar,
Göy atam, qoy sənin göy qızın olum!
O yoldan gələn yoxdur
Yol çəkən gözlərim,
hara baxırsan?
O yoldan gələn yoxdur.
Dərdimi bilən yoxdur
məndən qaçanım,
Kim bilir harada gəzir
o pünhan.
Nə bilir qəlbimi üzür o pünhan?
Taleyə intizar yazır o pünhan?
Yol çəkən gözlərim hara baxırsan?
Hələ ki, bu dünya gizlədir onu,
Hələ ki, bu dünya gözlədir məni.
Səslədim hələ ki, sorağı yoxdur,
Səslədim, ümiddən asılı qaldım.
Ümidin nə sonu, çırağı yoxdur
Yol çəkən gözlərim yolu axtarma,
Sağına boylanıb, solu axtarma,
O yoldan gələn yoxdur.
Kol basıb o yolları,
Bağlanıbdı qolları,
Qırammıram kolları
məndən qaçanım,
O kollar artdıqca oraq oluram.
Orağı çəkdikcə yaraq oluram,
Dönüb bayatıya, dönüb qoşmaya,
Sözə təşnə olan varaq oluram.
Bəlkə də dünyanın qəlbi yumşala,
Bir zaman o yolda çıraq yandıra.
Bir zaman yol üstə yanan şam olam,
O şam yol gözləyə, çıraq yan dura.
Mən onda şam kimi əriyəm, gedəm,
Əriyəm dünyada nəyim qalacaq,
O yolun nisgili ağlayan, didən,
O şamın qalığı qəbrim olacaq.
O yoldan gələn yoxdur.
Əfsanə olacaq qəbrim özü də,
Təmiz məhəbbətin,
Dəniz sədaqətin.
Timsalı olacaq elin gözündə,
O qəbrin nisgili də,
O qəbrin yaş günü də,
Yaddaşa dönəcək bu Yer
üzündə.
Yol çəkən gözlərim hara
baxırsan?
O yoldan gələn yoxdur.
O dünyaya məktub
Səndən qorxa-qorxa,
Adın gələndə,
Niyətini biləndə,
Ümüdümü yıxa-yıxa,
Qaçırdım.
Qorxudan qanad taxıb,
Sanki uçurdum.
Səndən qaçırdım, o dünya,
səndən qaçırdım.
Bu dünyanın sevgisinə bələnib,
Bu dünyadan,
Ümid adlı pay dilənib,
Sığınırdım ona.
Mən gücsüz bir uşaq,
Osa olurdu ana.
O, bu dünyaydı,
bu dünya.
Bu dünya atam idi,
anam idi, qardaş idi.
Onlar mənə,
ülfət idi, sirdaş idi.
Elə ki, sən o dünya,
Qılıqlanıb,
Hər an, hər dəqiqə onları anıb,
Özünə çəkdin.
Məni yumaq eylədin.
Sinəmdə dərd, azar əkdin.
Doğmalarım bu dünyadan əl çəkib,
Sənə - o dünyaya
Köç eylədilər.
Ümüdümü puç eylədilər.
Eh, o dünya,
Sənə nifrət edə-edə,
Səninlə qohum oldum.
Kədərim, ahım oldun.
Məzarıstan adlı ölkəndə,
Başdaşı ağacı kölgəndə,
Atam evi, anam evi, qardaş evi,
Üçbulaq oldu.
Üç bulaq çəkildi,
Göz yaşımdan.
Doqquz ildir gildir yaşlar töküldü,
başdaşlarından.
O bulağın suyundan.
Səndə içirsən o dünya!
Təşnəsən, nəsən?
Doya bilmirsən,
İnsafa da gəlmirsən.
O göz yaşımdan,
Suladığın otun, çiçəyin cücərir,
Sənə cənnət, cəhənnəm becərir.
Gör nə günə qalmışam,
Necə yazıq olmuşam.
Doğmaları əlimdən alsan da,
ağrı, əzab olsan da,
indi qohum kimi
sənə məktub yazıram.
Daha qorxmuram səndən.
Nə vaxt məndən can istəsən,
hazıram.
Sənə məktub yazıram, o dünya!
Neyniyim,
Səndə əmanətim var...
Məni sənə bağladı onlar.
Yalvarıram,
Onları cənnətinə qonaq elə,
O bulaq suyundan içsinlər.
Tanrı dərgahına köçsünlər.
Daha nə yazım? -
Hələlik, o dünya, hələlik.
Bilirəm ki, əvvəl, axır
sənə köləyik.
Məndən onlara salam söylə...
İşıq sevgilim
Üzündəki işığamı vuruldum?
Üzündəki işığamı yar oldum?
Bu nə işdir, ay Allah!
O Göy oldu, mən Yer oldum,
Buludundan süzülərək
Duruldum.
Yağış oldum, qar oldum
Harda olsam , kim olsamda,
O işıqla var oldum.
Ey işıq sevgilim!
Yaraşıq sevgilim.
İşığına qol açıdım,
Bu dünyanın
İlk "ol"una yol açdım.
Heç bilmədim,
Haçan oldu, işığından
Xəzan adlı gül açdım.
İlk "ol"unun işığından,
Həvva oldum, Həvva kimi
dil açdım.
İşığına güvəndim,
Elə ilk "ol"undan
işıq sevəndim.
İndi budu,
O işığı üzündə gördüm,
O işığı gözündə gördüm,
Sən getdin,
O işığı izində gördüm.
Arxanca harayladım,
Səni yox,
O işığını səslədim.
ürəyimdə,
o işığa "sevgi nəğməsi" bəslədim.
Ey işıq sevgilim!
İşığına yar olmaq,
İşığınla var olmaq
İlahi bir ətamı?
Mən işığa butamı?
Bəlkə elə,
Sən Adəmin ruhunu daşıyırsan?
İşıq kimi yaşıyırsan.
Ey işıq sevgilim!
İşığına bələnimmi?
Göydən Yerə
Nur seli tək ələnimmi!
İşıq dili ilə,
danışımmı, dillənimi?
Göy üzündə işıq olub
Sellənimmi?
Eheyy... işıq sevgilim,
Eheyy...
Sinəm alışıb sevgilim
İnsanlar həddini aşıb sevgilim,
Dünya yaman qarışıb sevgilim,
Dünya o vaxt xilas olar ki,
Göy Yerlə barışıb sevgilim
Eheyy... işıq sevgilim!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!