Şair
Şair olmaq istəyəndən şair olmaz.
Şairə oxşamaq istəyəndən də şair olmaz.
Şair olmaq üçün şair olasan gərək.
Şair sözü tanımalıdır, söz şairi.
Şairin şeirindən yazda çiçək,
yağış qoxusu gəlməlidir.
Yayda isti olmalıdır şairin şeiri,
Şairin şeiri payızda xəzəl olmalıdır.
Qışda ağ şeiri olmalıdır şairin,
Beləcə, ilin şairi olmalıdır şair.
Söz yırtıla bilir, ancaq, yamaq götürmür;
şair bunu bilməlidir,
şairin sözünün yırtığı olmamalıdır.
Şair içki düşkünü olmamalıdır,
amma sərxoş olmalıdır.
Şairin dünya boyda dərdi yox,
dərd boyda dünyası olmalıdır.
Şair qadın düşkünü yox,
sevgi düşkünü olmalıdır.
Məhəbbətin gözü kor ola bilər,
şair məhəbbətin gözü olmalıdır.
Şair həqiqətin izi olmalıdır.
Şair özü olmalıdır.
Şairin həmişə sözü olmaya bilər,
ancaq şair həmişə sözü olmalıdır!
Çəliyə ehtiyacım var
Sən gedəndə də qış idi,
Səndən sonra da qış gəldi, qar yağdı.
Səndən sonra da Günəş çıxdı,
qarlar əridi getdi.
Məndən sonra da atılanlar oldu,
Onlar da bir yerdə qalmadı,
ayaqlarını sürüdü, getdi.
Bizim altında görüşdüyümüz ağacın da
bir neçə budağı çürüdü, getdi.
Amma, o ağac sınmadı.
Mən də ona baxdım sınmamağı öyrəndim!
Gün təzələndi, ay təzələndi,
Payız təzələndi, yay təzələndi.
Bircə, o dərd köhnə qaldı...
Torpaqdan yaranan torpaq olan kimi,
Məni tərk edən də mənə gələrmiş.
Əvvəl dərdindən öldüyüm,
sonra dərdimdən ölərmiş.
Zaman keçdi, peşman oldun,
Öz-özünə düşman oldun.
Səhvini anladın,
Özünü danladın...
Və getdiyin kimi qayıtdın,
Çox sağ ol ki, getmişdin,
Mən yuxudaydım,
sən getməyinlə məni ayıltdın!
Mənim sevgimə indi dəyər verməyin,
ayaqları olmayan birinə
ayaqqabı hədiyyə etməyə bənzəyir.
Mənimsə ayaqqabılara deyil,
çəliyə ehtiyacım var.
Sən ağıllısan, ağıllılar məni anlamaz,
dəliyə ehtiyacım var!
Sən getdin
Sən getdin - elə bil dağın dumanı getdi.
Sən getdin - elə bil qarsız qış gəldi.
Sən getdin - elə bil sünbülün dəni töküldü.
Sən getdin - elə bil arının çiçəyi qurudu.
Sən getdin - elə bil payızın xəzəli getdi.
Sən getdin - elə bil söyüd bar verdi.
Sən getdin - elə bil dünya durdu,
dünyanın gözəli getdi.
Sən getdin - elə bil şairin şeiri,
qəzəli getdi.
Sən getdin, cəhənnəmə getdin,
məni də özünlə apardın.
Sən getdin - elə bil heç getməmisən!
Bir kədərin sevinciyəm
Bir kədərin sevinciyəm,
Bir sevincin kədəriyəm.
Bu sevdalar ölkəsinin
Mən xaraba şəhəriyəm.
Bir üzümün cecəsi mən,
Halı pisin necəsi mən.
Gündüzlərin gecəsi mən,
Axşamların səhəriyəm.
Sevdaların adı mənəm,
Doğması mən, yadı mənəm.
Bu həyatın dadı mənəm,
Şəkəriyəm, zəhəriyəm.
Var dərdimdən ölən bəndə,
Dərdin mənlə bölən bəndə.
Sən ey mənə gülən bəndə,
Mən Allahın əsəriyəm.
Sarı yarpaqların
yaşıl tərəfi
Yarpaqların son mənzilidir
"payız mənzərəsi" dediyimiz gözəllik!
Burda intihar da var,
yeni doğuluş üçün başlanğıc da.
Birinin sonu birinin əvvəlidir.
Ölümmü əzəldir, həyatmı?!
Küləksiz də qopub düşər yarpaq,
Küləksiz də cəzb eyləyər torpaq.
Amma, küləklə bir başqa olur payız,
Əzəmətli ağaclar da yellənir.
Heç də ölümə tez təslim olmur yarpaqlar,
uşaq kimi küçələrdə veyillənir.
Payız mənzərəsi də gözəldir!
Torpağın üzü istidir
Bir insanın yoxluğuna
alışırsan zaman-zaman.
Əslində, onu unutmursan,
yoxluğunu unudursan xəyalına öyrəşincə.
Xəyalında onunla
həyatda olduğundan
daha gözəl gülürsən, danışırsan, bölüşürsən...
Onu daha gözəl sevməyə,
əzizləməyə başlayırsan.
Daha yaxın gəlir sənə əvvəlkindən ötüb gedən.
Göz önündən itib gedən,
gözlərinə hakim olur -
hara baxsan onu görürsən.
Yavaş-yavaş o olursan.
Yadlar da elə bilirlər ki,
"Torpağın üzü soyuqdur",
yadına düşmür artıq!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!