Nə var
Dünyanı, həkimə aparım gərək,
Görüm ürəyində, başında nə var?
Gec deyil, bir haray qoparım gərək,
Gözləri görməyir, qaşında nə var?
Axı niyə biri acdı, biri tox?
Çoxu ayaq üstə ölüb, diri yox.
Kasıbın evi yox, yurdu, yeri yox,
Süfrəsi yavandı, aşında nə var?
Ömrümün hər günü, ayı, qurudu,
Qoşa ağac əkdim, tayı qurudu.
Niyə kəndimizin çayı qurudu?
Daşı göyərmədi, daşında nə var?
Dəryası suyla bol, qoymadı içək,
Qapısın bağladı, qoymadı keçək.
Payızında ruzu, yazında çiçək,
Min qayğı gətirən qışında nə var?
Qorxuyla açırıq hər bir səhəri,
Zəhərə bələnib barı, bəhəri.
Min ildi qurumur qan dənizləri,
Göydə Tanrı bilir yaşında nə var.
Əlini ver, gedək
Günəşə sarı
Ruhumun məlhəmi, bəlkə səsində,
Baharın ətri var adında, gözəl.
Ömrün bu vaxtında, bu vədəsində,
Nolar, saxla məni yadında, gözəl.
Sevginin işindən baş açmaq olmur,
Məhəbbət su içə gərək ürəkdən.
İşıq saçmaq olmur, nur saçmaq olmur,
Odunu almasa ürək-ürəkdən.
Əlimdə gül açır Tanrı ətəyi,
Təzə-tər sevgidən halım pərişan.
Karıma gəlmədi arım, pətəyim,
Ağac koğuşunda, balım pərişan.
Hər gülün, çiçəyin öz yaraşığı,
Gözümüz görməsin dərdi, azarı.
Bizə bəs eləməz Ayın işığı,
Əlini ver, gedək Günəşə sarı.
Yoxdu
Niyə gözün doymur dünya malından?
Niyə tamahının hasarı yoxdu?
Əlinə kitab al, bir şeir oxu,
Sənin ayrı dərdin, azarın yoxdu?
Gözlərin arının pətəyindədi,
Kürəyin zalımın kötəyindədi.
Əlin böyüklərin ətəyindədi,
Kasıb qapısına güzarın yoxdu.
Halalı harama qatıb getmisən,
Varın girdabında batıb getmisən,
Əlinə nə keçib, satıb getmisən,
Tək adam satmağa bazarın yoxdu.
Nə gəzir
Görmədim zirvəmin qarın, gedirəm,
Dərmədin ömrümün barın, gedirəm.
Mən daha qüruba sarı gedirəm,
Məndə vaxt nə gəzir, zaman nə gəzir.
Payına nə düşür, payı bilinməz,
Özünə oxşarı, tayı bilinməz.
Kəsdiyi başların sayı bilinməz,
Qəlbi daş adamda, aman nə gəzir.
Elə pətək balı, elə arı, mən,
Məndən nə qalıb ki, qalıb yarı mən.
Yığmışam başıma yaxşıları mən,
Yanımda bədəsil, yaman nə gəzir.
Varımın üstündə alın tərim var,
Kimə nə, sevincim, ya kədərim var?
Mənim dərdlə dolu dərələrim var,
Demirəm başımda duman nə gəzir.
Məlhəmdi ürəyə sözün incəsi,
Çiynimdə daş kimi yaşın pəncəsi.
Açılmaz ahımın ümid qönçəsi,
Bu gündən sabaha güman nə gəzir.
Mən halal süfrədən
durub gəlmişəm
Göylər öz qarını töküb dən üstə,
Torpaq yaxşı bilir qışın dilini.
Almadım dincimi göy çəmən üstə,
Öyrəndim kəsəyin, daşın dilini.
Bəzən almışam da kötək, dayımdan,
Başımı aşağı salıb getmişəm.
Qarışqa əmimdən, böcək dayımdan,
Zəhmətin dərsini alıb getmişəm.
Elə ki, ümidim girib qoluma,
Dünya mənim olub, mənim bir anlıq.
Qeyrət işıq saçıb gecə yoluma,
Töküb göz yaşını zülmət, qaranlıq.
Huşum dağda qalan, dərədə qalan,
Keçən günlərimi ləl eylər mənə.
Böyürtkən kolunda ilişib qalan,
Uşaqlıq xatirəm əl eylər mənə.
Yıxsa, yıxar səni öz adamların,
Şərin qulağını burub gəlmişəm.
Əlim ətəyində düz adamların,
Mən halal süfrədən durub gəlmişəm.
Mən payız adamam
Ürəyim qəm dolu, görüb getdilər,
Sinəm dərdə çəmən, sərib getdilər.
Barımı dərənlər, dərib getdilər,
Üstümə şeh düşüb, ayaz adamam.
Mən payız adamam, payız adamam.
Bir quru səhrada neynirsən ləli,
Varından keçənə, deyirlər dəli.
Donub çoxlarının səxavət əli,
Baxanda onlara, bir az adamam.
Mən payız adamam, payız adamam.
Günahım olubsa, gözümə sayın,
Keçdiyim cığıra, izimə sayın.
Mənim səhvlərimi üzümə sayın,
Ruhum ağ varaqdı, bəyaz adamam,
Mən payız adamam, payız adamam.
Yanıram, sonra da sönə bilmirəm,
Söz verdim, sözümdən dönə bilmirəm.
Bildiyim nə var ki, heç nə bilmirəm,
Hər gün görürəm ki, dayaz adamam.
Mən payız adamam, payız adamam.
Demirəm qayğıma qalan olaydı,
Nə hiylə, nədəki yalan olaydı.
Könlümün simini çalan olaydı,
İnləyən kamanam, tar, saz adamam,
Mən payız adamam, payız adamam.
Təbiət lövhəsi
Niyə bu dərənin bağrı yarılıb?
Gözünün yaşları niyə sellənir?
Kötükdən, suların üzü qaralıb,
Kötük, beşik kimi necə yellənir.
Gözə nə dəyirsə, nə var, pərişan,
Görən bu dağların öləni yoxdu?
Yollar haça-haça, yollar pərişan,
Nə vaxtdı gedəni-gələni yoxdu.
Gah Günəş od saçır, gah yağış yağır,
Buludlar qaradı, buludlar düm ağ.
Quzunun nəyinə gərəkdi axı,
Çoban nə düşünür əlində çomaq.
Qayanı yalayan yel, nəyidi ki,
Dağların sükutu çöküb çəmənə.
Bu çimmək, nə vaxtın çimməyidi ki,
Xəzəllər öyrədib üzməyi mənə.
Arı sevgisindən, pətək ballanar,
Başın gözəlliyə qarışa hər gün.
Ömrünə bir az da ömür calanar,
Qalsan təbiətlə baş-başa hər gün.
Bu da bir payız
Ağac budağında solan yarpağam,
Məni qoparacaq payız küləyi.
Mən yarı adamam, yarı torpağam,
Gör necə ələndi ömrün ələyi.
Bu talan payızda, nə haqq gəzirəm,
Qayğısı ayrıdı varın, yoxun da.
Qara saçlarımı nahaq gəzirəm,
Qalıb həsrətimin girovluğunda.
Ağacın boynuna sarılıb sükut,
Hamilə budağı bar əyir, nədi?
Niyə üz-gözünü turşudub bulud?
Yağışın haqqını istəyir, nədi?
Hər xəzəl, dərdləri gətirən gəmi,
Nisgil gecə-gündüz ürəyə dolar.
Hardan gətirirsən bu qədər qəmi?
Məndən aralı dur, payız, nə olar.
Qorxuram
Duyğular qəlbimə dolmasa, olar,
Səni bir gül kimi dərsəm, necədi?
Əllərin ovcumda olmasa, olar,
Sevgini ruhuma sərsəm, necədi?
Yuxuma girəndə gecə, sevirəm,
Tanrının verdiyi şirin pay kimi.
Bilirsən mən səni necə sevirəm?
Ulduz balaların sevən Ay kimi.
Deyirəm günümüz qoy ağdan olsun,
Döyməsin nə boran, nə də qar bizi.
Nə olur, eləcə uzaqdan olsun,
Yaxın alov kimi yandırar bizi.
Gəlsin ağrın, acın, hər dərdin mənə,
Almayın hicranın əlindən məni.
Sən nahaq şəklini göndərdin mənə,
Dağladı saçına düşən dən məni.
Sinəmdə həsrətin daşıdı elə,
Yerlər də, göylər də sevgimə şərik.
Bəlkə görüşməsək yaxşıdı elə,
Qorxuram görüşsək, adiləşərik.
Gedir
Bu ömür deyilən nə imiş, Allah,
Gözünü açırsan, gün bitib gedir.
Çəksən də nazını torpağın, yerin,
Daş üstə, qayada dən bitib gedir.
Mənə deyirlər ki, getmə dərinə,
Yanma özgələrin hər dərd-sərinə.
Məhəbbət yerinə, sevgi yerinə,
Çoxunun qəlbində kin bitib gedir.
Qoymuşam başımı düz kəlməsinə,
Səbr kəlməsinə, döz kəlməsinə.
Min ildi həsrətəm biz kəlməsinə,
Min ildi eləcə mən bitib gedir.
Göy üzündə sevgi
Məhəbbət qoxuyur hər yaşıl çəmən,
Dərənin yanında, çayın yanında.
Yerdə görüşməkdən utanıram mən,
Gəl gedək görüşək Ayın yanında.
Sərək göy üzünə ürəyimizi,
Yerdə söz olacaq, söz dəyər bizə.
Yaxın da, uzaq da görməsin bizi,
Gözə gətirərlər, göz dəyər bizə.
Könlümü nə həsrət, nə hicran əzir,
Göydə özümüzə bir toy da quraq.
Göyün sinəsində adam nə gəzir,
Bəlkə ulduzları toya çağıraq?
Qoy sükut danışsın, haray qoparma,
Qayğılar oxunmaz daha gözündə.
Məni dilə tutub yerə aparma,
Xoşbəxt olmaq olar bu göy üzündə.
Qalıbdı
Mən niyə güzgüyə baxdım bu səhər?
Gördüm yarım gedib, yarım qalıbdı.
Abırım üstümdə, həyam üstümdə,
Şükür ki, hələ də arım qalıdbdı.
Pətəkdə bal varsa, demək arı var,
Uca zirvələrin bəyaz qarı var.
Sevgi ağacımın budaqları var,
Bəhərim qalıbdı, barım qalıbdı.
Hər ala-torana, duman, çən demə,
Göydən yağan yağış ruzu, dən, demə.
Həsrətin tətiyi varmış sən demə,
Tuşlanıb qəlbimə, tarım qalıbdı.
Yolum yaxşıların yoludu elə,
Ürəyim dilimin quludu elə.
Könlüm məhəbbətlə doludu elə,
Hamıdan zənginəm, varım qalıbdı.
Birdən hə demə
Dedin gözlərimdə işıq azalıb,
Halım necə oldu, bilmədin axı.
Nə olsun qapımı bahar, yaz alıb,
Yağdırdın üstümə qarı, sazağı.
Qayğılı günlərim niyə sayılmır?
Nə qədər işlərim qalıb yarıda.
Bir qəfil sevgidən başım ayılmır,
Sulaya bilmirəm ağacları da.
Məhəbbət payını Tanrıdı verən,
Olanda, olasan eşqin köləsi.
Sən mənim nəyimi bəyəndin görən?
Məndə nə vardı ki, bəyəniləsi?
Sancılsın sinəmə, həsrətin oxsa,
Demə ki, ürəyin sönən ocaqdı.
Nə yaxşı dünyaya gəlmisən, yoxsa,
Qəlbimin bir küncü boş qalacaqdı.
Ruhumu nə qəmdə, nə azarda qoy,
Hər saxta gülüşə qəh-qəhə demə.
Məni bir az incit, intizarda qoy,
Ürəyim dayanar, birdən hə demə.
Saçının yolunda ölən bəndəyəm,
Könlüm sevgi dolu, dur, gətirmişəm.
Tanrı dərgahından gələn bəndəyəm,
Qara gözlərinə nur gətirmişəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!