Başqa yazı
Vallah, hər yazıya oxşamıram mən,
Vallah, hiss edirəm, başqa yazıyam.
Dünənin, bu günün şairi deyil,
Binadan şairəm, başdan yazıyam!
Bir başqa yazıyam sirli-sehirli,
Bir ayrı taleyəm, qədərəm mən də.
Dünyanın əvvəli, sonu qədərəm,
Özümdən özümə qədərəm mən də!
Dil nədi, bilməyən, yuxluyan çoxdu,
Dilini bilmirəm başqa yazının.
Yoxdu, mənim kimi oxuyan yoxdu
Sirrinin qayada, daşda yazının!
Yer yoxdu, özümə yer eyləyirəm,
Ürəkdə yazıdan, başda yazıdan.
Mənim yazılarım hardan başlanır? -
Əlbəttə, həmişə başqa yazıdan!
Canımı söz üçün qurban demişəm,
Qurbandı ürək də, baş da, yazıya!
Ürəyim dincəlir, ruhum dincəlir
Baxanda bu doğma-başqa yazıya!
Ölsəm, görəcəksiz təzə ölmürəm,
Ölüm də başqadı məndən ötəri.
Binadan yazıdı, başdan yazıdı.
O başdaşındakı adımmı mənim?
Dönün, yaxşı baxın...
başqa yazıdı!?
Göylər padşahı
Min illər boyudur yoldadır bəşər,
Gətirib gələn var sözü bəriyə.
Götürüb gedən var sözü anrıya!
Sanıram yol gəlir, yol gedir bəşər,
Cavid əfəndidən üzü bəriyə,
Cavid əfəndidən üzü anrıya!
"Ana" sı hamıya ana olubdu,
Şeyxlər şeyxidir
"Şeyx Sənan"ı.
"Kiyaz"ı kiyazdır, "Afət"i afət,
"Topal Teymur"udur tutan dünyanı!
Yan-yanaşı şair, sərkərdə kimi
"Siyavuş"u gəlir,
"Xəyyamı"ı gəlir.
Başda qərar tutub "Peyğəmbər"i də,
Nuruna qərq edir əyyamı, gəlir!
Özü də bir sənət peyğəmbəridir,
Ölməyib, yaşayır, guya bilmirsiz?!
Yaşadır bizlərdə azəri "Azər",
Öldürüb bizlərdə İblisi "İblis".
Min ildi aşiqtək sevir, sevilir,
Qoca Şərqin Şekspri sayılır.
Enir Adəm kimi
göylərdən, enmir!
Göylərdədir "Hüsnü Xuda şair"i,
Bu yerlər şairi, göylər şairi!
Yaşadı göylərin padşahı kimi,
Dövranını sürdü, ömrün eylədi.
Sibirdən bir axşam qayıdıb gəldi,
Sibirin özünü sürgün eylədi.
Elə anlamışam, elə duymuşam,
Sanıram dünyada tələsir hamı,
Onu anlamaqçün,
Onu sevməkçün.
Oğlumun adını Cavid qoymuşam,
Evdə-eşikdə də Cavid deməkçün!
Göylər üzündədir... yerlər üzünə
Düşəndə göydən yox, özündən düşüb.
Bəşərin gözünə eynək olubdu,
Özünün eynəyi gözündən düşüb!..
Qubanın ağ alması
Yenə də almalar ağ, qırmızıdır,
Aran almasıdır, dağ almasıdır.
O qızın gözündə bütün almalar
Nə vaxtdı Qubanın ağ almasıdır!
Yolunu gözləyir şəhid yarının,
Kim deyir ağlamır,
yar yası tutmur.
Ha həkim çağırır, dəva edirlər,
Ha sarğı qoyurlar, yarası tutmur!
Əlləri havada, ağzı duada,
İstəyir bir də qan-qada olmasın.
Alma ağacları yəqin ki, küsməz,
Yarına saxlayıb Quba alması!
Uzanır döyüşə döyüşə, yollar,
Şəhidin, o qızın canından keçir.
Onun nəzərində döyüşə yollar,
Quba almasının yanından keçir.
Quba almasına and içir içsə,
Ona haqqın özgə adını vermir.
Aldığı meyvələr dadlı olsa da,
Quba almasının dadına vermir!
Yoxdu, başqa barda gözləri, yoxdu,
Olub ümidinin barı-Gələcək!
Quba almasını əkib qapıda,
Bilir, eşidincə yarı gələcək!?
Başından dumanlar, tüstülər qalxır,
Ağırdı ayrılıq, o gözəl duyur.
Hələ də yolların üstünə çıxır,
Hələ də yollara baxıb oxuyur:
"Qubanın ağ alması,
Yeməyə bağ alması.
Yarım gələnə qaldı,
Yaramın sağalması!"
Küsənlər
Elə istəyirəm kefin gələndə
Məndən inciyəsən, məndən küsəsən.
Tənha qalmayasan... tənha qalanda
Məndən inciyəsən, məndən küsəsən.
Can-ciyər olanla canciyərəm ha,
Məndən inciməsən inciyərəm ha!
İstəyirəm könlün-gözün doyunca,
Məndən inciyəsən, məndən küsəsən!
Neyləyim dadına çatan tapmasan,
Könlünə mənimtək yatan tapmasan!
Kaş ki, inciməyə adam tapmasan
Məndən inciyəsən, məndən küsəsən!
Hardan tapasıyıq bu şirinliyi,
Hardan bulasıyıq bu şirin meyi?
Küsmək nə şirinmiş, nə şirin, deyib,
Məndən inciyəsən, məndən küsəsən!
Gəlmək mümkündümü yanına asan,
Az səni qısqanım, az məni qısqan!
İnciyib küsəndə yanılmayasan,
Məndən inciyəsən, məndən küsəsən!
İnciklik saymaram incikliyini,
Duymasa küsməyin incikliyimi!
Kaş elə özündən küsürmüş kimi,
Məndən inciyəsən, məndən küsəsən!
Necə vurulmayım, vurulum sənə? -
Min bir ömrüm olsa yar olum sənə!
Ömür, bilirsənmi, verilib sənə,
Məndən inciyəsən,məndən küsəsən!
Neynirik, Yazımız Yaz olsa ayrı,
Bu alın yazımız yazılsa ayrı!
Haqqın var... qəbrimiz qazılsa ayrı
Məndən inciyəsən, məndən küsəsən!
Ağa şapalağı
İsrafil ağa Qazaxda məscidin qarşısına gələndə görür ki, Gəncə quberniyasından göndərilmiş bir çar rəisi camaatın üstünə ağzına gələn təhqiramiz sözlər, söyüşlər yağdırır. Ağanın şapalağı
açılan kimi rəis dığırlanıb öz atından bu el igidinin atının dırnaqları altda düşür...
Alacaq payını haqqı saymayan,
Bu xalqın haqını qapan yağıdır.
Allah! O nə səsdi, Sur səsidimi?
İsrafil ağanın şapalağıdır!
Elə çatdadı ki, nadan üzündə,
Çaxdı ildırımın sanki şax səsi!
Yıxdı ildırımın səsindən qabaq,
Axmağın birini şapalaq səsi!
Dözməyib ağanın ağır zəhminə
Qaçan bax özünü itirib qaçdı.
"Di sürük!" - deyincə çar rəisinə,
Qaçdı, dabanına tüpürüb qaçdı!
Xalqın üzərinə töksün, nədəndi,
Yaşıl zəhərini hər ilan-əfi?!
Xalqın təəssübü belə çəkilər,
Belə saxlanılar xalqın tərəfi!
Kim dedi, kiməsə yalvar, kim desə,
Hər kişi kişimi? Üzü ağ olmur!
Baxma şapalaqlıq əl var kimdəsə,
Hər kəsdə əl olur... şapalaq olmur!
Arxa olduğuyçün xalqa, xalq kimi
Arxası var imiş şapalağın da!
Şapalaq da elə-belə olmurmuş,
Ağası var imiş şapalağın da!?
Qoymaz gizlənməyə, tapar yağını,
Çapar, namərd harda,
Alçaq hardadır!
İsrafil ağanın şapalağının
Hələ şaqqıltısı qulaqlardadır!
Pıçıltılar
Yavaşca-yavaşca dolur buludlar,
Yavaşca-yavaşca yağır yağışlar
Dənizlər kükrəyib köpürmək üçün
Yavaşdan yavaşca axmağa başlar.
Yavaşca-yavaşca açır çiçəklər,
Qönçə geyimini soyunur güllər.
Yavaşca-yavaşca gülə çevrilib,
Geyinirlər öz gül donunu güllər!
Götürüb götürən zaman gücünü -
Bulaqlar tutumu pıçıltısından.
Bir bax, sükut edən qəbiristanlara,
Qulaqlar tutulur pıçıltısından!?
Eyləsə özüylə dava eyləyir,
Yoxdu iş-gücü göz yaşının da,
Başqa dava-dalaş, savaşla, axır...
Nədən iti sular iti görünür,
Yavaşca başlayıb...
yavaşca axır?
Gör ana təbiət al lalələrə
Nələr öyrətməyib... nələr öyrədib.
Ucadan axmağı şəlalələrə
Pıçıltıyla axan sular öyrədib.
Elə düşünmə ki, ucadır sözü
Əsl aşıq-aşiq olmayan kəsin.
Yiyəsi utanır... sazı çalınır,
Səsini alçaldan ucaldır sözü,
Səsi ucalanın özü alçalır.
Uyma çaqqalların qışqırtısına,
Hələ ağzını yum,
danışma, əylən!
Qulaq as otların pıçıltısına,
Adam balasıtək danışmaq öyrən!
Pıçılda qələmim, pıçılda masam,
Yoxsa kor qəpiyə dəyə bilmərəm.
"Bir dur, qulağını bəri tut" deyib,
Sözün qulağına pıçıldamasam,
Mən də bir sözümü deyə bilmərəm!
Bir vaxt bu dünyada bu hay-küy deyil,
Hay-küyü yox edən
pıçıltı vardı.
Çoxunu çox edən pıçıltı vardı.
Məni şair edən qışqırtılar yox,
Məni şair edən pıçıltılardı!
Neçə ki, söz deyir pıçıltı ilə,
O saat pərvanə şamı eşidir.
Ucadan səslənsin deyə, sözümü
Yavaşdan deyirəm... hamı eşidir?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!