Dənizlə sahilin görüşməsi
Seyr etmisənmi
suların sahillə öpüşməsini?
Zövq almısanmı
sahilin qumsal saçlarına
sığal çəkməsindən ləpələrin?
Bu qədər nazıya oynamaqmı olar sevdiyinin?
Necə də hiss olunur
qəlbinin döyüntüsü dənizin.
Ehtirasa bax,
qədəri yoxdur həyəcanın bir-birinin
üstündən aşan dalğalarda.
Necə qürurla dikəlir sahili görüncə.
Gah bərk qucaqlayır,
Gah incə-incə.
Hələ sən səsini dinlə bu şırıltının,
Nəğməsinə qulaq as bu sevginin.
Bu da son həmləsi dəli suların.
Özünü atmasına bax daşların üstünə,
ordan geri axmasına bax
səpələnmiş damcıların.
Bura görüş yeridir dənizlə sahilin.
Uzatdı əlini
Uzatdı əlini yuxuda mənə,
Tutdu əlimdən bir az.
Sığalladı üzümü,
Saxladı əlini üzümdə xeyli.
Nəsə pıçıldayırdı barmaqları qulağıma,
Baş barmağı da dodağıma
nəsə deyirdi sürtünərək.
Sanki danışma,
ehtiyac yoxdur sözlərə, sus,
amma bax,
bax deyirdi.
Mənim gözlərim
- gəl,
Onun gözləri
- yox deyirdi.
Əlini çəkdi geri.
Oyandım,
od tutub yanırdı əlinin yeri.
Payız süfrəsi
Süfrə açıb xəzəldən
bizimçün qızıl payız.
Hər rəngdə, hər bəzəkdə nemət var qarşımızda.
Qırmızılar şirindir, sarıları turşməzə.
Qızılı yarpaqları
göz oxşar, süfrə bəzər.
Min xatirə gizlənib qurumuş yarpaqlarda.
Bəzisi gül ətirli,
Xəbər verir bahardan.
- Bəs bu acılar nədir,
Alışdı dil-dodağım?
Ömrü acıyla keçib, söylə, hansı yarpağın?..
Sordum çılpaq budaqdan...
- Dedi - Acı yarpaqlar,
soyuq xəzan baxışından
başı bağrının sökülüb,
vaxtsız leysan yağışından
yerə zamansız tökülüb
saplağı nəm qalandır.
Onlar sarı, al deyil, rəngi yaşıl olandır.
Uzun, qısa, xoş, naxoş
Yazı var alnımızda.
Gülüm mənim
Bir zamanlar qönçə idin,
gördüm səni gülüstanda...
Seçdim səni,
min çiçəyin arasından,
yüz gözəlin sırasından
seçdim səni,
Gülüm mənim...
Aşiq oldum,
"Bir könüldən min könülə".
Uçdum eşqin havasında,
"Dəli" kimi sevdim səni,
Gülüm mənim...
Qoxladım o, gül ətrini,
Duydum sevdanın sehrini.
Söz verdik ki, biləcəyik
Anımızın,
günümüzün,
sevgimizin,
özümüzün biz qədrini...
Əzizləyib dərdim səni,
Gülüm mənim...
Əkdim səni öz bağçamda,
Özüm üçün əkdim səni.
Gülüm mənim...
Çiçək açdın, qəşəngləşdin, ətirləşdin,
Sən daha da gözəlləşdin.
Gülüm mənim...
Demə ətrin azalıbdı,
Yarpaqların qırışıbdı...
Bütün güllər yarışıbdı.
Sən,..
Bağçamın şah gülüsən!
Əvvəlkitək ətirlisən,
Vəfalı dost, sevgilisən,
Gülüm mənim...
Yenə yanındayam
Mən yenə burdayam, sənin yanında,
Hələ gülümsəyib baxa bilirəm.
Odum-alovumla bağrım başını
İçimdən yandırıb yaxa bilirəm.
Hansı ölçüdəymiş, bilirəm dəqiq,
Gördükcə üzündən yağır qəm kədər.
Sənin ürəyini sıxan ağrılar
Mənim gözlərimdən sel kimi gedər.
Nə yaxşı yaxşılar var bu həyatda.
Bəzən qolundan da tapılır tutan.
Sənsizlik həsrəti öldürər məni,
Bir axşam mən sənə çatmasam, inan.
Baxma ki, gözləri gülür Dərdlinin.
Şahid olmadı o gözlər nələrə?
Bəlkə inanarsan sözümə bir gün,
Bəlkə mən də bir gün dönüb gələrəm.
Gör, saat neçədir...
Gör, saat neçədir,
Sən yoxsan, amma...
Ləngimisən,
nədən bilmirəm yenə.
Yazıq qapım bezdi baxışlarımdan,
Telefon da darıxdı əllərimdə.
Pəncərəmin gözlərinə su gəldi,
Aralanıb durdu yazıq pərdələr.
Sükut tıqqıldadır saat səsini,
Dartır əqrəbləri qara nöqtələr.
Lənətə gəlsin, bu sakitliyi,
Gəl!..
Gəl,
Ya da yaz bir kəlmə, ki darıxıram.
Ki sənsiz mənim də gün deyil günüm.
Tapışa hardasa arzularımız,
Barışa hardasa bu əllər yenə.
Baxışlar görüşüb ürəkdə dinə.
Eşqin alovunda görünə bir iz.
Gör saat neçədir,
Bu qaranlıqdan,
Qorxuram ki, qorxar məhəbbətimiz.
Bir mələksən eləcə
Bir mələksən eləcə,
Gəlmisən nağıllardan.
Səndə insaf yoxdursa
Bəs məndə ağıl harda.
Gözlərin əfsanədir,
nağıldır dodağın da.
Sözlərin hərf-hərf
dağıldı qulağımda.
Gülüşdülər üzümdə,
Alışdılar gözümdə.
Ən şirin kəlmələrlə
Danışdılar sözümdə.
Birisi yuva qurdu
Ürəyimin içində.
Yeni nağıl başladı
O gün mənim üçün də.
Sezon finalı
Nə filmdir bu belə?
Bilet yox, kassa yox,
Qapılar açıq.
Seyrçisi milyard oldu,
İlk günün
Ekspromt çəkilişində.
Nə yazıq ki,
"Bu filimde hiç bir canlıya zarar
verilmemişdir" sözləri yazılmamışdı
saat 4-16 da...
Və...
Bu da başlanğıc...
Divarlar alqışladı ilk səhnəni.
Bütün qəhrəmanlar töküldü meydana...
Bir-birinə "İyi gecələr" diləyənlər
Dəydi bir-birinə,
Uçurkən göyün
3-cü, 5-ci, 7-ci qatlarında.
Yer göyə qarışdı,
Göy yerə düşdü...
Bir anda dar məzara döndü
geniş yuvalar.
2 ayaq bəs etmirdi qaçmağa bu dəhşətdən.
Heyvanlar daha şanslı idi insanlardan...
Beton dişli əjdahaya dönmüşdü evlər.
Kimi harda tutdu orda alırdı soyuq,
dəmir dişlərinin arasına...
Bax görüm kənardan, necə baxırsan.
Duy görüm bu acını, hiss et !..
Budur dünyanın faniliyi,
Budur həyatın gerçəkliyi...
Qarışqa boyda yaxınlığa möhtac qalar
bəzən fil boyda adam.
Bir cınqıltı,
bir hənirti,
bir tappıltı
təsəlli olar
daha bir neçə saat gözləməyə
gecə-gündüzü bilinməyən
qaranlıq yuvada.
O yuva ki,
divarı üstdən basır,
Tavanı qaçır ayaq altından.
Daş yastıqlar çox görmüşdü bu millət
cəng meydanlarında.
Daşa yastıq olan başlar gördü indi də.
Görəsən soyuq daşlar rahatdırmı
İsti bədənlərin üstündə...
Amandır, incitməyin o daşı.
Tərpətməyin betonu.
Ehtiyatla davranın, dəyişməsin yerini.
Başqa yataqların
gücü yox saxlasın onu...
Havası toz dumanda,
İşığı göz yumanda,
İstisi buz damanda
Qaldığı yerdən tərpənməz adam.
Əlini uzadanın kimliyinə varmaz.
Barışar beləcə bir çoxları taleyi ilə
ümidi kəsilincə səssizcə.
Köməyə kimsə gəlsin deyə
İnildər, zarıyar adam...
Daş kimi ürəklər əriyər
bu filmdən,
Acı suyu axar
donmuş gözlərdən.
Nə yazıq ki, film deyil,
gerçək ssenarisidir
Yaradanın.
İlk səhnədə
yaratdığı on minlərlə qəhrəmanın finalı...
2023-ün 6 şubat sezon finalı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!