Gedək üzü küləyə?
Ay mənim dünənim, bugünki günüm,
Sevəndən küsməzlər, başına dönüm.
Puldan da kəsərlər, çörəkdən də adamı,
Ümiddən kəsməzlər, başına dönüm...
Təəssüf bürüyüb dörd bir yanımı,
Ağlımdan keçənə şübhə asırsan,
Sözlərim sinəmdən daşır çay kimi,
Divar dilə gəlir, sənsə susursan...
Hay-haray içində fikirlər keçir,
İncik baxışların dönmür səs-küyə.
Heç bilmirəm nə deyim
xoşuna gəlsin deyə,
Daha bəsdir, əzizim,
Dur əlini ver mənə,
Bunca uşaqlıq niyə?
Yadındadı o mahnı?
"Gedək üzü küləyə..."
Gedək üzü küləyə?..
Keçib gedər
Ağına-bozuna baxma,
Ümidindən yapış, sözündən çıxma,
Çoxu deyir həyat özü yuxudu da, keçib gedər...
Neynirsən e var-dövləti?
O qədər sərvət, o qədər dərdi?
Bu dünyanın bizlər üçün
bir əlacı, bir mədəti
yoxudu da, keçib gedər...
Bu vaxtacan öyrəşmədik yaşamağa,
Adam kimi bir adama oxşamağa,
Bəlkə hələ arzuların
boyu çatmır Allaha?
Nə yaşı var ömrümüzün,
Belə baxanda,
Dünya üçün çağadı da,
Ölənəcən keçib gedər...
Niyə ağlayırsan
Qaranlıq evlərdən işıq dilənib,
Qara çadırında şəhər gizlənib.
Yenə öz dərdinə səssiz bələnib,
Niyə ağlayırsan, söylə, ay gecə?
Küçələr yorulub, beli bükülür,
Yarpağın, budağın təri tökülür.
Bəlkə də qaranlıq özü sökülür,
Niyə ağlayırsan, söylə, ay gecə?
Hər küncdən-bucaqdan gizli keçmisən,
Əyninə zamanı belə biçmisən,
Əzəldən donunu qara seçmisən,
Niyə ağlayırsan, söylə, ay gecə?
Uduzan qadın
Götür bu sevdanı başına fırla,
Yaralı qəlbinin sadağasıtək.
Ört könül qapını, bərk-bərk, qıfılla
Bu bitən eşqinin qadağasıtək.
Qır vüsal belini, sürü saçından,
Həsrətdən qaralmış üzünə tüpür.
As bütün ağrını dar ağacından,
Gözünün içindən kədəri süpür.
Yığ, topla yükünü kipriklərindən,
Qurut ürəyində göz yaşlarını.
Ağlama, sevgiyə uduzan qadın,
O kordu, itirib baxışlarını...
Ayrılıq qapısında
Heç bilmirəm harda bitdi,
sona yetdi sevgimiz.
Nə vaxt, necə hörüldü,
ayrılıq çələngimiz.
Bəlkə də lap əzəldən
görüşməli deyildik...
Doğrudanmı bir eşqə,
ya həvəsə əyildik?..
Bəlkə də uşaq idik
məhəbbətin əlində,
O əl ayırdı bizi...
Bəlkə də... bəlkə də yanılıram,
Biz özümüz böyütdük,
Elə bir-birimizi...
Bəs ayrılıq nə idi,
Ayrılıq nə imiş bəs?
Ayrılıq bir acı çay,
Ayrılıq zəhər imiş.
Hər gün yuxusuz gecə
yuxusunu tapanda,
Ayrılıq səhər imiş.
Oxuduğun kitabda
tapdığın bir incə söz,
bir ovuc qəhər imiş.
Ayrılıq zəhlətökən,
Ölümdən betər imiş...
Heç bilmirəm harda idi
ayrılığın qapısı.
Guya bilsəm nə olsun?
İndən belə nə mən dönən deyiləm,
Nə də ki sən o qapını açası...
Xatirələr otağı
Bilmirəm neçədi saat,
necə keçib vaxt,
oturmuşam beləcə,
sakitcə, kirimişcə,
quzu balası kimi
səhərdən oturmuşam
fikirlərin içində
yandırıram özümü.
Əlimdəki siqaret
tüstüsündən karıxır.
Əlimin altındakı
kül qabı da elə bil,
qaçmağa yer axtarır...
Tütün-tütün fikirlər
boylanır başım üstdən
Yanan odu, yoxsa mən?
Ürpənirəm qəfildən,
dodağımda can verən
siqaret kötüyündən,
bu kibrit bədənimdən.
Yanan kimdi, İlahi?
kimdi, kimdi, görəsən?
közərir varaq-varaq,
tökülür sətir-sətir,
gözümdəki güzgüdən.
Çılpaqlaşır bu güzgü,
soyunur yavaş-yavaş,
Pərdələr arxasında
Xatirələr otağı
oyanır yavaş-yavaş...
Açılır pəncərələr,
açılır bircə-bircə
hardasa xəyalların
gizlən-qaç oynadığı
o qocaman dalanda,
yaddaşımdan asılmış,
yel vurduqca yellənən,
Ağlımın kəsmədiyi
toz-dumanlı səhnələr...
O səhnələr içindən,
Uçur kəpənək kimi
bir eşq uçur hey uçur,
uçub qonur çiynimə,
Çiynimdən ürəyimə
atır özünü oda...
Hələ o cavan eşqin
qolları arasından
asta-asta sürüşüb
görüşlər düşür yada
Sərçə öpüşlərilə
cilvələnir duyğular,
o gizlin, nəşə dolu,
o saf, körpə qayğılar...
İsti təbəssümlərə,
bürünür vüsalımız
Bir yastığın ucunda
toxunur sabahlara
arzumuz, amalımız...
Bir bulud ömür keçir
yağış kimi sellənir,
üst-başıma çilənir.
Birgün gəlir, ayrılıq
gözlərimdən su içir...
Bir ömür bulud keçir...
Görüşürük nə vaxtsa,
salam da vermirəm heç,
qürurum üstələyir.
Ürəyimdə nə varsa,
yanıb-yanıb, eləcə
əlimdə tüstüləyir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!