Şeirlər - Fazil Əsəd

 

 

Dəniz də qadın kimidir

 

Gözləri mavi... badamı...

Bu, bir xasiyyət, adamı?

Özünə çəkir adamı,

Dəniz də qadın kimidir.

 

Hərə bir tikə götürür,

Dəniz aparır, gətirir.

Yamanca ləkə götürür,

Tərtəmiz adın kimidir.

 

İstəyim yaşıl - solmur heç,

Üzümə gülmür, almır heç.

Dadından doymaq olmur heç,

Şirincə dadın kimidir.

 

...gözləri mavi... badamı...

Özümü salım odamı?

...özünə çəkir adamı,

Dəniz də qadın kimidir...

 

 

Səsini eşidib ölüm

 

Ta burax umu-küsünü,

Di tanı yaxşı-pisini.

Danış - eşidim səsini,

Səsini eşidib ölüm.

 

Bildim - ürəyin məndədir,

Ruhunsa çox-çox gendədir.

Yaxşılar yaxşı gündədir,

Pisini eşidib ölüm.

 

Yuxuda gördüyüm qızın,

Saçını hördüyüm qızın,

Qəlbimi verdiyim qızın,

"Hə"sini eşidib ölüm.

 

 

Xoşa gəlmədi

 

Dördnala çapıb gəlmişəm,

Gəlişim xoşa gəlmədi.

Sevinci tapıb gəlmişəm,

Gülüşüm xoşa gəlmədi.

 

Qürubda günəş kimiyəm,

Soyuqda atəş kimiyəm.

Qapqara həbəş kimiyəm,

Bil, işim xoşa gəlmədi.

 

Almadım heç həyatdan kam,

...ağıllar alan şərabam.

Pisi məhv edən "harop"am,

Gül işim xoşa gəlmədi.

 

Hər tərəf üzümə gülür,

Nurum göylərə yüksəlir.

...əlimdən yaxşılıq gəlir,

Əl işim xoşa gəlmədi.

Təbriz

 

Keçmiş deyil, dünən deyil,

Zirvələrdən enən deyil.

Haqq istəyir - dönən deyil,

Qalxıbdı ayağa Təbriz.

 

İlahi, haqsızlıq çökə,

Haqsızlıq insana ləkə.

Nər ola - bu dərdi çəkə,

Qalxıbdı ayağa Təbriz.

 

Qarabağ dərdsiz dərdimiz,

...kövrək-səhv, sərt-düz dərdimiz...

Oyanıb Təbriz dərdimiz,

Qalxıbdı ayağa Təbriz.

Qalxıbdı ayağa Təbriz.

 

 

Turan sevgisi

 

Sabaha gedirik, nurlu sabaha,

Arzular, istəklər dördnala çapır.

Bir fikir bələyir nuruna bizi,

Bir sevgi hər yerdə bizləri tapır -

Qəlblərdə göyərən Turan sevgisi!

Vətənlə döyünür ürəklərimiz,

Düşmənə atılan sapand daşıyıq.

Şəhidlər verdi bu qüruru bizə,

Müzəffər ölkənin vətəndaşıyıq -

Qəlbimizdə nurlu Turan sevgisi!

 

Zirvəyə yüksəlir Turan elləri,

Düşmənə eləcə göz dağı olur.

Bayrağa büründü şəhid oğullar,

Zirvələrdə Türkün bayrağı olur -

Bayrağın özündə Turan sevgisi!

 

 

Yuxularımın baş verdiyi məkan

 

Balaca uşaqlar kimi

Kirpiklərimin ətəyindən tutaraq

Getmək istəyirəm

Yuxularımın baş verdiyi məkana...

 

Nəsə özünə çəkir məni,

Yamanca çəkir ağuşuna...

Çiçəklərin ətrindən məst oluram,

Heç baxmıram küləyinə, yağışına...

...orada sən varsan, ay Ana!..

 

...orada işıqlı, yaraşıqlı,

Geniş küçələr,

Orada ay işığına məftun olan

Sehirli gecələr,

Sirli gecələr

Adamın üzünə gülür...

...məni qoyarsanmı

Yuxularımın baş verdiyi o məkana?!

Səninçün yaman darıxmışam.

ay ana!!!

 

 

Gecə

 

Ulduzlar sevilir, deyəsən,

Ulduzlar sevinir, deyəsən...

Ulduzlar eləcə

Göy üzünə səpələnir.

Gecədən doğulur qaranlıq,

Qaranlıq doğulur gecədən...

Ay doğur qaranlıqda,

Ay işığında sevgi doğulur...

Sevgidən başqa

Boğulur hər şey gecədə.

...Gecə öz həyatını yaşayır,

Gecə bizi sabaha daşıyır -

Sevgi dolu nurlu bir sabaha!..

 

 

Qondum quş qanadına

 

İnandım təmiz adına,

Güvəndim pak inadıma.

Qondum bir quş qanadına,

Uçdum göylərə, göylərə...

 

Sərrast açılmış atəşəm,

Harayla, bəlkə yetişəm...

...Parlaq alovlu günəşəm,

Saçdım göylərə, göylərə...

 

İşıqlandırdın yolumu,

Göylər sevgiylə dolumu?!.

Sevənlər kimi qolumu

Açdım göylərə, göylərə...

 

Sevinc, kədər bir üzündə,

Həddən çoxdu sirr üzündə.

Pislik görüb Yer üzündə,

Qaçdım göylərə, göylərə...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!