Bir Samid var! - Poema. Elnur Uğur

Aprel döyüşlərində misilsiz qəhrəmanlıq göstərərək şəhadətə ucalmış Azərbaycan Respublikasının Milli Qəhrəmanı mayor Samid İmanovun xatirəsinə sayğılarla!

 

 

 

Təbiətin ən qaynar nöqtəsi,

Xəyalımın söykəncəyi

Xatirələrin səsi...

Xəzərin döyəclədiyi ləpədöyən,

Tabut dalğaların çiynində,

Sulardır sahilə gələn!

Altında ağlayır sular,

Üzündə gülür.

Bu təzad məni iki bölür.

Mən,

Bir də içimdə üsyan edən

Mən...

Düşünürəm:

Suya Vətən haradır?

Suyun qucağı?

Ya ucsuz torpaqlar?

İnsan susadıqca,

Eşq daha da şirinləşir.

İnsan susadıqca,

Eşq daha da dərinləşir!

Bəs sevdanı kim yaratdı ilk dəfə?

Kimin ağlına gəldi bu söz?

İlk şəhid qanından yazıldı, bəlkə də!

Eşqin Kərbəlası var,

İnamın dəvə səhrası var,

Ümidin axsaq tərəfidir,

Cavabını bilmədiyin suallar.

Düşünürəm

Bu dəqiqə Neftçalada

Bu yaz Günəşinin tellərinin altında

Bir də Xəzərdə oynaşan

Günəşin şüaları

Bəs edir sevməyə bəhanə gəzməyə.

Elə bu sevdaya yoldaş olub dənizlə əl-ələ,

Çıxıram fikir adlı sahilə.

Gözlərim önündə Pirətavanda

Şəhid məzarları sıralanır.

Gözlərimdən süzülən yaş,

Kirpiyimdə sırsıralanır.

Zaman dayanır burda.

Zamanı saxlayan oğullar yatır

Üstündə gəzdiyim torpaq altında.

Bəlkə də, torpaq altından böyüyür elə

Bəlkə də, altı olmasaydı

Bu torpaqlar da sulara uduzardı min illərlə.

Bəlkə də...

Bu torpağı Vətən edən

Oğullara baş əyirəm.

Bir-bir film kadrları kimi,

Keçir göz önündən,

Vətənin üzünü ağ edən

Bu qara daşlar.

O daşlar ki,

Hər birindən Vətən başlar!

Keçirəm Samid İmanovun önündən.

Yox, keçə bilmirəm!

Ayaqlarım keçir, ürəyim keçmir.

Bura elə yer ki, əl əmələ yox,

Əməl ələ elçilik edir.

Qayıdıram 2016-cı ilə.

Elə bu yerdə, 9 Apreldə

Bir tabut gedirdi çiyinlərdə

Vətən aparırdı bayrağa bükülü.

Oğullar daşıyırdı  tabutu,

O tabut ki, ürəyində

Daşımışdı Vətən yükünü!

Yaxınların əllərində bir zabit şəkli...

Vaxtın dəvə yerişi idi zaman,

Şəhid tabutu tutmuşdu ovsarından,

Ləngərlənirdi.

İnsan seli axırdı

Bu qumların üstündə.

Onda fikirləşmişdim təkcə su axmır,

İnsan da axır, sevirsə...

Göydə ulduz da axır,

Buludlar da axır,

Ayağımız altında torpaq da.

Fəqət bu axını yaradan

Bir sevda var,

O sevda ki,

Sevdaların ulusu Vətən!

Bəşərə yarı quru, yarı su, Vətən!

Türkün Ulusu - Vətən!

Hə, insan seli axırdı,

İçimdə bir insan da axırdı

O izdihamın önündə

Kimsə görmürdü o axını!

Şəhid tabutuna sarılmaq istəyirdi

Bacarmırdı.

Qayıdırdı geriyə,

2016-cı ilə

1 Aprelə.

O gün ki, dünyanın hər tərəfində gülüş günü idi,

Mənim Vətənimdə döyüş günü idi.

İlk dəfə açırdıq orucumuzu

Qarabağlı niyyətimizlə.

İlk dəfə əks-hücum ilə düşmənimizə

Müharibənin nə olduğunu başa salmışdıq.

O döyüşlər ki,

Mənləri mən etmişdi.

Düşmənə ilk dəfə

Diktə etmişdi varlığını Azərbaycanın!

Samid kimi oğlu olduğu üçün

Təkcə Gülağa kişi fəxr etməmişdi o gün.

Bütün Neftçala qalxmışdı ayağa

Oğlunu ayaq üstə qarşılayırdı

İlahi, tabuta bax

İçində Vətən daşıyırdı.

İlahi, tabuta bax

İçində ölüm yaşayırdı.

Mən o gün,

Özüm üçün

Kəşf etdim

Ölüm, elə olumun özüdür.

Ölüm olumun gerçək üzüdür.

Ölüm aşiqlərin görüşüdür.

Ölüm, elə ölüm ki,

Ölümə dağ çəkən,

Ölümündən doğulan oğullar

Ucaldılar Şəhadətə.

Onlar ölmədilər,

Çəkildilər

Göyə,

Yerdə həyat yaşasın deyə!

Aprel döyüşləri,

Vətənə qayıdışın əsası,

Təməli.

O gün ilk dəfə doğma torpaqlara toxundu,

Doğmaların əli.

Cocuq Mərcanlıya,

Talışa açıldı yollar.

Laçından uzandı Bakıya görünməz qollar.

O qollar ki,

Sahibi Neftçalada, Salyanda,

Naxçıvanda, Lənkəranda

Dəfn edilmişdi.

Qollar Vətəndən yapışıb,

Şuşadakı qayaları tərk etməmişdi.

Dəhşətdir düşündükcə

Düşüncəm alovlanır.

Məşəl kimi alovun hər dilimində,

Bir Şəhid baxışı dayanır

Baxır!

Axı

Bu yurdun Samidtək qəhrəmanı,

Cəsarət simvoludur.

Yolu gələcəyin yoludur.

Gözlərimdən baxır gözləri,

Xəyalım sevgi nəğməsi kimi bəstələyir bu sözləri:

Şəhidim!

Şahidim!

Sən qanınla suvardın azadlıq adlı ağacı,

Sən canınla ödədin ruhun Vətən ehtiyacın!

1-5 Aprel,

Düşmənlərin niyyətinə,

Mərmi kimi yağdın.

Onunçün ruhun oyaqdı,

Şəhidim!

3-dən 4-nə keçən gecə,

Aprel küləkləri yerin sinəsinə sığal çəkdikcə,

Sən də sərrast atışınla,

Düşmənə,

Anladırdın Vətən sevgini!

Düşmənin

Adından qorxurdu, Şəhidim

Andın elə möhkəm idi ki,

Onu körpü etdi zaman,

Sahilləri birləşdirdi,

O dünyaya bu dünyadan!

O gecə düşmənə çox qan uddurdun,

Qəfil qəlpə yarasından,

Əyildi çiynin.

Burxuldu ayağın.

Yıxılmadın,

Ucadan qışqırdın,

Yaşasın uğrunda öldüyüm torpağım!

Yaralıykən səni

Ordan uzaqlaşdırmaq istədilər,

İmkan vermədin,

Yaralı giziri aparın, dedin!

Əsgərlərin

Könülsüz də olsa əməl etdilər göstərişinə.

Ey ruhu uca Şəhidim,

Baş əyirəm böyüklüyünə.

Ölüm anında belə,

Döyüş yoldaşını qorumaq istəyinlə,

Göstərdin komandir necə olur.

Bax, budur,

Sən qoyduğun irs,

Bu gün bəhərini verdi.

Düşmənin ruhu çilikləndi.

Səndən sonra bildinmi?

Camallar nə elədilər?

Səndən sonra bildinmi?

Şagirdlərin düşmənə necə dərs keçdilər?

4 günlük müharibədə düşmənə uddurduğun qan,

Çıxmamış düşmən yadından,

Şagirdlərin 44 gün qan qusdurdular,

Yağıya.

Qutsal Vətən torpağına dikdilər Bayrağımızı!

Sevindimi ruhun?

Qarabağ səması Üçrəngli bayrağı geyinəndə?

Aprel döyüşlərində,

Sənin Lələtəpədə ucaltdığın ad,

Hadrutda öyrəncin tərəfindən təkrarlandı,

Ey mahir ustad!

Tarix təkrar olunur, deyiblər ulular.

Bu deyimi yaddan çıxmağa qoymadılar,

Vətən oğulları!

Can, Şəhidim,

Sən sübut elədin,

Bütün sevdaların əzəli Vətən,

Sən sübut elədin, bütün sevdaların gözəli Vətən!

Bu gün Neftçalamda

Adına salınan küçədən

Hər keçən,

Sanki marşın sədaları altında addımlayır.

Neftçalamda "1 nömrəli məktəb"dəki

            büstünə hər baxanda,

Könlümün Vətən yarası qanayır,

Sevgi axır yaramdan!

O sevgi ki,

Ona Şəhadətinlə tac olmusan!

Atıldığın hər döyüşə,

Mayak olub Vətənə sevdan!

Anam Azərbaycan

Ruhunun sevdasından

Güc alıb, yaşar!

Bu gün hər ürəkdə

Bir Samid var!

Bir Samid var!                                    

 

Neftçala


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!