Son budaqda son ümidtək çatlayıb bağrı qan nar... - Şeirlər. Süleyman Abdulla

 

 

Bir kitablıq şeir

 

Bir rəzəsiz qapı keçdi ömür dediyim yerdən,

Yağış döyən libasımı geydim torpaq rəngində.

Gözlərində od aradım yandırmağa özümü,

Demək bir ovuc kül idim küləklərin cəngində.

 

Bu dünyada heç nə dəyməz bir udumluq nəfəsə,

Son budaqda son ümidtək çatlayıb bağrı qan nar.

Qəfil məndən çıxıb getdi qaranlığın zil vaxtı,

Ürəyimdə daşıdığım doğma, qərib adamlar.

 

Yox, özümlə götürmədim nə bir ünvan, nə bir ad,

Daha niyə köks ötürüm sonda ölüm-itimsə.

Bir atılmış daxma düşün, bir tavan, - yağış daman,

İndi məndə nə ürək var, nə üşüyən bir kimsə.

 

Adamları mümkün deyil qorumaq son ümiddən,

Saatların vərdişidir sabahlara qurulmaq.

Hər adama qismət deyil ölümlərin kralı,

Sevgi kimi gözəl olur ürəyindən vurulmaq.

 

Dan yerinin sazağında qapadıram kitabı,

Kimsə mənə dərs keçməsin

            nə insafdan, nə dindən.

Məqamıdır, indi gətir üfürməyə külümü,

Bir rəzəsiz qapı keçdi dünyanın gözlərindən.

 

 

Şahmat taxtasında

dama oyunu

 

Bir az da maraqlı gəlir adama,

Şahmat daşlarıyla dama oynamaq.

Kim deyə bilər ki, kimdi nabələd,

Ustalıq işidir xama oynamaq.

 

Piyada gedişi gedir at, demək,

Cığal olmayana olmur, qat, demək...

Qəribə olanı şaha mat demək,

Qəfildən can atıb kama oynamaq.

 

Vəzir toplarını aramaz işə,

Filləri göndərər qara maz işə.

Yarıda saxlamaq yaramaz işə

Udub-uduzmağı tama oynamaq...

 

Yerdi satılmağa göy, nədədilər,

Alanı-satanı söy, nədədilər.

Bütün İudalar öynədədirlər,

İsaya tək qalan, - şama oynamaq.

 

 

Payız adamın şeiri

 

Mən payız adamam ilk baharda da,

Yazda çiçək yağar, xəzanda yarpaq.

Tökülər ömrümdən günlər aramsız,

Yazda yaşıl olar, zimistanda ağ.

 

Gələni-gedəni çoxdu qəlbimin,

Kəsməz ürəyimin döyüntü səsi.

Gözdən düşəni var, başa çıxanı,

Çırpıram üstümdən hər gün bir kəsi...

 

Gedirəm gecələr üzü qırova

Sübh şehi qoxuyur eşqin camları.

Olur ki, köksümə sıxıram qərib,

Çiçək adamları, gül adamları...

 

Yönü qürubadır telli günəşin,

Bütün baharların bir payızı var.

Çoxunu görmüşdüm çiçək vaxtında,

Yağır ətrafıma yarpaq adamlar...

 

O qərib ağacı tanıdınızmı,

Əqrəb bürcündəndir, ilan ilində.

İlahi bu külək niyə sərt əsir,

Yağır pıçıltılar ağac dilində...

 

Daha oyanmalıq yuxu qalmayıb

Qara gözlərimin içi sapsarı...

Dünyanın qızılı bir payız günü,

Gəlirəm, işıqdır yol sənə sarı...

 

Daha ağı çıxar gileylənməyin,

Sozalır şamdanı sarı rəngli şam.

Gedirəm...

Hər tərəf sarı, sapsarı...

Mən payız adamam, payız adamam.

 

 

57-nin şeiri

 

Baxıram, bu rəqəm yaşdı, İlahi,

Nə zaman süzülüb axdı ömrümə.

Dünyaya gəlmişdim bir payız günü,

O gündən bu yana yağdı ömrümə.

 

Su kimi ömrümdən axıb gedir vaxt,

Keçmiş zamanlara al qat səsimi.

Özüm də bilmirəm başıma düşən,

Damcı səsidimi, saat səsimi?

 

Döyünür, çırpınır sinəmdə elə,

Ölçür ürəyimi solumda saat.

Başımı qaldırıb baxıram göyə

Səs həminkidir...

Yağış çisələyir, qolumda saat.

 

Altına tutmuşam ovcumu vaxtın,

Sinəm su səsində daşdı, İlahi!

Çöldə çiskə yağır, damcılayır vaxt,

Düz 57...

İl deyil, bu rəqəm yaşdı, İlahi!

 

 

Yarımçıq şeir

 

Yarıya bilmədik bir ömrü bütöv,

Qurtardı hər şeyin bolu yarıda.

Qar deyil, daş deyil, yağış heç deyil,

Yağdı başımıza dolu yarıda.

 

Saat hesablamaz vaxtdan gileyi,

Qalmadı adamın dizində heyi.

Mənzilə çatmamış atıb hər şeyi,

Yiyəsiz buraxdıq yolu yarıda...

 

Ağ günə çıxmağın var badı, Tanrı,

Ya nəfsi al bizdən, ya adı, Tanrı...

Qisməti son günə saxladı Tanrı,

Olmadı dünyanın "ol"u yarıda.

 

 

Ölən vaxtın şeiri

 

Mənim işim-gücüm vaxt öldürməkdi,

Kim deyə bilər ki, qəsddə təkdi bu.

Nə həvəs qalıbdı, nə istək, nə hiss,

Yaşamaq adına can çəkməkdi bu.

 

Qətl etdi marağım şəhəri, kəndi,

Ruhumu oxşamaz o oba, bu el.

Zəncirotu kimi mafraqdı ümid,

Bircə üfürümə uçacaq tel-tel.

 

Bəlkə də ilk idi sonuncu eşqim,

Rəqs edib qurtaran o qular öldü.

Heç nəyə baxmaram gözləri dolu,

Boş əlim yetməyən arzular öldü.

 

Qıl yazır dözümüm asi olmağa,

Haqsızlıq adamı elə hayxıdır.

Nə əlim qanlıdır, nə qan qırmızı,

Damarımdan axan qara qayğıdır.

 

Təsəlli tapmağa bir səbəb də yox,

Çətin, zaman gələ, nəsə düzələ.

Ağ gün gözləməkdə tükətdik ömrü,

Bəlkə qara yellər əsə düzələ.

 

Qəm üstə qəm verir bütün "sarı"lar,

Qırıldı könlümün şah simi, ey dost.

Yox, gəlib çıxmadı mən deyən zaman,

Saatdan çıxıram hirsimi, ey dost.

 

Özümü seçmişəm batmağa özüm,

Gözüm olmadı ki, dünya varında.

Qərq olan gəmiyəm durğun sularda,

Məni axtarmayın vaxt axarında.

 

Varmı qismətinə əsir düşən kəs,

Kəndiri kəsilən baxmaz kürməyə.

Oyuncaq silahlı bir əsgərəm ki,

Təkcə gücüm çatır vaxt öldürməyə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!