Nelli Zaksın şeirləri - Əyyub Qiyasın tərcüməsində

ƏDƏBİYYAT ÜZRƏ 1966-CI İLİN

NOBEL MÜKAFATÇISI: Nelli ZAKS

İsveçrə

Nelli Zaks 1891-ci ilin 10 dekabrında Berlində, yəhudi ailəsində dünyaya gəlib. İlk yaradıcılığı dövründə neoromantik ruhlu şeirlər, kukla teatrı üçün pyeslər yazıb, rəvayətlərdən və hekayələrdən ibarət kitabı nəşr olunub. 1933-cü ildən sonra birmənalı olaraq iudaizmin və xristianlığın kökləri ilə ciddi maraqlanmağa başlayıb.

1940-cı ildə İsveçrəyə mühacirət edib. İlk poeziya kitabı - "Ölümün can evində" 1947-ci ildə Şərqi Berlində işıq üzü görüb. Daha sonra "Ulduz kölgəsində" (1949), "Sonranı heç kəs bilmir" (1957), "Qaçmaq və bayram etmək" (1957) və başqa kitabları çap olunub.

Nelli Zaksın yaradıcılığında ekstatik gərginlik və mistisizm meyilləri daha qabarıq şəkildə əks olunur. Onun əsas bədii "qəhrəmanı" təqib və qaçış, ovçu simvolikası və ov, əzəli həyat dramı və ruh azadlığıdır.

Nelli Zaks ədəbi keyfiyyətlərinə və poetik yeniliklərinə görə 1966-cı ildə israilli yazıçı Şmuel Aqnon ilə birlikdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Mükafat şairə "Yəhudi xalqının taleyini lirik və dramatik boyalarla təsvir etdiyinə görə"  verilib. Şair 1970-ci ilin 12 may tarixində Stokholmda vəfat edib.

 ***

Sən

gecələrin yanındasan 

dünyanı unutmaq istəyənlərlə

                        verərsən baş-başa

uzaqdan

barmağın yol göstərər yolunu azanlara

naməlum dənizlərin uyuduğu coğrafi xəritədə

            nəğmə oxuyur ləpələr

qulaqlarında səslənər balıqqulağı xışıltısı

körpülər-dirəklər

buradan oraya uzanan bir ölkədə

bəsit bir sualı var həyatın

cavabını ölülər bilər bəlkə də.

*** 

Elə ki, gün

axşamın toranında dərər nəfəsini

elə ki, şəklini dəyişər olanlar

elə ki,  tənhalıq səsini alar başına

quduz heyvanlar da quzu kimi sakitləşər

ya da ov olmaqdan usanar -

bircə ciçəklər qoruyar ətrini -

elə ki, heç nəyin olmaz dünyada

və hər nə varsa qayıdar ilkiniliyinə -

sən də zaman sərdabəsində gedərsən

yolun sonunda səni gözləyənlərə doğru -

o yerdə ki, könüllərin toxumu cücərər -

sən də qaranlığın dibinə baş vurarsan -

o zaman ölüm səndən arxada qalar

ölüm dediyin getdiyin yolda bir andı, an -

sənsə o anın fərqinə varmadan

baş alıb gedirsən yolun sonuna

yerində donub qalarsan

açarsan gözlərini

və qarşında yeni bir ulduz görərsən

sənin nurunu tərk edən bir ulduz -

***

Burda

sonuncu ölən

dodaqlarında gətirəcək

günəşin hərarətini

gecə tufana sığınıb

can verəcək üfüqdəki günəşin istisinə.

 

Qanına bələnmiş

bütün yuxular

bir ildırım çaxması ilə

qopacaq asıldığı yerdən

dərisi çapıq-çapıq göy üzü

sirli başlanğıca doğru gedəcək.

 

Və göydən Yerə

küçələrə enəcək Nuhun gəmisi

onunçün də burda sonuncu ölən

su ilə dolu ayaqqabısını şappıldadaraq

                       gedəcək son səfərə

orda

balıqlar üzən yerdə -

itirilmiş vətənində onun

          üzgəc yelkənləri süzəcək ancaq

zamanın qaranlıq tərəfində

qəbir yerləri artacaq.

 

SAKİTLİK

Zaman şəffaf olanda

və günəş üfüqdə itəndə

elə ki, şəbbülər

məzar üstə çiçəkləyir yazda

bu dünya dediyin

özünü göstərir bir az da. 

 

Səhraların tənhalığına qovuşan

Palma yarpaqlarının parıltısı…

 

Həyat - əvvəlki həyat -

mərmər ehramların üstündə uyuyaraq

müqəddəs ruhların yerinə

nur içində dualar söyləyir

və qulağına tutduğun balıqqulağı

pıçıltayla nəğmə oxuyur yenə.

 

Ey qulaqda çağlayan okean səsi!

Ey eşqin dəliliyindən yazan

zamanın əl boyda kitabı!

 

Və buna həyat deyirlər, həyat

qapqara sehrin içindəki mənasız yuxular

və bir də qızılgül tikanının

qanlı çöhrəsi

 

göz qamaşdıran şimşəkdən sonra

yallı gedən buludlar -

qapqara kömür

mürgü döyən ləpələr

qaranlığa qərq olan

fil dişi rəngli sahillər

və sakitçilikdə boğulan ömür.

Tərcümə etdi: Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!