Ağaclar Eyfel qülləsindən, dağlar Misir piramidalarından daha gözəldi... - Şeirlər. Mina RƏŞİD

 

 

İlahi əsər

 

Ağaclar Eyfel qülləsindən,

dağlar Misir piramidalarından

daha gözəldi...

Möcüzə dənizlər, nəhrlər,

yağışlar, küləklər,

ucsuz-bucaqsız çöllərdi...

Dünya Allahın möcüzəsi -

İlahi bir əsərdi!

 

 

Ramazan

 

Oruc tutar müsəlman

Bu ay gəldiyi zaman.

İlin ən göyçək ayı

Ramazandı, Ramazan.

 

Bu ay nəfsi dinləyib

Baxmadınsa sözünə.

Cənnətin qapıları

Açıq olar üzünə.

 

Xeyirdi, bərəkətdi,

Mərhəmətdi Ramazan.

Allahdan insanlara

Bir nemətdi Ramazan!

 

 

Günəş

 

Hamı onu əzizlər

Söhbətində-sözündə.

Bəs günəş necə durub

Görən göyün üzündə?

 

Yerə düşə bilərmi?

Düşsə yandırar bizi.

Onu göydə saxlayan

Düşündürmür bəs sizi?

 

 

Göyqurşağı

 

Al-əlvan rənglərimlə

Göyün yaraşığıyam.

Sevir məni uşaqlar

Mən bir göyqurşağıyam.

 

Hərdən görünürəm mən

Yeddi rəngli donumda.

Günəş şəfəqlərilə

Yağış görüşən anda.

 

De, hansı rəssam çəkər?

Heyrətlə baxır hamı.

Allahın əsəriyəm

Məndən gözəl de, hanı?

 

 

Arı

 

Sarı gülə bənzərəm

Lalə kimi xalım var.

Min bir dərdin dərmanı

Dadlı, şirin balım var.

 

Gəzərəm, dolanaram

Bağçaları, bağları.

Aşaram qanadımla

Uca-uca dağları.

 

Ətirli çiçəklərin

Şirəsini çəkərəm.

Bir məlhəm hazırlayıb

Pətəyimə tökərəm.

 

Mühəndisəm, aşbazam...

Həmişə çalışaram.

Mən öz düşmənlərimlə

İynəmlə savaşaram.

 

Özümü öyməyim çox

Varmı bunun niyəsi?

Özüm də, pətəyim də

Allahın möcüzəsi!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!