Pirayə xanıma
Bursa həbsxanasında yatdığım illərdə "Görkəmli adamların həyatı" seriyasından bir kitab üzərində işləyirdim. Və görkəmli adamlar dedikdə, qəribə də olsa, məşhur sultanları, paşaları, sənət adamlarını, alimləri, gözəllik kraliçalarını, quldurları, milyonçuları deyil, səs-sədaları işlədikləri fabrikdən, tarladan, dükandan, yaşadıqları məhəllədən uzağa getməyən adi insanları nəzərdə tuturdum. Təbii ki, təxəyyülə yox, real həyata müdaxilə etdiyim üçün poetik süsdən daha çox publisistik tona üstünlük verirdim.
Həmin ərəfədə faşist Almaniyası SSRİ-yə hücum etdi - İkinci Dünya müharibəsi başladı. Bu mənim planlarımı dəyişdirdi. Belə qərara gəldim ki, iyirminci əsrin tarixini yazım, əlbəttə, bədii şəkildə. Bu tarix müxtəlif millətlərdən, təbəqələrdən olan insanların həyatlarını ehtiva etməli idi. Yəqin düşünəcəksiniz: faşist Almaniyasının SSRİ-yə hücumu ilə iyirminci əsr tarixi arasında nə əlaqə? Bəlkə də haqlısınız. Amma indiki kimi xatırlayıram: Baş mühafizəçinin müharibənin başladığını xəbər verəndə, elə bil, içimdə nəsə qırıldı və iyirminci əsrin tarixini yazmaq duyğusu qəlbimə hakim kəsildi. Belə qərara gəldim ki, Hitlerlə başlayım, sonra geriyə - Boyer hərbinə doğru getdim, həbsxanadan çıxdıqdan sonra da, ölənə qədər hər il müharibə əleyhinə bir kitab yazım. Demək ki, faşizmin yeniləcəyindən, eyni zamanda, həbsxanadan çıxacağımdan əmin idim…
İyirminci əsrin tarixini tanıdığım bütün xalqların - türklərin, azərbaycanlıların, rusların, ukraynalıların, ingilislərin, fransızların, hindlilərin bəzən üç sətirlik, bəzən üç səhifəlik tərcümeyi-hallarını anladaraq yazacaqdım. Bələd olduğum bu insanlara təxəyyülümdə yaratdığım insanları da qatacaqdım.
Sonradan mən "İyirminci əsrin tarixi" kitabının adını dəyişib, məzmununa uyğun olaraq, "İnsan mənzərələri" qoydum.
O günlərdə kraliça Yelizavetta dönəmində yaşamış şairlərin şeirlərini və Qoqolun "Ölü canlar" pyesini təzəcə oxumuşdum. Güman edirəm ki, o sənət nümunələrinin də yazdıqlarıma müəyyən təsiri və faydası olmuşdur.
Həbsxanadan çıxdığım zaman artıq 66000 misra yazmışdım.
Azadlığa çıxdıqdan bir il sonra vətənimdən ayrılmaq məcburiyyətində qaldım. "İnsan mənzərələri"ni özümlə götürə bilmədim, yaxalansam məhv edərlər deyə qorxdum. Sizə bəlkə də qəribə gələcək: 66000 misranın üzünü köçürməyə, yəni ikinci nüsxəsini hazırlamağa vaxt tapmamışdım. Tam mətni bir neçə yerə bölüb, dostlarıma payladım. Moskvaya gəldikdən bir qədər sonra onların böyük bir qisminin polisin əlinə keçdiyini və yandırıldığını öyrəndim. Xoşbəxtlikdən, mən hələ həbsdə olarkən əsərin bəzi hissələri Parisdə kitab halında dərc olunmuşdu. Bu gün əlimdə 66 min misradan cəmi - 17000 misra var…
Amma insan heç vaxt ümidini itirmir, yerdə qalan o 49000 misranın da bir gün tapılacağına inanıram.
Nazim Hikmət
1961-ci il, Moskva
1941-ci ilin baharında
Heydərpaşa vağzalında
gündüz saat üç.
Pilləkənlərin üstündə
gün işığı,
yorğunluq
və təlaş…
Bir adam
pilləkənlərdə dayanıb,
bir şeylər düşünür.
Zəif,
gücsüz
və qorxaqdı.
Burnu sivri və uzundu.
Sifəti çopur-çopurdu.
Pilləkənlərdə dayanan adam -
Qalib usta -
qəribə şeylər
düşünməyilə məşhurdu:
"Halva yesəm hər gün" -
deyə düşündü beş yaşında.
"Məktəbə getsəm" -
deyə düşündü on yaşında.
"Atamın bıçaq dükanından
axşam əzanından
əvvəl çıxsaydım" -
deyə düşündü on bir yaşında.
"Sarı çəkmələrim olsa,
qızlar mənə baxsalar" -
deyə düşündü on beş yaşında.
"Atam niyə bağladı dükanını?" -
deyə düşündü on altı yaşında.
"Məvacibim artarmı?" -
deyə düşündü iyirmi yaşında.
"Atam əllisində öldü,
mən də belə tezmi öləcəyəm?" -
deyə düşündü iyirmi bir yaşında.
"İşsiz qalsam" -
deyə düşündü iyirmi iki yaşında.
"İşsiz qalsam" -
deyə düşündü iyirmi üç yaşında.
"İşsiz qalsam" -
deyə düşündü iyirmi dörd yaşında.
Və zaman-zaman işsiz qalaraq,
"İşsiz qalsam" -
deyə düşündü
əlli yaşına qədər.
Əlli bir yaşında
"Qocaldım,
atamdan bir il çox yaşadım" -
dedi.
İndi əlli iki yaşındadır.
İşsizdir.
Pilləkənlərdə dayanıb,
qəribə bir hiss gəmirir beynini:
"Neçə yaşımda öləcəyəm?
Öləndə üstümdə
bir yorğan olacaqmı?"
Burnu sivri və uzundu.
Sifəti çopur-çopurdu.
Dənizdə balıq qoxusu,
döşəmələrdə
taxtabitilər ilə gəlir
Heydərpaşa vağzalına bahar.
Səbətləri və heybələri
pilləkənlərdən endirirlər,
pilləkənlərdən qaldırırlar.
Polisin yanında
bir çocuq,
təxminən on beş yaşında,
enir pilləkənlərdən.
Bir sənədi-filanı yox,
adı Kamaldı,
və yapyalnızdı,
köynəksizdi, ayaqqabısızdı
kainatın ortasında...
Aclığından başqa
bir şey xatırlamır,
bir də xəyal-məyal -
qaranlıq bir yerdə bir qadın...
Pilləkənlərlə qaldırılan heybələrin
qırmızıdı,
mavidi,
qaradı naxışları.
Bu cür heybələri
əskidən ata, qatıra yükləyərdilər,
indi qatarla aparırlar...
Pilləkənlərdən bir qadın enir.
Çarşaflıdı, şişmandı.
Adviyədi adı.
Əslən qafqazlıdı.
1311-ci ildə qızılca çıxartdı.
1318-ci ildə gəlin oldu.
Paltar yudu,
xörək bişirdi,
uşaq doğdu.
Və bilir ki,
öldüyü zaman
bir şal qoyacaqlar tabutuna,
Selatin camilərindən.
Bir kürəkəni imamdır.
Pilləkənlərin üstündə gün işığı,
bir baş yaşıl soğan
və bir insan:
Əhməd onbaşı.
Səfərbərlik oldu:
yunan müharibəsinə getdi.
Məşhur bir sözü vardı:
"Dayan,
həmşərim, dayan,
axırına çıxırdıq..."
Pilləkənlərdən bir qız qalxırdı.
Corab toxuyandır:
Topxana küçəsində, Qalatada.
Atifətdi adı.
On üç yaşındadı.
Qalib usta
baxdı Atifətə.
"Evlənsəydim əgər
nəvəm olardı bu boyda,
çalışardı, mənə baxardı" -
deyə düşündü...
Sonra
birdən- birə
Şevkiyə gəldi ağlına,
Eminin qızı Şevkiyə.
Mavi-mavi gözləri vardı.
Keçən il
hələ həddi-buluğa çatmamış
Şahbaz dərəsində pozdular.
Pilləkənlərdə səbətlər və heybələr...
Pilləkənlərdə səbətlər və heybələr...
Pilləkənlərdə səbətlər və heybələr...
Qalxan kim, enən kim...
Qalxan kim, enən kim...
Qalxan kim, enən kim...
Əhməd onbaşı:
- Gələn yenə əsgərdi, - dedi
və yetişdi heybəyə.
Heybədə
mavi nimtənə, palto, qara şalvar,
kətan və rezindən tikilmiş çəkmələr,
fetr silindr,
saqqal,
Lahur mahudundan qurşaq.
Əsgər,
Əhməd onbaşının
çiyinlərini sığallayaraq:
- Qorxma, - dedi,
arvad-uşağı
incitmərik,
amma bir az xərciniz çıxacaq...
Heydərpaşa limanında
qağayılar enib-qalxır
dənizdə üzə çıxmış
leşlərin üstündə.
Həsəd aparılacaq
bir şey deyil
qağayıların həyatı...
Vağzal saatında
dördə beş dəqiqə
işləyir.
Elevatorla
buğda yükləyirlər
İtaliyan bayraqlı
bir gəmiyə.
Ayrıldı
Əhməd onbaşıdan əsgər,
girdi vağzala...
Pilləkənlərdə
gün işığı,
yorğunluq
və təlaş
və
bir də
qızılı rəngli
bir ölü kəpənək var.
İri insan ayaqlarını
məhəl qoymadan
bəmbəyaz,
upuzun daş döşəmənin
üstü ilə
sürütləyirlər qarışqalar
kəpənəyin ölüsünü...
Avdiyə xanım
yanaşdı polisə,
nə danışdı - nə danışmadı,
oxşadı çocuq Kamalın başını
və bir yerdə
şöbəyə getdilər.
Və
hər nə qədər,
bir də görülməyəcəksə də,
xəyal-məyal
qaranlıq bir yerdə
xatırlanan qadın,
çocuq Kamal
yapyalnız deyil artıq
ortasında kainatın...
Bir az qab-qaşıq yuyub,
bir az su daşıyacaq
və Avdiyə xanımın
dizinin dibində yaşayacaq...
Pilləkənlərdən dustaqlar çıxırdı,
zarafatlaşıb,
gülüşərək.
Üç kişi,
bir qadın
və dörd jandarma.
Kişilər qandallı,
qadın qandalsız,
jandarmalar süngülü...
Pilləkənlərin üstündə
bir ərik çiçəyi,
bir siqaret qutusu,
bir qəzet parçası.
Dustaqlar ayaq saxladılar.
Jandarma Həsən
salamlaşdı Əhməd onbaşı ilə.
Jandarma Heydər
bir siqaret qutusunu
yerdən götürüb,
qoydu cibinə.
Dustaq qadın
boynuna sarılan Atifətin
öpdü iki yanağından.
Qolları qandallı Xəlil
əyilib baxdı
ərik çiçəyinin yanındakı
qəzet parçasına:
bir sütunluq bir əsgər şəkli,
uniforması bəlli deyil,
uzun saqqalı,
başındakı ağ sarğı
qana bulaşıb,
sonra təyyarələr -
qanadlı köpək balıqları kimi -
altında "qırıcılar" deyə yazıblar...
Sonra bir liman -
kiçik, ağ dairələr
cızılıb üzərində.
Adını oxuya bilmədi -
neft ləkəsi hərfləri pozmuşdu.
Üç qadın
yüyürərək qalxdılar
pilləkənləri,
başlarında uzunşüllə papaq,
ayaqlarında yastı çəkmə,
şəhərli olmadıqları bəlli.
Qolları qandallı Süleyman
qadınları gördü.
Gənc bir xanım
keçirdi ürəyindən.
Ərik çiçəyini
nişan alıb tüpürdü.
Qolu qandallı Fuad
söz atdı Qalib ustaya:
- Yenə tuhaf şeylər düşünürsən.
- Düşünürəm, övladım...
sizə də keçmiş olsun...
- Sağ ol, usta.
Amma düşünmək
dəyişdirməz həyatı...
Fuad
tərsanədə çilingər işləyirdi.
19 yaşında tutuldu -
iki yoldaşı ilə
pərdələri endirib,
bir kitabı oxuduqları
üçün...
Və iki ildir yatır.
İndi uzaqlara göndərirlər.
Qalib usta
bu səfər
dəhşətli şeylər düşünərək,
baxdı
Fuadın qollarındakı qandala...
Bu günədək
fərqinə varmadan
üst-üstə yığılan şeylər
tıxacını atan
bulaq suyu kimi
əvvəlcə bulanlıq-bulanlıq,
sonra bərraq-bərraq
axdı beyninin içindən:
"Nə qədər çox fabrik var
İstanbulda,
hələ Türkiyədə nə qədər çox,
hələ dünyada nə qədər çox,
sayılmayacaq sayda...
Dünən axşam
tornaçı əyyaş Qədirin
meyidini tapdılar
universitetin qapısında,
qorxusundan
tələbə qızlardan
birinin ürəyi getdi...
Nə çox sağanaq var,
nə çox qayış,
nə çox dirsəkli val,
nə çox mator
fırlanır ha, atam,
fırlanır,
fırlanır...
Nə qədər çox adam,
nə qədər çox adam
işsiz qalarsam,
işsiz qalarsam
deyə düşündü...
Mürəttib Şahab usta
kor oldu,
indi mətbəələrdə dilənir...
Nə çox tikiş dəzgahları,
frezləmə dəzgahları,
torna dəzgahları,
pulanya dəzgahları,
pulanya dəzgahları var..."
Qalib usta
pulanyaçı idi...
Kim bilir,
dünyada nə qədər,
nə qədər işsiz var,
bir gün
işsizləri yığıb
əsgər apardılar,
işsiz adam
əsgər gedərsə
yenəmi işsiz sayılar?
Fuad,
Qalib ustanın üzünə baxdı:
- Yenə,
dərin fikrə getdin, usta.
Qalib usta,
Fuadın qollarındakı
qandala toxundu:
- Allah axırımızı.... -
öz səsindən diksindi...
sonra yavaş səslə dedi:
- Xeyrə calasın, oğlum...
Nazik,
qara bığları altından
gülümsündü Fuad:
- İnşallah,
axırımız xeyir olar mütləq...
Qalib ustanın
kirpikləri tökülmüş gözləri
nəmli,
uzun burnu titrəyir.
Və ətrafda
heç kəs görməsin deyə,
gizlicə
Fuadın cibinə qoydu
əlli beş quruşundan
iyirmi quruşunu.
Vağzal saatı 15:08-i göstərir.
15:45-də yola düşəcək qatar.
Gözləmə salonunda
oturan kim,
gəzişən kim,
üzüqoylu yatan kim...
basqıcı Ömər
ovuclarında saqqalı,
ayaqyalın,
betonun üstündə
ikiqat olub səhərdən bəri.
Və
yenə səhərdən bəri
Ömərin gözləri önündə
nazik,
uzun qollarını
yelləyə-yelləyə,
əlində bıçaq
var-gəl edir Rəcəb.
Stolda üzüqoylu yatır Əli,
qumralsaçlı başını
qoyub biləklərinin üstünə .
köynəyinin kürəyi cırıq-cırıqdı...
Gözləmə salonunda
oturan kim,
gəzişən kim,
üzüqoylu yatan kim...
Ardı var
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!