Yuxu həsrəti
Yataq dustağıydı atam çoxdandır,
səhhət böhranları kəsdi kələyin.
Yanından bir an da ayrılmadım ki,
bəlkə, az yaşımla, uşaqlığımla
axır utandıram zalım fələyi.
Səhəri açamaqdan mən dirigözlü,
ölüm əzbərimə döndü - şifahi.
yuxusuzam, yuxusuzam, İlahi.
Öldü atam, əl götürdü dünyadan,
əcəl gəlib öz payını apardı.
İntizarım yollara cığır saldı,
atı öldü xoş soraqlı çaparın.
Mənsə onu ha gözləyə-gözləyə
pərdə kimi sıyırmışdım sabahı.
Yuxusuzam, yuxusuzam, İlahi.
Mən məhbusdum dörd divar arasında
saat yatdı, əqrəbləri lilləndi.
Elə susdum, elə susdum, Xudaya,
sükutumdan bütün lallar kefləndi.
Yamsıladım göz qırpmayan Allahı.
Yuxusuzam, yuxusuzam, İlahi.
Çatdı axır səadətin növbəsi -
mən sükutu qovdum evdən, eşikdən.
Gah ağlayır, gah kiriyir, gah dinir,
oğlum yatmır, - səsi gəlir beşikdən.
Öləziyib daha yatmaq tamahım...
Yuxum gəlmir, yuxum gəlmir, İlahi...
Nigaranlıq dalanı
Həbsxana önündə övladından
xəbər gözləyən ananın dilindən
Elə bil min üzdən asılıb sükut.
Dərdlər lal eləyir hər cür adamı.
Sadə suallara vermirlər cavab -
başıma uçulur sözlərin damı.
Deyirəm "oğluma haçan görərəm?"
Növbətçi nədənsə baxmır üzümə.
İşıq sürətiylə uçan sözlərim
qanadını çırpır yanan köksümə.
Qapıdan keçirlər bir başqaları,
vəsiqə göstərir, verirlər sənəd.
Ümidim növbədə ən axrıncıdı
burda dörd yanıma dərdlərim sərhəd.
Yemək gətirən kim, məktub verən kim -
çöldəki arzular axır içəri.
Tikanlı məftilə qonan göyərçin,
mənim nəfəsimi apar içəri.
Deyirlər get evə, cavab biləndə
biz sizə zəng edib verərik xəbər.
Nə bilsin analar verdiyi südün
iziylə övladın ardıyca gəzir.
Söykəyib alnımı daş məhəccərə
gələnə-gedənə baxıram indi.
Mənim dərdlərimi aşmış bədbəxtlər
qara gündə belə bir təsəllidi.
Şalımın ucunu çeynəyərək mən
xısın ağlayıram içimdə yenə.
Övladıma guya yaxşı baxırlar
burda bir xəbəri qıymırlar mənə.
Qapı açılanda dərhal bir xəbər
küçəyə sıçrayır, təpilir çölə.
Bir tikə xəbəri öz arasında
yüz nagüman ana bölür min yerə.
Tənhalıq növbəsi...
Tənhalıq yazılıb sənin alnına,
Öyrəş taleyinə, bəxtə yad olma.
Bəs elə özünə, özünlə yetin.
Pıçıltıya çevril, ah-fəryad olma.
Tənhalıq yazılıb sənin alnına.
Keçdin adamlardan yollar misalı,
Heç kəs olammadı dayanacağın.
Min yerdən min adam od gətirsə də
Göz yaşıyla söndü yenə ocağın.
Tənhalıq yazılıb sənin alnına.
Gəlir, qonaq gəlir, gəlir, dost gəlir,
Evin hənirlənir doğma nəfəslə.
Sonra ulduz kimi axır adamlar,
Qalırsan boşluğun göy qübbəsiylə.
Tənhalıq yazılıb sənin alnına.
Bir ucdan çoxalır dost-qardaş sayı.
Ətrafda elə hey sıra sıxlaşır.
Hər şey bir adamlıq, hər yan bir yerlik.
Başına dar dünya - balacalaşır.
Tənhalıq yazılıb sənin alnına.
Həmişə oyaqdır xatirələrin
Keçmişə bağlısan, dünənə sirdaş.
Başından barı sən fikiri qovma.
Qoy orda var olsun yenə yar-yoldaş.
Tənhalıq yazılıb sənin alnına.
Səni görən gözlər azadıqca hey
Hər şeyə durmadan sönür həvəsin.
Divarlar canına hopdurubdurlar
Səni dörd bir yandan çağıran səsi.
Tənhalıq yazılıb sənin alnına.
Adamlar dönürlər xarabalara
Uçulur içləri, qalır adları.
Sənsə xatırlatdın xarabalıqda
Əl açıb dilənən "qaraçıları".
Tənhalıq yazılıb sənin alnına.
Hər kəs öz ömrünü danışmaq istər,
Gərəkdir sənə də qulaq yoldaşı.
Tənhalıq lap səni daşa döndərib.
Yonan illər isə - heykəltəraşın.
Tənhalıq yazılıb sənin alnına.
Gözəl xanımların
qocalması...
Nədənsə heç qəbul edə bilmirəm
gözəl xanımların qocalmasını.
Boynunun altında şırım qırışı
dəbli şallar ilə sarımasını.
Qabaran damarlar əlin üstündə
sanki qocalığın xəritəsidir.
Alaca gözlərin altında tuluq -
"Geriyə yol yoxdur" - işarəsidir.
Enib dik dabanın göydələnindən
yastı dabanların zirzəmisinə.
Sözlərə işvəylə zinət vurmurlar,
əda od ələmir səs zəmisinə.
Kənar baxışları sezmirlər daha
itir duyumları, itir hissləri.
Hamımız bir bezin qırağıyıqmış, -
daha ayırmırlar yaxşı-pisləri.
Boyasız dırnaqlar qalınlaşaraq
hamısı qayıdıb öz rənglərinə.
Min cür saç rəngindən qisas almaqçün
yaxşı fürsət düşüb ağın əlinə.
Çoxdan xəyal kimi çəkilibdirlər
bir vaxt hər görüşə gül gətirənlər.
Qocalar evində nərd oynayırlar
masaya haçansa ləçək səpənlər.
Hərdən cavanlığı salaraq yada,
şaqqanaq çəkirlər yenə ucadan.
Ürəkdən gəlməyən gülüş tez sönür
sanki sısqa tüstü çıxır bacadan.
Töküb şəkilləri qarşılarına
bəzən özlərinə çəkirlər həsəd.
İtmiş gözəlliyi kim xatırlasın?
Qocada yaddaş yox, cavan nabələd.
Qocalıq azadlıq verir onlara.
gözəllik məhbəsmiş, gözəllər məhbus.
Bugünkü ağ saçlı qadına baxsan
dünənini düşün! Əfsus, səd-əfsus...
Təftişnamə
Dərs vermək riyasın qoymuram yaxın,
çoxdandır öyüdlü nəğmə çalmıram.
Tarix təkrarların rəqsidir, - baxın.
nəticə çıxarmır, ibrət almıram.
Uçulur saraylar, dağılır yurdlar,
silinir ən əziz günlər yaddaşdan.
Əbədiyyət şövqü çəkdirir avar -
fanilik qərq olur ani təlaşdan.
Bu bilgi dünyası, xəbər əsrində
nə bir zindanban var, nə də ki, dustaq.
"Yeddi qapısı açıq" labrint qəsrində
qarışqa tükücən azadıq ancaq.
Dəm vurma şöhrətdən, nə ad, nə namdan
tarixin nəmindən əsrim kiflənib.
Qardaşlar qanıyla dolu bu camdan
sülhün göyərçini içib, keflənib.
Nə qəbir nişanə qalacaq, nə söz,
su üstünə yazır hər şeyi qələm,
Sürət əsri - ömür yeyən bir acgöz
tələsmək ipinə bağlıdır tələm.
Çox haqq bir nahaqqın içində azıb
Yanlışdı deyilən, qələtdir hesab.
"Bütün cümlələri təzədən yazıb"
bütün hesabları ən başdan sayaq.
Ərşin düyünündən zaval sallanır,
alimlər aludə bəla vəsfinə.
Sürətə uymaqla calaq olunur
nəfs ağacımız əsrin nəfsinə.
Qədir gecəsitək susmaq istədim
dindirdi sükutu səs tamahkarı.
əlimi ruhuma basmaq istədim
pozuldu zikrimin nizam qatarı.
Gözəllik çoxdandır timsalımızda
riya dayağına bərk zəncirlənib
əfsus, surətpərəst xəyalımızda -
şeytanın üzündə şər bədirlənib.
Qardaşlıq məsnəvisi
Sevgiyə qucaq açaq
kəndir qollarımızla.
Kölgə salaq kinlərə
qürur ağacımızdan.
Xoşbəxtlik ruzisini
kim ki bölürsə yarı,
ovcunda sayrışacaq
səadət ulduzları.
Hər ağac boy ataraq
böyüdür Rəbb kölgəsin.
Hər yarpaqla təbiət
verir bizə nəfəsin.
Hər kəs öz nəfəsindən
üfləyərək dünyaya,
nəfsindən min rəng qatır
bu ağ-qara boyaya.
Göylərin əlindədir Günəş -
Fələyin şamı.
Sülhün göyərçininin
qanadı - dünya damı.
Baqi bədəl
Açarlar verir hesabat
kilidləri kiridikcə.
Şam boynudur miskin həyat
qalınlaşır əridikcə.
Qaliblərsə sıralanıb
bir ağ yaylığın fonunda.
Təcrübələr xırdalanır
sınıq ayna şablonunda.
Quş sükutu dimdikləyir
yorğun heykəl kölgəsində.
Hamı bir dəfə səsləyir,
Azan isə sonsuz dəfə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!