Şeirlər - Qədiməli ƏHMƏD

 

 

Bir bucağın altında

 

Birinci lent fırlanır -

Bir bucağın altında

Bahara qış gəlib,

hürr olmağa əsarət.

 

Həmin zaman özü yalan,

ayaq açıb yeriyir...

Vaxtın hiyləsini biləydin gərək.

İndi üç yaşında uşaq da

dadır aldanışın acılarını,

Duyur

əsgər mundirindən gələn

müharibə qoxusunu,

fəlakətin qorxusunu...

 

Ürəklərdən sökülən

işıq yıxıntıları

yoldu qaranlıqlara...

 

İkinci lent fırlanır -

Mərmiyə tuş ağacın özü yarımcan idi,

Budaqları yaralı,

torpağı al-qan idi.

Qarlı yollar amansız,

sərt küləklər caniydi -

Ordan qaçaq salındı bir el yurd-yuvasından.

 

Ümidlər, arzular da

qara düşdü o gecə,

Bilmədik o gedən el

hara düşdü o gecə,

Ayı söndü hər şeyin,

qara düşdü o gecə,

Ölümlər doğulurdu şimalın havasından.

 

Bir bucağın altında

ölüm doğulur nə vaxtdı...

 

Oxusun məni

 

Mən də piyadayam bu yer üzündə,

Çapıram hələ də ayaqlarımı.

Hər gün gözlərimlə qapıdöymələr

Birqəpiklik edib arzularımı.

 

İndi də şəhərin küçələrində

İstidən cızdığı çıxan adamam.

Məni vüsal ilə sınağa çəkmə,

Həsrəti sinəmə sıxan adamam.

 

Dur, sənin gözlərin oxusun məni,

Mənə həsr eləyib axı nəsini?

Oxusun sükutla səfil bir eşqin,

Bir ömrün, taleyin faciəsini...

 

Dur, sənin gözlərin oxusun məni...

 

***

Mən baharda düşən tənha yarpağam,

Vaxtsız qırılmışam öz budağımdan.

Hər gün bir addım

Uçurur,

aparır küləklər məni.

 

Mən yollarda qalan arzu kimiyəm,

Açılmır önümdə bağlı qapılar.

 

Mən sənin girdəcə gözlərin kimi

Daim əsarətdəyəm.

 

Məni məndən sonra elə unut ki,

Xatırlamayasan unutduğunu...

 

Xəyanət

 

Addımları hələ də

gözdən qoymur xəyanət...

 

Vəhşi şimal küləyinin hər gəlişi güllədi...

Gizlədir çoxlarından qatil xasiyyətini,

dağıdır yuvaları qana bulaşmış əllər...

 

Çərpələnglər yerində uçaqlar var səmada,

unudub çılğınlığı günahsız balacalar.

Nəmli zirzəmilərə sığınıb,

vaxt gözləyir,

Kiyev küçələrində susur məsum uşaqlar.

 

Yaxasından yapışıb,

çəkir qanlı fəlakət,

Qorxuya sinə gərir

müdhiş qaranlıqların, dəhşətlərin içində.

 

İnsanıyla,

suyuyla,

ağacıyla,

quşuyla,

Lap quruca daşıyla gedir istiqlalına.

Torpağını hələ də güllələyir xəyanət...

 

Bilməyəcəksən

 

Yenə qarışıqdı bu dünya kimi,

Baş aça bilmirəm xatirələrdən.

 

Könlümdən yolçuluq etmək keçsə də,

Bir az çəkinirəm baxışlarından.

Bir az da yolumda durur nöqtələr...

 

Gözlərdən başlanır addımlar axı...

Sənə söz deməyə macalım olmur.

Vaxtın yerişində ləngiyir dilim,

Deyə də bilmirəm,

bir az mənimsən...

 

Əllərim saçını sevmək istəyir,

Bəlkə də, gözlərin sevən dənizdi.

Kirpiklərin sahil ağaclarıtək

Qoruyur dənizin gözəlliyini.

 

Bəlkə, deyəcəksən pıçıltı ilə -

nə qədər daş ürəklisən, şair...

Bilməyəcəksən,

bu, zamanın rəsmidi...

 

Nə vaxtdır

 

Nə vaxtdır durulmur sular,

Dünyanın məzarlığına gedir yollar.

Hələ də ayrılıq yağır ölmüş insanlıqdan.

Hələ də ölüm fəslidi həyatın.

 

Endir hikkəni,

Pozduğun

gecələrin sükutunu

dinləmək istəyir zaman.

 

Sən yaddan çıxacaq tarixsən səadətin,

Lənətlənəcək yaddaşsan olanların.

Bahar kimi gəlmədi bahar,

Yollar kimi yollar da.

Anaların baxışları

İtkin düşüb yollarda...

 

***

Talelərdən keçən yollar nə qədər.

Belə yazılmışdı ayrılıq

bu günün qaranquş şeirinə...

 

Uzaqlara dikilən baxışlar aldanışda,

Hələ də səngimək bilmir

müharibə odları.

Qana susayanların

şanslarıyla nifrəti

bir-birinə bənzəyir,

Sevgisiz gözlərini lənətləyir hər gün vaxt.

 

Dünyada bir ağrı var

Yaxın Xocalıdan,

Uzaq Xirosimadan...

İndi də ağrı yolu keçir Mariupoldan,

Qan hərisli adamlar çəkilmir ki o yoldan...

 

Unudan olar

 

Məni də oxuyan olar

Ayı buludda gizlənən

sevdaların dodağında...

 

Bir ömür susdum illərə,

Bir ömrü verdim yellərə,

Bahardan gül dərə-dərə

xəzan oldu əllərimdə.

 

Ümid bombaş qucaq kimi...

Gözlər yol çəkər, yorular.

Dünyada qəmlər qurumaz,

günün altına sərələr...

 

Məni də unudan olar,

Yaddaşların bucağında

xatirələr susanda...

 

Bu qatar da...

 

Bu qatar da gedir...

dönüb gələcək,

Sən gələn qatarla dönməyəcəksən.

Ağrılar kiriməz baxışlarında,

Ayrılıq qəmini içinə çəksən.

 

Gedir asta-asta qürbətə sarı,

Tüstüsü başında duman kimidi.

Qatar nə bilsin ki, ötüb keçdiyi

Yollar da vəfasız zaman kimidi.

 

Soyuq rüzgarlar da əsir gecəyə,

Üşüyür qoynunda eh, daha nələr...

Təqvimə yazılan yolayrıcında

Bir qəm nəğməsi də dünyaya gələr.

 

Bu qatar da gedir çox uzaqlara...

 

Bilsəydin...

 

Bilsəydin, ayrılıq necə ağrıdı,

səssizlik içində darıxır ürək.

Bilsəydin, qayıdır uzaq yolların,

açıb qollarını, qaçardın yüyrək.

 

Tutduğun orucun qəbul oldu da,

eşqin dərgahına yazıldı o gün.

Məni də duanla qoru, əzizim,

sevgi adasına olmuşam sürgün.

 

Bu gələn iftarı nədən başlayım...

bəlkə, xəyalıma açım süfrəni?

Bir az gözlərimə qadağa qoyum,

razı olarsanmı, unudum səni?

 

...Oruc tut, gözlərin günahı getsin,

sadiq bəndəsi ol müqəddəs adın.

Durar ucalığın ucalığında

ismət pərdəsində gizlənsə qadın...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!