İnsan öz yuxusuna dalar, eynək öz yuxusuna... - Azad Yaşarın şeirləri

Aprelin 10-da qəzetimizin daimi müəlliflərindən biri, şair və tərcüməçi Azad Yaşar növbəti doğum gününü qeyd etdi. Öz istedadını sənətin ən müxtəlif (memarlıq, rəssamlıq, xəttatlıq və publisistika) sahələrində sınayan qələm dostumuzu bu münasibətlə təbrik edir, şeirlərindən seçmələri oxucularımızın diqqətinə təqdim edirik. (Redaksiyadan)

 

 

İtirilənin geri alınması

 

Həvvanın nəfsinə Adəm behişti qurban verib,

özünə məskən seçdi cəhənnəmə bənzər Yeri.

Suçu da bu imiş ki, iznsiz bir alma yeyib...

İndi min alma ver(s)ə, alammaz cənnəti geri.

 

Qul nərgizlər

 

Vitrindən bir qucaq nərgiz

boylanar küçəyə boynu bükülü.

Dərilmiş çiçəklər

kəpənəksiz, çəmənsiz tez solur,

ləçəkləri tökülür.

 

Gözəllikləri, qoxuları nəğməli,

nəğmələrinə sevda və kədər qarışıb.

Qiymətləri yazılı üstündə -

hər kəsə satıla bilər, deməli,

azalıb ləçəklərindəki işıq.

 

Gözlərindən süzülər yuxuları

hələ ki ilk bahar dəmidir.

Qaba əllərdə əzilmək qorxuları,

gözəllərə qovuşmaq qayğıları

nədənsə artan kimidir.

 

Vitrindən bir qucaq nərgiz

boylanar günəşə, küçəyə sarı.

(Günəş - dərdlilər, dustaqlar həmdəmidir!)

Qiymətləri yazılmış üstündə -

gözəllikləri, qoxuları

nə isə artan kimidir.

 

Sənə doğru

 

Ölümü azdırıb gəlirəm,

həsrət tilsimini qırıb,

güman divarını uçurub gəlirəm,

bir anı min il bilirəm,

min ili bir an bilirəm -

Sənə doğru gəlirəm,

                        Sənə doğru.

 

Arınıb ay işığından,

            durulub göz yaşından,

dumandan sıyrılıb,

işıqdan süzülüb gəlirəm,

dünyanın ta o başından -

Sənə doğru gəlirəm,

                        Sənə doğru.

 

Bax, qanadlarım qırılmış,

dizlərim çat-çat,

            alnım qırış-qırış,

yürüməkdən dabanlarım dağılmış...

uça-uça,

            sürünə-sürünə

                        yenə, yenə -

Sənə doğru gəlirəm,

                        Sənə doğru.

 

Acıma mənə belə, acıma halıma,

işığına gəlirəm, qoynuna gəlirəm,

bir baxışına aldanıb gəlirəmsə də...

                        qoy olsun!

Sevib-sevilməyə gəlirəm,

acıma mənə belə.

 

Sığınmaq istəyirəm,

yaxın olmaq istəyirəm Sənə,

                        yaxın -

həsrətdən, ölümdən yaxın

işıqdan, sudan yaxın

Səndən Sənə yaxın olmağa gəlirəm -

Sənə doğru gəlirəm,

                        Sənə doğru.  

 

Lələk. Avar. Mobil telefon

 

Quşun qopan lələyi

onun özündən heç də pis uçmur,

sadəcə

məqsədi və mədəsi olmadığından

hara gəldi uçur

bir baxıma.

Ən çox da üzüaşağı, burula-burula.

Yəni quşdan nə isə saxlayır

hələ də özündə.

 

Qayığın avarını alıb

Kürün boz-bulanıq,

lehmə və dəli sularına atsan,

hər halda

qayıqdan bir azca pis üzər bəlkə,

amma yenə də harayacansa üzər.

Deməli, onda

qayıqdan aldığı dərsləri təkrarlayar

bu avara avar

hələ də.

 

Mobil telefon

xaotik dünyamızda

çağdaş insanın həm avarı, həm də

bir mənada "qanadı" sayılsa belə,

sahibi yanında olmayınca

zənglərə cavab verə bilməz

və üstəlik, dolumu olmazsa,

heç "gözünü" açıb

çevrəsindəki dünya ilə

maraqlanmaz da.

 

Və bundan sonra

onunla

heç divara mismar da

çaxmaq olmaz.

 

Yüksək texnologiyalarda

irsiyyət və şərtli refleks qanunlarının

sıfıra enməsinin sübutudur bu.

 

Yalqızlığın intimi

 

Yalqız yaşayan kişi xeylağının

öz qab-qaşığını yuması da

onunla bağlı intim təfərrüat sayıla bilər.

 

Bu arada...

necə yuması bir elə önəmli deyildir.

 

Hə ilə Yox arasında

 

Həyat -

Tanrının bizə havayı bağışladığı

            qəribə bir nemətdir,

çünki nə qadınlarla mümkündür,

nə də ki

onlarsız.

 

Sədaqətdən xəyanətə

və tərsinə

 

Bu iki fərqli sual sadəcə masiva üçün, yəni Allahdan başqa yerdə qalan bütün canlı varlıqlar və cansız nəsnələr üçün keçərlidir. Bütün dövrlərdə və situasiyalarda qarşımıza çıxan bu suallara hələlik bir cavab yoxdur.

 

 

Mənim sənə sədaqətim

özümə nə dərəcədə xəyanətimdir?!

 

Bəs elə isə

mənim sənə xəyanətim

özümə nə dərəcədə sədaqətimdir?!

 

Bu suallara

bir cavab tapası olsan,

mənə də de.

 

P.S. Bütün varlıqları Allah yaratdığından və gec-tez hər şey Onun dərgahına yollanacağından yuxarıdakı sualların uca Yaradana heç bir aidiyyəti yoxdur.

 

Nisbilik

 

Çəkmələri

çamura bulaşanda belə

xeyli təmiz idi

sahibinin vicdanından

 

Göz. Burun. Ayna

 

Hər şeyi ortaq görsələr də,

bir-birini "burun" adlı arakəsmə

üzündən görməzlər

gözlər.

 

Yaxşı ki ayna var...

çünki

o - bir gözün təkcə digərini deyil,

həm də özünü görə biləcəyi

gümüşü qatlı,

həm də sehirli bir şüşədir.

 

Neorübai 

 

Uşaq ikən

oynatdığımız hər şey

oyuncağımız kimi gəlirdi bizə.

 

Zaman

çox şeyin ardında

göründüyündən daha ciddi

anlamlar gizləndiyinə öyrətdi bizi

zamanla.

 

Qocalınca isə hər şeyin

sadəcə fələyin əlində

            oyuncaq olduğunu anladıq -

gec də olsa...

Oyuncaq!

Amma baxır kimin əlində...

 

Eynəyin yuxusu

 

Yatanda

insan çıxarar eynəyini:

"Yetər hər şeyə səninlə baxdığım,

yuxumu şəriksiz görmək istərəm" - deyə.

 

Eynək susar, uyuyar bir az aralıda -

insan öz yuxusuna dalar,

eynək öz yuxusuna.

 

Həyatın olan qalan mənası

 

Uzun bir növbə gördük dünyaya gəlincə.

Çin səddi qədər uzun

və canlı insan divarı.

"Nə paylanır?" deyə sorduq növbədəkilərdən

maraqla.

Amma cavab gəlmədi kimsədən,

açılmadı dodaqların zəncirbəndi.

Susqun və donuqdu hamı.

 

Çarəsiz növbəyə durduq biz də:

"Bu adamlar burada boşuna durmaz,

bildikləri bir şey var" - deyə

qət etdik.

Sıramız yetişincə 

ölüm növbəsinə dayandığımızı

anladıq -

hər kəs kimi biz də.  

 

Hər şey elə tez olub bitdi ki...

Hər şey o qədər uzandı ki...

 

İşıq və kölgələr

 

Qaranlıqda kəsdilər yolunu:

- Yaşamaq istəyirsənsə...

Macal vermədi:

- İstəyirəm, - dedi, -

ancaq siz deyən kimi yox,

Özüm istədiyim kimi!

 

İnsest ehtimallı

Edip kompleksi

 

Gənc aktyorun

filmdə və ya tamaşada

anasının rolunu oynayan

aktrisa ilə

real həyatda sevişməsi

nə dərəcədə

insest faktı sayıla bilər?!

 

Hər səhər, hər gecə

 

Hər səhər eyni küyə oyanırıq -

xoruzlar banlayır "gördüm" deyə,

saqqalını didişdirir Sabah kişi,

saçlarını yolub tökür Günəş ana

baş qaldıran kimi yastığından

xəbər tutunca

Gecə adlı qızlarının

Aya qoşulub qaçdığından.

 

Hər gecə beləcə bitir,

Hər səhər bu təhər açılır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!