Səni bağışlayıram...
Səni bağışlayıram
baharın gedişinə,
payızın gəlişinə.
Səni bağışlayıram
doğulacaq körpənin
balaca süd dişinə.
Səni bağışlayıram
yolunun üstündəki
qarışqanı əzməyən
insanın ürəyinə.
Səni bağışlayıram,
Məhəmməd peyğəmbərin,
İsanın ürəyinə.
Səni bağışlayıram
kimsəsiz məzarların
şəkilsiz baş daşına.
Səni bağışlayıram
oyuncağı qırılan
uşağın göz yaşına.
Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.
Səni bağışlayıram
elə sənin xətrinə.
Sütunsuz şeir...
Burdan aydınca görünür,
Yer kürəsi balacadı,
lap balaca, qollarını aç, qucaqla.
Burdan səni də görürəm,
dəli şeytan deyir ki,
elə indi ona tərəf qaç, qucaqla.
Amma...
Bütün gözəl cümlələrin "amma"sı var.
Ayrılığın izləri var əllərimdə,
bir də səni düşünəndə,
ürəyimin ağrıması, yanması var.
İndi ən az şimal qütb ulduzu qədər uzaq,
və şimal qütbü qədər soyuqsan.
Fəzalar arası boşluqdayam, gəzirəm...
Başqa planetlərdə yaşayış varmı?
Əlbəttə, yox! Hardan olsun?!
Başqa planetlərdə sən yoxsan.
Fəzalar arası boşluqdayam.
Yer kürəsini tapıram
və uşaqca bir ümidlə burdan
sənə əl edirəm.
Mənə görə narahat olma,
deyəsən, tapmışam unutmağın yolunu.
Hər gün Yer kürəsinə baxıb ağlayıram,
hisslərimi göz yaşımla həll edirəm.
Bu sütunsuz şeirdir
bir dəfə oxusan da yetər,
ürəyinin hər yerinə dağılacaq.
sən darıxma, inan mənə,
hər gün qopartdığın yaralar da
bir gün mütləq sağalacaq...
Sənsizlik şəhəri...
Bu şəhər Bakı deyil,
Sənsizlik şəhəridir.
Sənsiz açılan hər gün
Kədərin səhəridir.
Bu şəhərin adını
Mən "Sənsizlik" qoymuşam.
Çünkü sən gedən gündən
Sənsizliyi duymuşam.
Gecələr zaman getmir,
Xarab olur saatım.
Sən məni tərk edəndən
Buradır qeydiyyatım.
Ayrılıqlar şəhəri,
Ayrılanlar limanı.
Bilirsən, bu limanın
Cəhənnəmdir hər anı.
Bircə mən gəzmirəm ki,
"Nakam eşqlər" küçəsin.
Bu küçə öldürübdür
Məndən öncə neçəsin...
Sən elə düşünmə ki,
Burda hər yer işıqdır.
Qaranlıq küçələrdə,
Duyğular dolaşıqdır.
Yayı da qış kimidir,
Sənsizlik şəhərinin.
Gözüm dolur hər gecə,
Yeri dolmur birinin...
İnan ki, çox çətindir
Yoxluğuna alışmaq.
Səni unuda bilmək,
Unutmağa çalışmaq.
Dərdlini dərdli anlar,
Məni anlamır çoxu.
Nə bir ümid qalıbdır,
Nə sən varsan, nə yuxu...
Nə olsun var yataqda,
"Gəl yat" - deyən döşəkçə.
Gör nə vaxtdır yatmıram
Şirin-şirin, qəşəngcə...
...Bax belədir günlərim
Sənsizlik şəhərində.
Yalvarıram, qayıt gəl,
Fəsillərin birində...
Gedəndə
Ayrılığa necə gedir hazırlıq?
Bəlkə məni dindirərsən gedəndə?
Son bir dəfə dalaşarıq səninlə,
Cin atına mindirərsən gedəndə.
Anlamadın məhəbbətin dadını,
Mənsə yazdım ürəyimə adını.
Ayaqüstü içimdəki qadını
Baxışınla öldürərsən gedəndə.
Bir az köhnə şəkillərə baxarsan,
Nə vaxt çıxsan, səs salmadan çıxarsan.
Sənə zəhmət qapını da sıxarsan,
İşığı da söndürərsən gedəndə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!