Bircə kərə...
Bəxtimə qaş-qabaq tökdün...
Dərdim oyandı ahıma.
Hansı sözün cəzasıdı
Hökm oxudun günahıma?
Yaşatdığın ədavəti
Axı necə alqışlayım?
Üzümə bax bircə kərə,
Sənə ömür bağışlayım...
İndi, indi...
Getmə uzaqlara... bezdi o yollar,
Bulana-bulana soyudu hava.
Üz-üzə oturub qapını örtsək
Görərik sükutdu ən zalım dava.
Ta xəbər dalınca yüyürmə, gecdi...
Ləngitdik bahara açan çiçəyi.
Payız küləyinin hirsi sovurdu
Bir vədə arxanca qaçan çiçəyi.
Əcəl də əzəldən bərədə ovçu...
Min şübhə oyadar bir can ovuna.
Hələ də nağıllar uydururuq biz
Quru təsəlliylə kimdi ovunan?
Bu gündə sözümü qoşdum adına,
Ona da ayrılıq sahib çıxdı, bax.
Kimsə şam söndürüb... ulduz uçurdu,
Qurulu bir eşqi belə yıxdı, bax.
Daha dağıntı da, tozanaqdayıq...
Abad könül sevməz bayquş xisləti.
İndi yüz gümanı bir zamana yığ -
Gətirsən, ömrümə aydınlıq, gətir.
Doğulandan davayam...
Qəfil demə, qəflətə...
Hardasa söz-nizam var.
Bu arxayın zamanı
Bircə anla pozan var.
Bilirsən, bilmədiyin,
Tərəfin içindəsən.
Haqqı, halalı qovan
Tərifin içindəsən.
Ağılda başda qəza
Dəliyə dolu xəbər.
Ömür sürməyə dəyməz,
Təhlükə yolu - xəbər...
Məndə sözdə, sükutda
Qalmışam aralıqda.
Vaxt, vədə şoranlığı
Yer deyil... buralıqda.
Ütüyə gəlmirəm ki,
Qırışam, codam, bala.
Doğulandan davayam,
Neyləsin, adam, bala?
Gec, tez...
Yoxsa istəklərim qorxu böyütdü?
Çaşdırdı səni də dilimdəki söz.
Gör necə işıqlar çilikləndi, bax,
Cavabsız suala bacardıqca döz...
Yozduğun mənadı, pozduğun cığır -
Bir də ayaq basmaz xəyallar bura.
Ayın aydınlığı küsən yerlərin
Nədən sevdaları çatmaz uğura.
Hələ bilmədiyim sözdü olanlar
Qaş-qabaq tökməklə könül açılmaz.
Utancaq bənövşə təbəssümündə
Gərək nəfəsini dərəsən bir az.
Səhər o səhərdi, axşam o axşam...
Bir evin altıdı susub, ağlayan.
Nə qədər ayrılıq çəksə də ömür -
Gec-tez yol açandı, yolu bağlayan.
Bax, odur...
Yaman arxayınıq bu boşluqlara
Gerçək yaşamağın xəyalları qıt.
Hardan gəldiyimi, hardan biləsən? -
Qayıt, gəlmədiyin tərəfə qayıt.
O yorğun səmada bulud da incik...
Giley-güzarlardan olma xəbərsiz.
Dünyanın altını üstə çevirib
İndi bilirsənmi neyləmişik biz?
Qalmışıq ömürlə, vaxtla üz-üzə...
Sən demə qış imiş - bəd, soyuq baxış.
O uçan yuvaya, quruyan çaya
Necə söyləyim ki, barışma, barış?
Bir də yaxşı düşün olacaqları
Balta var qorxusu meşə qurudur.
Yamanca inciyik bir-birimizdən -
Görmürsən dəryanı milçəklər udur?..
Uzan kölgəliyə utan demirəm -
Tər tökən zamanın bizik günahı.
Gərək yuxuların əlindən alaq
Hər ötən gecəni, doğan sabahı...
Sanma dava-dalaş xeyir gətirə
Hamımız bir yerdə dünyaya əlac.
Bütün günahlara xoş bir cavabdı, -
Bax, odur puçurda... əkdiyim ağac...
Dumduru...
Dumduru su kimidi...
Bu adam başdan-başa.
İncitməz, inciməz ki -
Sözünü tutub yaşa...
Üzünü üzdən üzüb
Kimsəyə varam - deməz.
İçini yeyə-yeyə...
Bir tikə haram yeməz.
Ocağa qapı açıb -
Ocağa çəkər yadı.
Pozulmaz nizamında
Duz dadı, düzün dadı.
Gündoğan ki, budu, bu...
Dil götürməz duadan.
Alnına bax, darıxma
Əl tut, qopma dünyadan.
Sənsə...
Sən məni bağışla o doğan günə -
Şəfəqlər yanılmaz öz sevgisində.
Ötəri deyil ha... könül əzabı
Mən də inadkaram susduğum vədə.
Hələ xəyalımız görüş uydurur,
Hələ çağırıram ayı köməyə.
Gör necə çarəsiz, necə gücsüzəm,
Sənə pıçıldayıb nəsə deməyə?
Bağışla, qəhrəman olmaq çətindi
Çiçəklə savaşı tutmaz ürəyin.
Dünyanı fəth etmək bəlkə də budu -
Gizlində, aşkarda xoş söz deməyin.
Yaman buludludu havalar burda,
Duman da sürünür sirli pərdətək.
Bir azdan özümdən çıxıb gedəcəm -
Sənsə bu xəbərə dözəsən gərək...
Yuxunu mənə danış...
Necə xoşdu, necə xoş...
İndi səni düşünmək.
Biz ki, bahar içində
Əl-ələyik nəfəstək...
Sən də darıxan adam
Baxışların tamaşa.
Əhsən, deyər, əzabım
Ta buluda, yağışa.
Fikrində sözlər işıq...
Qaranlığın qənimi.
Nə yaxşı yaşadırsan
Öz nəbzində qəmimi.
Burdan durub getməyə
Yoxdu bir cənnət arzum.
Yuxunu mənə danış -
Səni şeirə yozum...
Çətinmi...
Oyanmış, bir yorğun təbəssüm ilə,
Susdun qarşıladın vaxtı, vədəni.
Saat da qaçaraq tərəddüdlərin -
Neyləsin yolundan çıxıb gedəni?
Dilində küsülü bir giley-güzar
Harasa arxayın atılan daşdı.
Aramız, arada yaman soyudu -
İstəklər nə yaman gözləri yaşlı...
Yoxsa yaşımızın davasındayıq? -
Yoxsa yanlışdımı bu gördüklərim?
Ta dayaz çayları rahat keçirik -
Di gəl ki, gözündə kədərin dərin.
Gah sağa, gah sola əyilir hava
Deyən sabahımız dumanlı əldə.
Günah teyləməyə, qovmağa dəyməz
Nahaqca salmışıq ömürü əldən.
Qaranlıq qorxulu, işıqda dözüm...
Çətinmi bu dərdə sevgi deməyə?
Sözümüz üz-üzə öcə düşsə də,
Xəlvətdə, gizlində gülümsəyərək -
Yenə sözləşirik nəfəs dərməyə.
Bu da bir şeirdi, şeir...
Bu şeir də bir bəla...
Od-ocaq yuvasında.
Sülhə gəlməz ki, balam,
Fil, böcək davasında.
Küsdürmə, fikrindədi
O çirkinin, göyçəyin.
Naşı xəyal ovçusu -
Torunda hörümçəyin...
Qapıdı, pəncərədi...
Gah qaranlıq, gah işıq.
Əlini üzmə əldən -
Fürsətləri barışıq.
Dizini, qucub durar
Bir qala bürcündə o.
Fırlayar yer üzünü
Kəpənək gücündə o...
Dönər göz yaşlarında
Misra-misra ulduza.
Belə yaşayar, belə -
O uduza, uduza...
Kimdi ki...
Sən öz sükutuna, öz harayına...
Nə doğma bilirsən, nə də yad məni.
Hələ ötür-ötür görüşlərində
Dalana yozursan sözü, cümləni...
Üzrxah təbəssüm, ilıq güzəştlər...
Yorğun yoxuşlarda qara nəfəsdi.
Deyəsən olacaq... yanlışdı nəsə
Gizlində, aşkarda, taleyin qəsdi.
Rəhimli baxışın yaman haçalı...
Sevgi vəd eyləyir uzağa, yada.
Şübhələr sındırsa o şüşə qəlbi, -
Gerçəyi sahmanla, alt-üst et, ya da...
İnanma qələbə marşı çalına,
İnanma bu qorxu çıxarmaya qan.
Endir pərdələri, oyunu saxla -
Kimdi ki, sağ axan bu tamaşadan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!