Sevməzdim səni?!
Müharibədən sonra...
Mərmilərin səsindən oğurlayıb
qulağımda polkovnikin hələ də vıyıldayan
"bu gecə bəlkə hücuma keçdilər"
sözləriylə başlayan
müharibə yuxusuzluğundan
körpə yuxusuna aparan
şirin, lay-lay sözlərin olmasaydı
sevməzdim səni.
Əsgərlərinin ölümündən qopa bilməyən
özünü bir ipdən asan qazi kimi
onun o ipə aşiq olduğu, xilas gördüyütək
qəlbim asılıb hörüklərindən.
Saçların hörük olmasaydı
İnan,
sevməzdim səni.
Ovcumdakı güllələri,
içində adım yazılmış gilizi unutduran
sərçə barmaqların olmasaydı
sevməzdim səni.
Əsəb, müharibə stresi
Və Şuşa dağlarının vurduğu dondan
zəifləyən gözlərimə işıq olan
məsum, çocukca baxışın olmasaydı
sevməzdim səni.
Hələ də gözümün önündə
qan ağlayır
əldən ayrı düşən əsgərimin barmağı.
Qəlbimin ağrısı yuyan
su kimi gülüşün olmasaydı
sevməzdim səni.
Ayaqsız döyüşçüləri görəndə
ayaqlarım büdrəyir,
utanıram özümün addım səsindən.
Yerimə addımlayan
yerişin olmasaydı
sevməzdim səni.
Burda insanlar
daha qəddardı mərmilərdən.
Top atışından,
ya da bir minomyot mərmisindən
daha öldürücü, daha gerçəkdir
İnsanların saxta könülləri.
Körpə qoxusu qədər saf və müqəddəs
ürəyin olmasaydı
sevməzdim səni.
Gizlənqaç oynayırıq burda dronlarla
gah torpaq, gah da buludlar
ən doğma xilaskarımızdı indi.
Harda olsam məni tapan
güllə dəcəlliyin olmasaydı
sevməzdim səni.
Bu göy sənin, bu yer sənin,
dəniz sənin, şəhər sənin,
istədiyin hər şey sənin.
heç nə istəmirəm -
Təkcə səni istəyirəm.
Mənə lay-lay olan şirin sözlərini,
qəlbim asılan saçlarının hörüyünü
güllələri unutduran sərçə barmaqlarını,
mənə ver,
özünsə çıx get.
Gözlərimə işıq olan baxışını,
könlümün ağrısını yuyan su kimi gülüşünü,
mənə ver,
özünsə, gedə bilsən, get.
Yerimə addımlayan yerişini,
körpə qoxusu ürəyini, ruhunu,
məni hər yerdə tapan güllə dəcəlliyini,
burda qoy,
özünsə...
Özün bilərsən...
De indi:
Mən sevməzdim səni?
Sevməzdim səni?
Sevməzdim?
Sən, mən və pianino
Boyatlamış dərdlərin var,
boyat, köhnə dərdlərin.
Adam da sadiq olar -
dərdlərinə, dərdlərinə?!
Əl atıb qoparsam
ürəyindən kədərini.
Görərsənmi -
əllərimi, əllərimi?!
Dəcəl barmaqların var,
dəcəl barmaqların.
Pianinonun dillərində
yandıracaq yalnızlığın işığını.
Söndürsəm "min illik" alovunu-
elə pianinonun dilləri üstdə
elə pianinonun qucağında,
qucağında.
Sevərsənmi -
günahımı, günahımı?!
Bir qızımız olar
gözləri qəhvəyi gülən -
elə sənin kimi.
Qoşulub ona gülə-gülə
saçlarımı yolarsanmı,
Yolarsanmı?!
Alın yazımın qalan vərəqlərini
qoydum dizinə sənin.
Kimi istəsən sil alnımdan,
yaz öz adını.
Yazarsanmı adını,
yazarsanmı?!
Sənsiz -
Oyuncağı əlindən alınmış uşaq kimiyəm.
Çağırsam ki, gəl -
sevindir bu saqqallı uşağı -
Gələrsənmi,
Gələrsənmi?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!