Balaca çoban
Bir bahar da başa çatdı,
Oruc səkkiz yaşa çatdı.
Gözlərini açan gündən,
Ayaq tutub qaçan gündən,
Otlaq görüb, çaylaq görüb,
Qışlaq görüb, yaylaq görüb.
Son zamanlar yaman düşüb,
Çoban olmaq həvəsinə.
Qədir baba bir gün dedi,
Öz sevimli nəvəsinə:
- Çəpiş balam, quzu balam,
Çörəyimin duzu balam.
Ay ötəcək, il ötəcək,
Axır yaşa dolacaqsan.
Bəlkə sən də baban kimi
Məşhur çoban olacaqsan.
Çoban yolu nağıllıdır,
Dağdan, daşdan keçə bilir.
Qoyunları bir-birindən,
Çoban necə seçə bilir?
Oruc dindi babasının
Buyruğıylə:
- Gözü, rəngi, quyruğiylə.
- Ay afərin, qurban olsun
Məndən sonra yerim sənə.
İstəyirəm
Bir sual da verim sənə.
- Buyur, baba.
- Söylərmisən qoyunların
Yaşlarını?
Oruc çatıb qaşlarını
Dedi: - Quzu, Toğlu, Şişək,
Sonra Əyəc və Qaradiş.
Bir də Azman,
Bir də Dızman.
Qəh-qəh çəkdi Qədir baba,
- Nədir baba,
Yaddan çıxıb qalanmı var,
Sözlərimdə yalanmı var?
- Xeyr, oğlum,
Tamam haqdır dediklərin,
Halal olsun yediklərin.
Çox ağıllı balasan sən,
Sabahıma qalasan sən.
Qurban bir cüt gözüm sənə,
Qoyunların rəngini də
Deyə bilsən,
Olmaz daha sözüm sənə.
- Qumralı var, əbrəşi var,
Bənövşəyi, çalı vardır.
- Sağ ol, sağ ol, - dedi baba.
- Dayan, hələ dalı vardır.
Hələ bunlar harasıdır.
Ən gözəli
Bozu, ğəri, qarasıdır...
- Sağ ol oğlum, qoy sınasın,
Dərələrdə sellər səni,
Zirvələrdə yellər səni.
İnanıram vaxt gələcək,
Adlı-sanlı çoban kimi
Tanıyacaq ellər səni.
Məsələ
Bu da bir məsələdir,
Deyil adicə oyun.
Bu sahildə bir bağ ot,
Bir qurd, bir də bir qoyun,
Bir də kiçik bir qayıq,
Boyu beş-altı çərək.
Onları o sahilə
Bir-bir keçirmək gərək.
Qayıqçı dərdə batıb,
Fikir atına mindi.
Onları o sahilə
Necə keçirsin indi?
Əgər qurdu keçirsə,
Otla tək qalan qoyun
Xoş məqamdır deyəcək.
Bircə anın içində
Basıb otu yeyəcək.
Əvvəl otu keçirsə,
Qurd qoyunla qalacaq,
Dərhal mayallaq aşıb
Sevinc təbli çalacaq.
Yaxşı deyib atalar:
Qurdun min bir oyunu.
Tək qalsalar o basıb
Yeyəcəkdir qoyunu.
Qayıqçı çox düşündü,
Bir yol tapa bilmədi.
Onları o sahilə
Keçirməkçün xatasız,
Bəlkə siz qayıqçının
Köməyinə çatasız...
Həm də elə edin ki,
Bir kimsə ağız büzüb,
Bu, yalandır deməsin.
Bir də ki, qoyun otu,
Qurd qoyunu yeməsin.
Xatun nənə
Nəvəsiylə gəzməyə
Çıxmışdı Xatun nənə.
Yaxınlaşdı tanışı:
- Bir sualım var sənə.
Qara gözlü körpənin
Tumarlayıb başını,
Sordu: - bu gül balanın
Söylərmisən yaşını?
Nənə güldü: - o hələ
Balacadır nə dərdi.
Yaşındakı ayların
Sayı yaşım qədərdi.
- Sənin neçə yaşın var?
Nənə güldü: - özün tap,
Say bilən başımız var.
İkimizin birlikdə
Altmış beş yaşımız var.
Hesablaya bilməyib
Tanış çatdı qaşını.
Uşaqlar, tapın görək
Siz nəvənin yaşını.
Nənəmin hədiyyəsi
Mağazadan Məsmə nənə
Bülbül aldı bu gün mənə.
Cəh-cəh vurdu,
heyran oldum
Mən ondakı şirin səsə.
Ancaq yazıq salınmışdı
Bər-bəzəkli bir qəfəsə.
Orda qanad çalmaq olmaz,
Dünya boyda genişliyi,
Dar qəfəsə salmaq olmaz.
Azadlığı, xoşbəxtliyi,
Pulla satın almaq olmaz.
Duydum orda bülbülün də,
Yaşamağa yox həvəsi.
Nənəm evdən şıxan kimi,
Qamarladım tez qəfəsi.
Açdım, uçdu şeyda bülbül,
Çəh-çəhəsi çoşub-daşdı.
İtirdiyi azadlıqla
O yenidən quçaqlaşdı.
Rasim və almalar
Müəllim dedi: - Uşaqlar,
Tabaqda üç alma var.
Hər üçü eyni boyda,
Eyni rəngdə almadır.
Kim deyər, bu almalar
Neçə ildən qalmadır?
Rasim köksün ötürdü,
Almaları götürdü.
Diqqətlə baxdı, baxdı,
Gözündən gülüş axdı.
- Bir qab su verin, - dedi.
Rasim o almalardan
Birini qaba saldı.
Alma suya batmadı,
Suyun üzündə qaldı.
- Bax, bu köhnə almadır,
İnişildən qalmadır.
Quruyubdur yamanca,
Çəkisi yox samanca.
O, ikinçi almanı
Götürüb qaba atdı,
Yarısı üzdə qaldı,
Yarısı suya batdı.
- Bu da köhnə almadır,
Ötən ildən qalmadır.
Sözüm deyildir hədər,
Meyvələr yüngülləşir,
Quruyanda bir qədər.
O üçüncü almanı
Götürüb qaba atdı.
Alma bir an içində,
Suyun dibinə batdı.
Dedi: - təptəzədir bu,
Şirəlidir, çək dişə.
Meyvələrin təzəsi,
Ağır olur həmişə
Uşaqlar heyrət ilə
Soruşdular: - Bunu sən,
Axı hardan bilirsən?
Gülə-gülə almadan
Dişləyərək yedi o,
- Bunu bağban babamdan
Öyrənmişəm, - dedi o.
Təzə nağıl istəyirəm
- Nağılların çoxu tanış,
Nənə, mənə nağıl danış.
Orda divlər lovğalanıb
Mənəm-mənəm deməsinlər.
Canavarlar quzuları
Parcalayıb yeməsinlər.
Sevinc olsun, fərəh olsun,
Ömrün, günün hər çağında.
Bala ceyran mürgüləsin,
Vəhşi şirin qucağında.
Nağıllarda qəm nəğməsi
Oxunmasın.
"Həccə gedən qoca tülkü"
Cücələrə toxunmasın.
Orda sevinc, haqq, ədalət,
Ağıl olsun.
Güclüləri zəifləri
Tapdamayan nağıl olsun.
Nağılların çoxu tanış,
Nənə, mənə nağıl danış,
Təzə nağıl.
Qəribə suallar
- Nənə, mənə anlat barı,
Həccə gedən qoca tülkü
Axı niyə aldadaraq
Parçaladı toyuqları?
Söylə mənə,
Qurd keçinin Şəngülüsün
Niyə yedi, niyə, nənə?
Niyə pələng cüyürləri
Qaçaq saldı o düzlərdən?
Söylə axı bu güclülər,
Nə istəyir gücsüzlərdən?
- Qəşəng balam, darıxma sən,
Böyüyəndə hamısını biləcəksən.
Oyuncaqlar mağazası
Mağazaya düşüb yolum,
Tankdır, topdur sağım, solum.
Şahə qalxır taxta atlar,
Nərildəyir avtomatlar.
Tank var, dovşan yoxdu burda,
Tüfəng şardan çoxdu burda.
Tank kəndləri viran qoyan,
Şəhərləri dağıdandır.
Tapançasa, avtomatsa,
İnsan qanı axıdandır.
Öz körpənə tapança yox,
Bülbül, dovşan al, atası,
Bura uşaq aləmidir,
Yoxsa silah palatası?
Oğlum məktəbə gedir
Ay ellər, qəlbimə bir qulaq asın,
Mənim ciyərparam məktəbə gedir,
Maşınlar yollara buraxılmasın.
Önündə dağ varsa - təpəyə dönsün,
Yolları daşlısa ipəyə dönsün.
Qoy batmış bulaqlar gur çağlasınlar,
Qurumuş ağaclar yarpaqlasınlar.
İnsanlar yüyürüb şənliyə çatsın,
Hər ev arxasınca bir cam su atsın,
Oğlum məktəbə gedir.
Keçsin xalı üstən yolu daşlılar,
Toplardan yeddi yol atəş açılsın,
Bu gün dərsə gedir yeddi yaşlılar.
Su desə - asfaltda çeşmə çağlasın,
Tankların tırtılı mamır bağlasın.
Nəğmələr səslənsin dərədə, düzdə,
Quşlar balalasın mərmilər üstə,
Oğlum məktəbə gedir.
Külək, sənin səsin hər yerə çatır,
Müqəddəs şəhidlər xiyabanında,
İyirmi beş yaşında bir baba yatır,
Bu xoş muştuluğu ona da yetir,
Nəvən məktəbə gedir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!