Uca zəfər zirvəsi
Göydən şimşəklər yağır, Yerdə duman görünür,
Kainatın gözünü tutubdu qan görünür!
Qızıl gülləyə sarı şahmar kimi şığıyan,
Zəhərə aşiq olan şipşirin can görünür!
Bələnib al qanına; "Ana", "Ana"... inləyib
Torpağı sinəsinə çöküb qucan görünür!
Ürəyini qəlpəyə hədəf edənlə bahəm
Tüpürüb dabanına xəlvət qaçan görünür...
Dünya şirin, can əziz, qorxu nədəndi demə,
Aralıdan baxana döyüş asan görünür.
Bu, döyüş məktəbidir, kəsilən var, kəsən var,
Sınağın ən sərtidi son imtahan, görünür!
Hər savaşın sonu sülh, təki vətən yaşasın,
Ölüm-itimsiz döyüş, söylə, haçan görünüb?
Zəfər zirvəsi, dostum, elə uca məkan ki,
Durub ordan baxanda küllü-cahan görünür!
Qocaman əsgər
Yeni zəfərin ardınca Azərbaycan bayrağını azad olunmuş yüksəkliyə sancarkən düşmən gülləsinə tuş gəlib qəhrəmancasına şəhid düşən Səid Rəşidzadənin atası, təpədən-dırnağa vətən sevdalısı, əziz dostum Nofəl bəy Qasımova həsr edirəm...
Cənab hərbi komissar,
ricam gəlməsin qərib,
sənə ciddi sözüm var -
Şəksiz, o sözü mənə
Göydən Allah göndərib!
Sinnimi niyə danım,
yaşım altmışdan axır.
Amma bununla belə
mənə yaxşılıq elə,
demə, qocadı fağır -
məni də əsgər çağır!
Söyləyim, qırx il əvvəl
leytenant olmuşam mən.
Yerindədi ayaq, əl;
Yaman gözü əlbəəl
deşən qırğı quşam mən!
Əmr elə yıxım dağı;
külüngüm -
əldə qələm,
Silahla davranmağı
tariximdən bilirəm!
Tarixi günə görə,
bax elə buna görə
məni də əsgər çağır!
Sinəm mərdanə sinə,
canım oddu...
ət nədi?!
Soruş, söyləyim sənə
məkr, ədavət nədir,
haqq nə, ədalət nədir!
Hazırca əsgərəm mən;
əsgər nə təhər olar?
Yararsız sansan məni
içim dərbədər olar!
Vətənin dar günündə
cavan da əsgər olar,
qoca da əsgər olar,
Gonbul, arıq, bəstəboy,
uca da əsgər olar...
Bax elə buna görə,
cənab hərbi komissar,
bu canı sına görək,
Qocanı sına görək!
Cənab hərbi komissar,
yurduma məhəbbətim,
yağılara nifrətim
dibdədi, dərindədi.
Tədrislərdən keçmişəm,
təlimim yerindədi...
Bəs niyə yeyirəm qəm? -
Çünki baxıb görürəm
yurdumda yağı gəzir;
Varlığım kədər olur,
fikrim dərbədər olur,
Yediyim zəhər olur,
içdiyim zəhər olur!
Göz yaşarır, əl əsir,
içim hərbə tələsir!..
Xahiş, minnət bir yana,
cənab hərbi komissar,
sən məni əsgər apar!
Ağsaqqal sözü ağır -
qədim adətə ğörə
onu salmazlar yerə,
əməl eləyər hərə;
Bax elə buna görə
Çağır məni, komissar!
Bəd ayaqda əsgərin
peçini qalayaram,
Dörd yanını səngərin
süpürüb sulayaram,
Qoymaram laxtalana,
doğma balam şəhidin
qanını yalayaram!
Görsəm ki, yağı cumur
pələng kimi bağırıb,
qurd kimi ulayaram!
İndiki uşaqların
xırdadı sümükləri,
Bərkiməyib hələ heç -
nəvəmlə bir yaşdadı.
Cənab hərbi komissar,
məsləhətdi, məni seç;
Dərimi qəlpə deşməz,
sümüklərim daşlaşıb!
İndiki əsgərlərin
əkəni cavan kişi,
doğanı cavan gəlin,
Eşitsələr övladın
ölüm-itim xəbərin
ata dəli olacaq,
ana yaxa yırtacaq,
saç yolub, üz cıracaq!
Cənab hərbi komissar,
rədd etmə, sözümə bax,
sən məni əsgər apar!
Cənab hərbi komissar,
bundan əqdəm kişilər
isti-isti görüblər
hər tədbiri, hər işi,
İmzala göndərişi,
adımı sal kitaba!
Qoy məni parçalasın
şəhidə dəyən güllə,
Polada, Xudayara,
Səidə dəyən güllə!
Axı nə ömrüm qalıb -
on-onbeş ilə ölləm!
Heç olmasa duysunlar
inadkar əsgər baba
vətən sarı şığıyan
zəhərli oxdan ölüb...
Üstəlik, sənə qurban,
Bir az üstünlüyüm var:
atam çox cavan ölüb,
Saçlarını yolası,
başına kül olası
ağlağan anam yoxdu-
o da lap çoxdan ölüb!
Xoşbəxt, yetim qocanı
Yoxla bir, sına görək,
Cənab hərbi komissar,
Halal haqqıma görə
məni də əsgər apar!
Vaxt silsiləsi
İl gəldi keçdi -
keçsin,
Ay gəldi keçdi -
keçsin,
İnsan günün
quludu,
Gün keçdi -
qorxuludu!..
Küləyə şükranlıq
Yayın qızmarıydı, oynadı külək -
çoxu yasa batdı, mən razı qaldım.
Küləyə qol açan yarıdı məntək,
Başını bürüyən kifli göbələk
Tanrı havasına tamarzı qaldı.
Açdım birər-birər nəki ayna var,
Qapımı taybatay aralı qoydum.
Havadan irəli, qardaş, tay nə var -
kim deyə bilər ki, havadan doydum?
Şükür, çapdı yenə atlı yel mənə,
Rəqqas can... rüzgarı əzbər oynadı.
İyirmi yaşıma atdı yel məni,
sandım daz başımda tellər oynadı.
Su, işıq... möhtacdı təmiz havaya,
Torpağı yumağa yelli sel gərək.
Canım qurban olsun Günəşə, Aya,
onlar çox uzaqdı, Yerə yel gərək!
Güvənsiz rüzgarlar dörd yana sürgün,
Yaradan almasın nəfəsi bizdən.
Qeyb olsa dünyanın havası bir gün
Hərə bir cəhətdən qopmalı mehtək,
Hava dərməliyik nəfəsimizdən!
Suallı rədif
Tək Allahın milyard gülü solandı;
Bir gül ilə bahar olmur -
düzdümü?
Nadanların toy paltarı palandı;
Kəhər yoxsa, yəhər olmur -
düzdümü?
Dan sökülür, qara çökür, ağ artır,
Xan evində dən tığlanır, yağ artır,
Sübh acı çay, axşamüstü ağartı...
Kasıblarda nahar olmur -
düzdümü?
Səbrsizlər diri canı puç elər,
Qışqırtını səssiz gerçək heç elər...
Boğazını boşa yırtır beçələr;
Gün çıxmırsa, səhər olmur -
düzdümü?
Şərikdirsə şeytan zəri atmağa
İş dirənir nərdi diri udmağa...
Əl verməsə "yek" ayağın tutmağa,
ha qoşala, çahar olmur,
düzdümü?
Rəng alınmaz qara ağa girməsə,
Bağ dağ olar bağban bağa girməsə...
Can saraydı, hər gün bir daş hörməsən
vaxt qumundan divar olmur -
düzdümü?
Birlik qoşması
Ömür qəriblikdi, insan başına,
Harda görünüb ki, itən birləşsin?!
Kütlə qol qoymasa haqq savaşına
dərgaha təkdənbir çatan birləşsin.
Adam tutur eyzan işin boşunu,
Nahaqdan incidir qonum-qonşunu.
Eyni tayfadandı qəmin qoşunu
Bircə hoyu bəsdi çətən birləşsin!
Təkcə sən deyilsən yolunca çapan,
Əcəl bir ovçudu dalınca çapan!
Canını götürüb qılınca çaqpan
nədən ayrılıb ki, nədən birləşsin?
Seylabdı göz yaşı, sorsa can... bitməz!
Axar salxım-salxım; qoracan bitməz.
Ayrılıq əciri goracan bitməz
can qurban etməsək vətən birləşsin!
Uğursuz ad günü
Deyirlər ki...
ad günümdü -
Arzun varmı mənə, a gül?
Vaqif adda bir şam söndür,
Çıxaq bir ağ günə, a gül!
Əda yelin çırp üzümə,
Ya od şaxı, qanda don aç!
Qapılar örtdün üzümə,
heç olmasa telefon aç!
Bax, sinəmə çatlar düşüb
Qış ağzının narı misal.
Heç olmasa məni düşün
quş ürəkdə darı misal...
Necə alım yoxu səndən -
ümüdlərim bir çürük qoz!
Oyat qəflət yuxusundan,
heç olmasa yuxumu yoz!
Ad günümdü, qəm sirdaşım,
de, hardasan, sirr deyilsə?
Bu ölkə məndən danışır -
sən bu ölkədə deyilsən?
Ad günümdü...
sənsiz olmur,
rəhm et sovqat dəftər istə;
Mələklər qələmsiz olmur;
hicrin - qələm, dəftər - sinən...
xətt çək adımın üstündən!
Gecikmiş qismət
Axır-uxur qismət yetkin yaşıma
görəsən sovqatdı haradan, qəşəng?
Belə qanıram ki, səni başıma
bəla yollayıblar... oradan qəşəng!
Halsızam, bu hicri sürüyüm necə?
Havam yox,
tərpədim körüyü necə?
Haramda gəzdirim,
bürüyüm necə,
çıxardım ovumu aradan qəşəng?
Gözümdə sulanan yaş alçaları
duzlayıb boşqaba düzəydik barı.
Pozulub gözümün yaşıl çaları;
dərdə gül vurummu qaradan... qəşəng?!
Fərq etməz durmusan sol ya sağımda,
Fərman səninkidi - qul... qabağında!
Mənim nəyim var ki, qürub çağımda
sinəmə vurduğun yaradan qəşəng?
Dizüstə çökdürüb Vaqiftək mərdi...
Gec gələn qonağın başqadı dərdi!
Səni görməsəydim hardan bilərdim
var imiş dünyanı yaradan, qəşəng?!
Qocalar üçün əzizləmə
Solummu çiçək kimi,
olummu çaxmaq quvu,
Ütüsüz köynək kimi
geyinimmi alovu? -
Nə zillət çəkdiyimi
neyləyim ki, qanasan?..
Səni görüm yanasan!
Bir cüt bilək, bir cüt qol
həsrətin mənzilidi
Azcana səbrli ol,
aç pas tutan kilidı!
Olmazmı ildə bir yol
məni qapı sanasan? -
Səni görüm yanasan!
Heçdi gözümdə qırx il,
həsrət yolu uludu!
Oduna yansam da, bil,
hələ canım suludu -
Ağlama, gözünü sil,
nəmdi, yanmaz can asan -
Səni görüm yanasan.
Aramıza yol toxu
dəvəli xalça misal.
Səhralardı var yoxum,
ovsarımı ələ al!
Məni də ana doğub,
axı sən də anasan...
Səni görüm yanasan!
Bostan bayatıları
Bostanda mələk gəzir;
Amma nədən tək gəzir?
Bəxtini Allah vurub,
Əlləri ətək gəzir.
Bostanda pəri gəzir,
Gəzir, hər yeri gəzir.
Ruhu göyə çəkilib,
Cəsədi diri gəzir.
Bostanda ceyran gəzir,
Dörd yana heyran gəzir.
Bərədə ovçu durub,
Yayında ox... qan gəzir.
Bostanda maral gəzir,
Sinəsində xal gəzir.
Gözlərindən yaş tökür,
Dili yoxdu, lal gəzir.
Bostanda arı gəzir,
Pətək nübarı gəzir.
Saymır qəsri, qalanı,
Çiçəyə sarı gəzir.
Bostanda qarı gəzir,
Axtarır, darı gəzir.
Zəif görür, tutmağa
Güman divarı gəzir.
Bostana yağış yağır,
Bahar, payız, qış yağır.
Xanəndə yarpaqların
Başına alqış yağır.
Bostana dolu düşür,
Yumrular sulu düşür.
Sınır qönçənin boynu,
Şax gülün qolu düşür.
Bostanda çiçək açır,
Çiçək təkbətək açır.
Gül dərməyə gələnlər
Yüz yerdən ətək açır.
Bostanda yemiş qəşəng,
Yemiş yeyən diş qəşəng.
Damağı dad istəyən
Başdan tuta iş gərək.
Bostanda qarğa gəzir,
Baş vurub arxa, gəzir.
El düzülüb, bağbanın
Ardınca yorğa gəzir.
Bostanım cin aşiqi,
Dövran onun uşağı.
Rəml oxuyur, divara
qaldırır sarmaşığı.
Bostanda külək əsir,
Budaqlar - lələk, əsir.
Bir də gördün qar düşdü,
Can qorxur, ürək əsir.
Bostanda günə bax aaa...
Kor olur günə baxan.
Dözmür günəş eşqinə,
Soluxur günəbaxan.
Bostanda kəpənəklər,
Tamam çiçəkdi ləklər.
Cütlər cüt-cüt quruyur,
Tək-tək tökülür təklər.
Bosdanda gəzir sənəm,
Üzü şehli, gözü nəm.
Bostana dost nə gərək,
Bostanın dostu mənəm.
Bostana verdim ürək,
Dolandım pərvanətək.
Can salamat olmasa
Bostan nəyimə gərək?!
Masajda
Xub əla masajçı deyirlər səni...
Yumşalt varlığımı, yağ-bal çək, gedim.
Möhkəm əzişdirib sərt həyat məni,
Belimə ustubca sığal çək, gedim...
Quluncum dağların son qarı - yoğur,
Rəndələ dərdimi, yonqarı yoğur!
İtsin kürəyimin donqarı, yoğur,
bişir əl odunda qoğaltək, gedim...
Əldə qüdrətə bax, sümükdən duzu
qoparıb, masaya şirnitək düzür...
Ovuşdur qəlbimin ərisin buzu,
"salamtək" gəlmişdim, "sağoltək" gedim!..
İtən yaddaş
Yaddaş gölmü, adamı?
güman qat-qat - bilmirəm!
Tanıyıram adamı,
amma ki, ad bilmirəm!
Şad görürəm batanı -
dəryada çöp tutanı...
Yeyirəm əlçatanı,
heyif ki, dad bilmirəm.
Fələyin işi yaman,
Kimsəyə vermir aman.
Əhdimi kəsir zaman;
haray, imdad... bilmirəm!
Doğmanı yad sayıram,
Qəsri bərbad sayıram,
Bədbəxti şad sayıram,
xoşbəxti şad bilmirəm!
Sizdən, bizdən keçirəm,
Sirli izdən keçirəm,
Üzü üzdən keçirəm,
dibi qat-qat bilmirəm.
Bu taxt kimin taxtıdı,
Qupqurudu, taxtadı?..
Hansı şahın vaxtıdı? -
mən ki, saat bilmirəm!
Bu nə hal, görüm necə?
Təkimə girim necə?
Qəbrimi hörüm necə?
mən inşaat bilmirəm...
Çərşənbə tonqalı
Yanır kafərin goru,
Tüstü qara bağlayır,
Şaqqanaq çəkir quru,
yaş çubuqlar ağlayır
çərşənbə tonqalında.
Alov qalxır, gurlanır,
Qızarır yanan közlər.
Yaxşı gözlər nurlanır,
kül olur yaman gözlər
çərşənbə tonqalında.
Üzük közlər qızların
barmağını yandırır
Dünya görmüş bir qarı
gizli mətləb andırır
çərşənbə tonqalında.
Çırpır tonqala canı
tullanır qaça-qaça,
Gül oğlanın dabanı
ütülür bir balaca
çərşənbə tonqalında!
Adaşlar
Həm nəvəm, həm adaşımsan -
İki can bir təndə, Vaqif!
Adaş nədi?.. qardaşımsan -
sən də Vaqif, mən də Vaqif!
Məxmər tükün ətirlidi,
Adın güldən xətirlidi...
Girdə üzün fətirdimi,
xırda burnun kündə, Vaqif!?
Gülsən, dünya gülər sənnən,
Günəş nurun bölər sənnən...
Bəhsə girə bilər sənnən
hansı qoçaq bəndə, Vaqif?
Boyun ucalsın gər kimi,
Adın dildə əzbər kimi...
Haydı, yürü əsgər kimi
Azma duman, çəndə, Vaqif!
Yeriyəndə yer laxlasın,
Başını göy qucaqlasın!
Adın gəlcək div ağlasın,
yerə girsin cin də, Vaqif!
Həm həlimsən, həm də ki sərt -
Olmalıdı mərd oğlu mərd!
Namərdləri yolda gəbərt,
əclafları tində, Vaqif!
Nəyi deyim, nəyi qoyum? -
Qoç qırdırım, kəsim qoyun!
Türk oğludu əslin, soyun,
Müsəlmansan dində, Vaqif!
Üfüqəcən üzsün gəmin,
Suyun sakit, yelkən əmin -
Dəryada qərq olsun qəmin,
Ölsün səndən gendə, Vaqif!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!