Şeirlər - Sahib Kərimoğlu

 

 

***

"Qarabağ açılmaz düyün,

Çıxılmaz quyu" - dedilər,

Viran edib löyün-löyün,

Kəsdilər soyu dedilər.

 

Ulu ruhlar üsyan etdi,

Tanrı dözmədi bu dərdə.

Gördük necə yenilməzik

"Dəmir yumruq" olan yerdə.

 

Yendik yağı düşməni biz,

Yeni tarix yazan olduq.

Dili Zəfər təranəli

Bir nəğməkar, ozan olduq.

 

Azad elədik Şuşanı,

Gözəl Qarabağı aldıq.

Yeni əsrin tarixinə

Yenilməzlik izi saldıq.

 

Aldıq haqqımız çatanı,

Birləşdik bir yumruqda biz.

"Dəmir yumruq" öndə durdu,

Arxasında rəhbərimiz.

 

Hökm bizim, söz bizimdi,

Ucadadı bayrağımız.

Külli-Qarabağ olubdu

Əzəlkitək oylağımız.

Biz gedirik Qarabağa

 

Ey dost ellər, biləsiniz,

Biz gedirik Qarabağa.

Dikələn qədd-qamət ilə,

Düz gedirik Qarabağa.

 

Gör nə qədər çəkdi həsrət,

Həsrət dağı tikdi həsrət,

Qəlbə nələr əkdi həsrət,

Biz gedirik Qarabağa.

 

Qarabağa gedən yolda,

Gül-çiçəkdir sağda, solda,

Kədər itib qalır dalda,

Biz gedirik Qarabağa.

 

Dağlar bizə salam deyir,

Dumanlarla başın əyir,

Sənə can verməyə dəyir -

Biz gedirik Qarabağa.

 

Sevdası bu canda qalıb,

Yenə xəyallara dalıb,

Tarixini yada salıb,

Biz gedirik Qarabağa.

 

Qarabağım canım mənim,

Türk oğlu Türk qanım mənim,

Olub şöhrət-şanım mənim,

Biz gedirik Qarabağa.

 

Xarıbülbül orda bitər,

Onu görmək bizə yetər,

Ayrılıq ölümdən betər,

Biz gedirik Qarabağa.

 

Çarədir yurdum min dərdə,

İtəcək kədər o yerdə,

Solmayacaq üzlər bir də,

Biz gedirik Qarabağa.

 

 

Can qardaşım,

qan qardaşım Türkiyə

 

Əsrin zəlzələsi haqladı səni,

Tuş etdi ömrünə dumanı, çəni.

Bu halın ürəkdən ağlatdı məni,

Can qardaşım, qan qardaşım, Türkiyə.

 

Bu necə fəlakət,  bu necə qırğın?

Kaş mənə gələydi hər acın, ağrın.

Səni görməyəydim kaş belə dalğın,

Can qardaşım, qan qardaşım, Türkiyəm.

 

Mənzərələr göz-göz oldu gözümdə,

Kədər boğdu, baş açmadım özümdən,

Səndən qeyri yurd görmədim dözümdə,

Can qardaşım, qan qardaşım, Türkiyə.

 

Dikələcək, qalxacaqsan, bilirəm,

Mərd olubsan, olacaqsan, bilirəm.

Ucalarda qalacaqsan, bilirəm.

Can qardaşım, qan qardaşım, Türkiyə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!