Zəfərin mübarək, Vətən! - Şeirlər. Azadə Novruzova

 

 

Bitdi Qarabağ acımız,

Bitdi Şuşa həsrətimiz.

Həsrəti ilə yandığımız

Təbriz, Zəngəzur, Göyçəmiz,

Bütöv Azərbaycanımız!

Nə qaldı ki, beşcə-üşcə gün arada.

Sayıb bitirək bunu tez.

Gələk - çataq Çınqıllıya.

Öpək gözündən Vətənin.

Sığal çəkək tellərinə.

Yol gözləyən yolun-izin

Dolanıb qurbanın kəsək.

Əl çəkib evin-eşiyin

Toz basmış bucağın silək.

Gül əkək, çiçək bitirək

Dörd bir yanın Cənnət edək.

Perik düşən ruhları biz

Yad eləyib, şad eləyək.

Bütövləşsin Vətənimiz!

Bircə Bayraq, bir Komandan,

Əbədi olsun, qələbən!

Zəfərin, mübarək Vətən!

 

***

Yenə yağır...

Yasəmən ətri bürüyüb aləmi.

Öpür dənizi ümidi ölənlərin yerinə...

Həmişə həyacanlı, nigaran,

gözü yol çəkənlərin yerinə.

Ölsün bu darıxmağım, Allah!

Sənə sözüm var,

Gəl, görüşək yağış altda!

 

***

Gözümü yumub,

İçimə boylanıram.

Bir qırmızı çiçək oluram.

Yavaş-yavaş soluram.

Gedirəm, elə hey gedirəm axırıma.

Bir dağın başında quş oluram.

Uçuram, elə hey uçuram.

Göylərin sonu yox.

Göylərdə heç kim yox.

Ümmanda bir zərrə işıq oluram.

Yanıram, yanıram...

Elə hey yanıram.

Uca bir dağ oluram.

Dözürəm, dözürəm

nə olsa dözürəm.

Gün çıxır, gün batır.

Dağ kimi əriyirəm...

Allah oluram.

Gözümü açıram,

Hər şey yalan olur...

Yenə adam oluram.

 

***

Çıxıb gedəcək ürəyim bir gün...

Yollaşmırıq.

Qırıq qapılardan, qırıq pəncərələrdən

            uçub gedəcək ruhum bir gün...

Küsüşmüşük.

Bir gün divara qısılıb

            gizlin-gizlin ağlamaqdan yorulub,

O da gedəcək...

Bir gün öləcək gözlərim tənhalıqdan...

Qovuşacaq bir gün...

Gedənlər...

 

***

Qatar-qatar ayrılıqlar daşıyır, fırlana-fırlana...

Heç nə olmamış kimi öz işindədir dünya.

"Ölü evdən qeydlər" oxuyur biri qatarda.

Biri imdad, biri mərhəmət umur...

Söz gəzir, söz oğrayır biri o biri qatarda...

Deyinir, tələsir, mürgüləyir biriləri

o biri, o biri, o biri qatarda...

Çoxları toqquşur, çoxları ayrılır...

Sevgilər doğulur, sevgilər ölür qatarda...

 

***

Saçların yuxumu qarışdırıb,

Dolaşığa salmısan dünyanı.

Allah susub...

Sorğular-suallar yersizdir deyilmi?

Azad qadın...

Qırıq-qırıq səsini eşidirəm

O dünya dağılıb deyirsən.

Yaxşılıq-yamanlıq bir qazanda qaynayır,

Susmaq qızıl deyil deyirsən.

Azadlıq, Azadlıq istəyirsən.

Yüz il qul olmaqdansa,

Bir an hürr olsam deyirsən.

Nəfəsim kəsilmir, qəlbim döyünür hələ

Ölməmişəm, yaşayıram, yaşayıram hələ.

Yerin altı da, üstü də

Vətəndir mənə,

Cənnətdə-cəhənnəmdə Vətəndir deyirsən!

Hekayən bitdi sənin...

Azadlığın yox.

Hürr qal,

Yerdə, göydə sənin...

Azad qadın.

 

***

Şəhid Səbuhi Əhmədovun

əziz ruhuna ehtiramla

 

O donuq baxışın var ha...

Ürəyimi deşir.

Yerə baxma, göyə baxma, bəri bax!

Yer-göy birləşib bu gün...

Qara haşiyəli şəkil olmusan...

Şəhid olmusan.

Sənin anan Azərbaycan!

Sənin yarın Vətən!

 

***

Dünyaya gəlmək səadətdir.

Gileylənmə tək qalanda...

Sevilməyəndə...

Ac yatanda...

Ruhunu sındırma.

Ağlama...

Dimdik dayan,

Haqsız haqq yeyəndə,

Su lal axanda...

Gün qaralanda...

Səni bilən var...

Dünya həm köhnədir

Həm də təzə...

Dünya doğulur, sən doğulanda

Dünya ölür, sən öləndə...

Dünya qat-qat səndir, məndir.

Sən həm köhnəsən,

Həm də təzə... bu dünyada.

Təbəssümünü əsirgəmə...

Gül üzünə...

Sevəcək aynadan gülən-güləni!

 

***

Susduq eləcə qaradinməz adamlar kimi.

Ürəyimizdə söhbətləşdik yenə...

Yerə baxdıq, göyə baxdıq bu görüşdə də.

İstədik geri gedək...

Qarışqalar yığışdılar yolumuzun üstünə.

Asıldılar ətəyimizdən.

Dünyanı qınadıq...

Bizə dar gəlmişdi.

 

***

Nəhayətdə ağ qoçu, qara qoçun yenən...

Quyuda kəndiri kəsilən Yusifin gerçək nağılı,

Sonun bilmədiyin eniş-yoxuşdur bu həyat.

Ağ-qaradan ilmə-ilmə toxunub

Yeri-göydən, göyü-yerdən asılı dünyanın

gecə-gündüz davasıdır bu həyat.

Sınaqdır, imtahandır, görkdür bu həyat.

Sirr dolu ehram

Vardan - yoxdan ün-səda.

Küllün təki

Haqqdan paydır bu həyat.

 

***

Azadlıq və səadət,

yetmək istədiyin xoşbəxtliyin sənin.

Cəsarətlə, əzmlə

milyonların yükünü çiyninə alıb,

Uzun bir yol gəldin.

Ey, azadlıq aşiqi!

Mən qorxmuram heç nədən

Ölsəm bu yolda səadətimdir dedin.

Çeynəndin ağızlarda,

Ağız büzüldü arzularına

Usanmam dedin.

Təbriz gecələri oyaqdır

İki yüz ildir.

Yuxu bizə haramdır, dedin.

Züleyxanın eşqindən betərdir sənin aşiqliyin.

Dişinlə, dırnağınla oydun

            sərhəd dirəklərinin dibini.

Azadlığın toxumunu əkdin orda.

Geri dönməm dedin.

Bu yol Təbrizdən başlayan sevda yolumdur.

Dönə-dönə başına dolannam...

 

***

Yenə aparmışdılar,

Allah yar olsun!

Fehruz xalanı, Vili dayını,

Lətifə xalanı, Müşfiqi gördüm.

Sağ idilər...

Qaçqınlıqda

hərəsi bir dərddən öldülər.

Pay qabqarırdılar...

Təndirxananın qabağında.

Bakıya, Füzuliyə, Naxçıvana, Şəkiyə.

Hərə bir tərəfə səpələnib,

qohum-əqrəba.

Tələsdirdilər məni, qayıt dedilər.

Payın gələcək.

...Güllübulaqdan su arzulamısan.

Xeyirə yoz, yuxu yozan,

Qəribəm...

 

***

Sənin izin itirdiyim Vətəndir!

Samanlığa düşüb yoxa çıxan sapsız iynə olub,

tapa bilmirəm.

Neyləyəsən...

Əlac qalıb

Ya od vurub samanlığı yandırasan...

Ya odlanıb yanasan...

 

***

Niyə belə sınıxmısan?

Niyə qəddin əyilib?

Çöhrənin al gülü solub...

Qırışların çoxalıb.

Deyirsən ki, yol gəlirəm o gün - bu gün...

Deyirsən ki, bilməmişəm...

Ömür bitər, yol bitməzmiş...

Deyirsən ki, tanımazdım, dəyişmisən.

Bircə gözlərin qalıb.

Deyirsən ki,

Kor gəzmişəm bu dünyanı...

Gözüm gözündə qalıb.

 

***

Qəribəm qalmışam yer-göy arası

Çək apar, təkliyin sonuna məni.

 

***

Nə qəsdin var idi,

Ana təbiət,

aldın o qədər can?

Cücərt heç olmasa

O körpələrin birinin ürəyin, birinin gözün,

birinin yuxusun,

birinin səsin,

birinin nəfəsin...

Min-min arzuların bircəyin göyərt!

Torpağın altında qıyma çürüsün.

Cücərt bircə dənə körpə gülüşün.

Qoy gülsün dünyanın qara üzünə!

 

***

Bir dua yollamışdım.

Görən niyə xəbər yox?

Göylərdəmi asıldı?

Günahsız dar ağacı...

Yenə səni qınayıb,

Yenə sənlə danışıb,

Salamı sənə verib,

Cavab almasaq ölüb,

Gedək qəbirdə susaq?

Biz birlik istəyirik,

Gəl əyri otursaq da

Düz danışaq, Ay Allah!

Bir can, bir ürək, bir ruh

İndi bölək ikiyə

Yarı can, yarı ürək

Bunu birtəhər böldük.

Buna zülümlə dözdük.

Ruhu bəs necə bölək?

Qantər apardı məni

Ruhum bölünmür, Allah!

Çaylar bölünmür, Allah!

Hardan qaynayıb bulaq,

Ordan axıb gedəcək.

Qabağına ha daş qoy,

Daşı dəlib gedəcək.

Əyri axır, düz axır

Niyə qanın qaradır,

Şeytana papış tikən?

Kimin gözün kor qoyur

Arazın sağı-solu?

Toyuq-toyuq deyirik

Toyuq da su içəndə

Dönüb Allaha baxır.

Allah sənin adından

Bizə sitam edirlər.

Dur gəl, bizə bir ev tik

Şimal, Cənub yığışsın!

Olaq bizdə bir evli!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!