Yamyaşıl bahar qız olmaq da olar,
Ağappaq qar qız olmaq da.
Qıpqırmızı üfüq olmaq da,
Masmavi dəniz olmaq da.
Dağ çayı kimi bulanmaq da olar,
Göz yaşı kimi durulmaq da.
Min yerdən qopduğun həyata
Yenidən vurulmaq da.
Nə qədər ki, ürəyimizi çıxarmayıblar
sinəmizdən,
Göy üzünü əlimizdən almayıblar.
Nə qədər ki, içimizdəki uşağın
Xoşbəxt bir anı yaşayır
yaddaşımızda,
Ən şaqraq gülüşlə də xoşbəxtik,
Ən müdrik hüznlə də.
Nə qədər ki, ən gözəl şəklimiz
Hələ gülümsəmir başdaşımızda.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!